|
TƏHSİL
Göz
yaşını dindirmək üçün!
Sənin uğrunda bu yollara düşdük. Ağrılarına ortaq olmaq,
iztirablarını dindirmək, könlünü abad etmək üçün... Bizdən
incimə! "Ləngidik", vaxtında köməyinə çata bilmədik. Amma inan
ki, qəlbimizdə hər an Yaqubun ahu-fəğanını, içimizdə Züleyxanın
eşqü-hicranını bəsləyib böyütdük.
O çinar kimi qamətinin büküldüyünü hər görəndə pərişan tellərin
kimi qəlbim də dağılıb getdi. Boynu bükük və qəmli baxışların
qarşısında neçə dəfə qəddim büküldü, gözlərim doldu. Hər
fəryadıma sənin şərqindən bir nəğmə qatıb dastanını dilə
gətirmək istəsəm də, iniltin içimi yandırıb-yaxdı; dərdin
gözümdə böyüdü, içim çalxalandı...
Həm də sənə əl uzatmağa utanırdım... Əbai-kənaisə (kilsə
ruhaniləri) kimi süni şəfqətimlə qarşına çıxmağa həya etdim.
Çünki sənə, gözümün önündə qıydılar. Zülflərini tarimar edib, bu
hala qoydular. Beynini söndürərkən, ürəyini qursağına yedirərkən,
görmüşdüm bütün olub bitənləri və uzada bilməmişdim günahkar
əllərimi... Sızıltına baxmayaraq, uzada bilməmişdim... Bəxtin
Faustun bəxti, lakin Mefistos kim..? Kim rəva gördü bunları sənə...?
Əmin, etibarlı bir ölkədə idin. İsti bir yuvan vardı. Ruzin
əlinin altında və işin yolunda idi. Sonra bu vəhşətə gəldin və
gəldiyinə min peşman oldun. Lakin gəlməmək əlində deyildi.
Gəldin və ətrafını tamamilə boş görüb halına aşina tapa bilmədin.
Ahu-fəğanını yalnız sən eşidirdin.
Və sənin yanına tələsənlər sadəcə mədənin arzu və istəklərini
tətmin etmək üçün tələsirdilər. Sənin bugünki ürək yaxan
fəryadların, ta o zaman başlamışdı. Ta o zaman tərk edilmişdin.
Həm də "ən sevimli" ikən. Sən, başqalarının kef və əyləncəsi
olaraq əllərdə, qucaqda idin; bir gül kimi sinədə, dodaqda idin.
Lakin sənin üçün görülən işlərdə sənə aid olanını tapmaq mümkün
deyildi. Qəribdin, tənha idin və sahibsizdin...!
Dünənki günün bu günü və bu günün məchul olan gələcəyini
hazırlayır. Yolların ayrımındasan balaca...!
İndi isə mənə icazə ver bu badirədə bahadırın olum. Mizrabımı
sənin üçün vurub, fəryadımı ruhuna duydurum. Bu fırtına və bu
yanğında lazım olduğu an köməyinə gələ bilmədiyim üçün səki daşı
kimi bu günahkar başımı ayaqlarının altına qoyum və bütün
günahkarlar adından səndən üzr istəyim: Bir kef uğrunda
varlığına səbəb olanları, ətinə sümüyünə bağlanıb könlünü
unudanları, bir müvəqqəti dəm üçün əbədiyyətinə qıyanları,
ruhuna qabalıq aşılayıb səfalətini hazırlayanları bağışla,
balaca!..
|