Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: SƏNƏTŞÜNASLIQ ::

Ana Səhifə

Arxiv

 

 
 
 
 
 
 
 
 

 

SƏNƏTŞÜNASLIQ

İnancdan Doğan Estetika: Xəttatlıq

İslam tarixində əhəmiyyətli yerə malik olan xəttatlıq sənəti; yerli, əcnəbi bir çox rəssamın marağına səbəb olmuşdur. Məşhur rəssam Pikasso, bir gün usta bir xəttatın əsəri qarşısında: “Bu həqiqi bir rəsim əsəridir!” demişdir. Böyük rəssamlardan Van Qoqdan soruşulanda ki, “Siz rəsimdə istədiyinizi edə bildinizmi? Ürəyinizdən keçəni rəsimdə dilə gətirəbildinizmi?”, bu suala o, “İzah edə bilmədim.” Cavabını verir. “Bəs bu hansı sənətlə ola bilər?” sualına isə: “Kaliqrafiya ilə (xəttatlıq sənəti) olar” – deyə cavab vermişdir. 

Xəttat Mahmud Bədrəddin Yazır, dostu Macar rəssamın xəttatlıq sənəti ilə bağlı düşüncələrini belə dilə gətirməkdədir: “Birinci Dünya Müharibəsində əsgərlikdə tanış olduğum bir Macar zabit dostum var idi; eyni zamanda rəssam idi. Arada bir İstanbul camilərini, muzey və kitabxanalarını bir yerdə gəzib müxtəlif sənət əsərlərini tədqiq edərdik. Bir gün Sultan Əhməd Camisindəki Mələk Paşazadə Əli Heydər Bəyin “Əlkasibu habibullah” lövhəsinin qabağında durmuşduq. Dostum ona diqqətlə baxdıqdan sonra: “Dostum! Bu sizin yazılarda bir hal var; ilk baxışda sadə bir rəng, həndəsi bir səssizlik görülür, diqqətlə baxdıqda isə hərəkətə gəlir, canlanır, cilvələnir. Öncə dadlı bir baxış, arxasından yavaş yavaş içimə süzülən canlı bir axış, səssiz bir ahəng içində ruhu oyandıran metafizik bir musiqi var. Lakin ondakı ahəngi qulaqlar duymur, daxili aləm dinləyir, dinlədikcə bir başqa aləmə yüksəlir. Baxarkən nə olduğunu başa düşmürəm, içimi içinə çəkən heyranedici bir üzü, bir gözəllik dənizi, sevimli rəqslərlə könlümü azad edən bir hava, və bu anda bir mələk səsi və nəfəsi qədər gizli bir oxşama və sarılma içində qalıram. Sanki o, mən olur; mən də o oluram, sizdə də belə şeylər baç verirmi?”

Əcnəbilərə bu qədər təsir edən, onlarda heyranlıq oyandıran bu gözəl sənətimizi, görəsən biz nə qədər tanıyırıq?

Xəttatlıq, İslam aləmi tərəfindən mənimsənib istifadə edilən, Müsəlmanların əlində həqiqi bir sənət vəsfi qazanmış, Ərəb hərflərinin müxtəlif formalarda yazılması ilə meydana gələn yazı sənətidir.

Dünya tarixində yazının oxuma-yazma vasitəsi olmasının arxasında, yazıya və məkana estetik bir gözəllik qatmaq məqsədilə istifadə edilməsi xəttatlıq sənəti ilə olmuşdur. Xəttatlıq əvvəllər daha çox kitab yazılmasında istifadə edilmişdir. İnsanın daxili dünyasında tərənnüm etdiyi iman, hiss və sezmələrin yüz illər boyunca, incə və zərif bir ifadə ilə mushaflar (Qurani Kərimin başqa adı), ənamlar, cüzlər və daha necə yazma kitabda xətt sənəti ilə formalaşmışdır. Xətt sənəti, daha sonralar memarlıqda istifadə edilməyə başlanmış, mahiyyət, xarakter və şəxsiyyəti ifadə edən vəsfi ilə əsərlərimizi baş tacı etmişdir.

Allahın kəlamına duyulan hörmət və Qurani Mucizul Bəyanı ən gözəl şəkildə yazma cəhdləri xəttatlıq sənətimizi meydana çıxarmışdır. Buna bağlı olaraq təzhib, əbru və cild sənətləri meydana gəlmiş, hətta kağızçılıq, mürəkkəbçilik belə bir sənət qolu halına gəlmişdir.

Qurani Kərim, oxuyub yazmağa böyük əhəmiyyət verməkdədir. Belə ki, Cənabı Haqqın, Quranda insanlara ilk xitabı “Oxu!”dur. Bunun kimi yazı vasitəsi olan qələm də, oxumaq kimi, insanda mütləq olmalıdır deyə bəyan və mədh edilmişdir: “Yaradan Rəbbinin adı ilə oxu! İnsanı bir qan laxtasından yaradan. Oxu! Rəbbin sonsuz kərəm sahibidir. Qələmlə yazmağı öyrədəndir. İnsana bilmədiklərini öyrədəndir.” (Alaq, 1-5)

Bu ayətlərlə Allah (c.c.) oxumağa, yazmağa və onun vasitəsi olan qələmə diqqətimizi çəkməkdədir. Çünki, Allahın birliyi inancını yayacaq olan ən qüvvətli vasitələr bunlardır.

Quranda qələmin əhəmiyyətini vurğulayan “Qələm” adlı bir surə var. Bu surənin ilk ayətində də, “Nun. Qələmə və yazdıqlarına and olsun.” buyrulmaqdadır. Bu surəyə Cənabi Haqqın “Nun” hərfi ilə başlamasında bir çox sirr gizlənməkdədir. Bəziləri bu ayətin işarə etdiyi məna təbəqələrindən birinə görə “Nun” hərfini, forması münasibətilə “mürəkkəb qabı və üstündəki qələm vuruşu”na bənzətmişdir. Ondan sonra Cənabi Haqq, “qələm” və “yazı” üzərinə and etməkdədir. Bildiyimiz kimi and, mühüm və qüdsi şeylər üzərinə edilir. And edilən şeyə diqqət çəkmək, könüllərdəki şübhə və tərəddüdü yox etmək, and edilən şeyin özünə and edilməyə layiq mühüm və müqəddəs bir şey olduğunu bildirmək üçün edilir. Bu etibarla qələm və yazı tarix boyu Müsəlman cəmiyyətlərdə müqəddəs sayılmışdır. Yuxarıdakı iki surədə keçən ayətlər, Quranın gizli yazı yolu ilə qeydə alınması və yayılmasında böyük rol oynamışdır. Hər Müsəlman, Allahın və Hz. Peyğəmbərin (s.ə.s.) sözlərini gözəl bir yazı ilə yazmaq istəyər. Beləliklə, yazıya və qələmə bu gözlə baxan xəttatlar, tarix boyu bu uğurda çox böyük cəhdlərlə möhtəşəm əl yazması əsərlər meydana gətirmişlər. Xüsusilə Osmanlıda xətt sənətinə marağın böyük olması “Quran Məkkədə nazil oldu, Qahirədə oxundu, İstanbulda yazıldı” deyiminə gətirib çıxartmışdır.

“Bir əsərə hörmətsizlik, sahibinə hörmətsizlikdir” anlayışını mənimsəyən Müsəlmanlar, yazıya və yazılmış əsərlərə dəyər vermişlər. Hətta mürəkkəbə, kağıza, qələmə və qələm qırıntılarına qarşı belə hörmətsizliyi dini həssaslıqlarının əleyhinə olduğunu düşünmüşlər. Bu düşüncə ilə xəttatlar, qələm qırıntısını zibilliyə atmamışlar, əksinə saxlamışlar. Dəstəmazsız qələm tutmaz və yazılı bir kağızı ayaq altında qoymazdılar.

Bizim İslamiyyətlə şərəfləndiyimiz X əsrdə hüsnü xətt, İslam aləminin bir qismində müstəqil bir sənət halına gəlmişdi. Səlcuqlu xətt sənəti, digər İslam dövlətlərindəki səviyyəyə çatmışdı. Xəttatlığın Osmanlıda da yayılmasından sonra, xəttatlıq fərqli bir gözəlliyə tabe olmuşdur. Xəttatlıqda öz estetikası ilə seçilən xəttatlardan bəziləri bunlardır; Şeyx Həmdullah, Hafiz Osman, Məhmət Əsəd Yəsari, Abdulfəttah, Nəcməddin Oxyay və s. Bu adları çoxaltmaq olar, sevindirici bir nöqtə isə budur ki, dövrümüzdə bu sənətə böyük maraq var və davam etməkdədir.

Xətt sənətində hərflər rəsm edilməsi baxımından müxtəlif formalara salınaraq çeşidləndirilmişdir. Bunlar Kufi yazısı, Sülüs yazısı, Nəsih yazı, Muhaqqaq yazı, Reyhanl yazı, Tevki yazı, Riq-a yazı, Siyaqat yazı, Taliq yazı, Divani yazı və Tuğra yazısıdır. Bu yazı çeşidləri xəttatlıqda ən çox yayılanlardandır. Bu çeşidlər daha çox qələmlərin quruluşu, istifadə sahələrinə görə çoxalmışdır.

Hüsnü xəttdəki bu zənginlik, təbiətdə var olan çeşidlilik və ahəngi ifadə etmə cəhdi kimi də adlandırıla bilər. Çünki, Allah, isimlərinin təcəlligahı olan kainatı yaradarkən, sənətlərini də ən gözəl formada o aləm içində var etməkdədir. Yəni kainatdakı ən gözəl, ən möhtəşəm sənət, Uca Yaradıcının yaratmadakı sənətidir. Xəttatlıq sənətində insanın sənət anlayışındakı incəliklər və ruhani zövqləri bütün dərinlikləri ilə tətbiq edilmiş, meydana gələn əsərlərdə həm yazı gözəlliyinə, həm də ifadələrin məna gözəlliyinə diqqət edilmişdir. Beləliklə, yazı və söz çox zərif bir sənətdə bütünləşmişdir. Göz, kainatla bütünləşməyə çalışan sənəti tamaşa edərkən, sənətli yazıların ifadə etdiyi mənalar, insan zehnində və ürəyində yeni üfüqlər açmışdır. Tarix boyu xəttatlarımız, aləmdəki bu zəriflik və lətafəti, qismən də olsa xətt sənətindəki müxtəlifliklə yazı dilinə köçürtməyə çalışmışlar, dövrümüzdə də bu çalışmalar davam etməkdədir.

 

 

 

 

     

© 2005 Bütün Haqları Qorunur - Akademiya.Net