|
|
|
SOSİOLOGİYA
Gözlənilən xilaskar
Yeni insan hər cür xarici təsirlərdən uzaq olacaq, özü öz
ayaqları üzərində dayanacaq.
Bəşəriyyət tarixinin 18-ci əsri özündən, öz mənliyindən
və öz mədəniyyətindən uzaqlaşanların, 19-cu əsr müxtəlif
ideologiyaların arxasınca düşüb fərqli xəyallar quranların,
keçmişinə xor baxanların, 20-ci əsr tamamilə əcnəbiləşənlərin,
öz mənəvi sərvətlərini inkar edənlərin, bütün ümidlərini xaricə
bağlayanların, rəhbərlərini və qurtarıcılarını başqa ölkələrdə
axtaranların çağı olub. 21-ci əsr isə ötən çağların əksinə
olaraq öz mənliyinə, kökünə, mənəvi zənginliyinə, mədəniyyətinə
bağlı olanların və Haqqa inananların, güvənənlərin dövrü olacaq.
Bu baxımdan yeni dövrü intibah əsri adlandıra bilərik.
Bəli, öz nəfsini mühakimə etməyənlərin, əcnəbi fantaziyalar
quranların, yabançı ideologiyaların əsiri olanların arasında
düşünən, mühakimə edən, ağıl qədər təcrübəyə, təcrübə qədər
ağıla, hər ikisi qədər də ilhama və vicdana inanan, güvənən yeni
insanlar dünyaya gələcək. Bu insanlar mükəmməli axtaracaq, həm
dünya, həm də axirət üçün müvazinəli şəkildə çalışacaq, məntiqi
və qəlbi eyni teldən çalacaq.
Təbii ki, bu insanların doğulması asan və rahat olmayacaq. Hər
doğum kimi bu da sancılı və sıxıntılı, ancaq nəticəsi etibarilə
sevincli olacaq. Bütün maneələrə baxmayaraq, bu yeni nəsil
mütləq gələcək, ayüzlü Xızır kimi aramızda var olacaq. Sıxışmış
və üst-üstə minmiş buludların arasından süzülüb gələn rəhmət
kimi, yerin dərinliklərindən suyun fışqırıb çıxdığı kimi, əriyən
qar-buzun arasından boylanan qar çiçəkləri kimi bu insanlar da
ya bu gün, ya da sabah mütləq gələcəklər...
Yeni insan hər cür xarici təsirlərdən uzaq olacaq, özü öz
ayaqları üzərində dayanacaq. O, əsl şəxsiyyətdir: kimsəyə
əyilməyən, əqidəsindən dönməyən, Haqqın yanında olan,
ədalətsizliyə qarşı mübarizə aparan, insanları, hətta yaradılan
bütün canlı-cansız varlıqları onları Yaradandan ötrü sevən
şəxsiyyət... Yəni o, bütün varlığa qarşı sevgiylə doludur,
xüsusilə də insana, insani dəyərlərə qarşı olduqca həssasdır. O,
bütün varlığıyla şəfqətlidir.
Qərbin “müasir standartları”, zahirən cəlbedici, ancaq bayağı
olan mədəniyyəti onlar üçün maraqlı və çəkici deyil. Əksinə,
onlar əllərindən gəldikcə bu gözaldadan “gözəlliklərdən”
uzaqlaşırlar. Yeni insanın istiqamətini heç bir mənəviyyata zidd
ideologiya dəyişdirə bilməz.
Yeni insanın düşüncəsi və iradəsi azaddır, o, sərbəstdir. Onun
azadlığını məhdudlaşdıran nə puldur, nə mülkdür, nə də kimdənsə
asılılıq. O, yalnız və yalnız Haqqa kölədir. Ona görə də o, Haqq
yolunda olmağı, Haqq yolunda yaşamağı, Haqq yolunda ölməyi
həyatının qayəsinə çevirəcək.
O, həm də müasiri olduğu çağın bütün texnoloji imkanlarından
faydalanmağı biləcək. O, dünyagörüşü etibarilə çox zəngin və
hərtərəflidir. O, doymaq bilməyən elm aşiqidir...
Yeni insan indi ya yoldadır, yaxud da qapımızın astanasında.
Bəlkə də, o, indi aramızdadır. Siz necə düşünürsünüz?
|
|
|
|
|