Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: SƏNƏTŞÜNASLIQ ::

Ana Səhifə

Arxiv

 

 
 
 
 

 

SƏNƏTŞÜNASLIQ

TELEVİZİYA İNFORMASİYA PROQRAMLARININ SOSİAL-İCTİMAİ XÜSUSİYYƏTLƏRİ

Elçin Əlibəyli

Sənətşünaslıq namizədi

Dünyanın kütləvi informasiyanın birbaşa əsirinə çevrildiyi qloballaşma dönəmində televiziya xəbərlər xidmətinin cəmiyyətdə siyasi, psixoloji və sosial yerini müəyyən etməklə, onun vacibliyini və fəal həyatda iştirak imkanlarını daha da artırır. Cəmiyyətin həyatından fəal iştrak televiziyada verilən xəbərlər fərdlərin, ayrı-ayrı qrupların təsəvvürünü biçimləndirməklə bərabər, onun həyat tərzini müəyyən edir və dünyagörüşünün zənginləşməsində iştirak edir. Televiziya kanallarının çoxluğu və rəqabət meydanın yarandığı, informasiya proqramlarının da sayının həddən artıq olduğu bir vaxtda seyrçi baxacağını seçmək imkanı qazanır. Bu zaman xəbərlərin hansı meyarlarla seçilməsi məsələsi gündəmə gəlir ki, bu da televiziyanın ictimai şüurda yerini və reytinqini müəyyən edir. Q. Lassuellanın düsturuna əsasən hansı telekanalın xəbərlər buraxılışının rəğbətlə qarşılanmasını təyin etmək olar. «Kim dedi--hansı kanalla-kimə-hansı effektlə» düsturu xəbərin fərd və ya sosial qrup tərəfindən qəbul olunma dərəcəsini müəyyən edir. «Kim dedi» xəbəri verənin mənbənin mötəbərliyi və söyləyən jurnalistin cəmiyyətdə yeri; «nə dedi» məlumatın özü və onun mümkün açılışı, deyiliş tərzi; «hansı kanalla» xəbəri verən kanalın cəmiyyətdə qazandığı etibarı, inamı və yeri əsasında ölçülür; «kimə dedi» informasiyanı almaq və onun əsasında rəy yaradacaq qruplardan hansına ünvanlanması nəzərdə tutulur (burada informasiya istehlakçılarının üç növü nəzərdə tutulur); «hansı effektlə» ünvanlanmış sosial qrupun qavrama və bunun əsasında rəy yaratma səviyyəsinə təsir nəzərdə tutulur (intellektual cəhətdən daha çox inkişaf etmiş insana təsir etmək cəhdi digərlərinə baxdıqda çətindir və s).

Tamaşaçı xəbərlər proqramını seçdikdə bu düstur əsasında hərəkət edir. Xəbərin etibarlılığı, qərəzsizliyi telekanalın indiyədək cəmiyyətdə qazandığı nüfuzdan irəli gəlir. İnam və etibar amili ilə yanaşı xəbərlər proqramının seçimində operativlik və əhatəlilik də mühüm yer tutur. Daha çevik video məlumatı verən xəbərlər buraxılışı digərlərini geridə qoyaraq reytinqdə birincilik qazanacağı real reytinq cədvəllərini analiz edərək gəlinən nəticədir. Bu xüsusi fövqəladə hadisələr vaxtı özünü daha qabarıq göstərərək xəbər buraxılşları arasında informasiya uğurunda savaşı kəskinləşdirir.

Gündəlik həyatda heç də hər gün belə hadisələr baş vermir və bu günlərdə tamaşaçının xəbər alma ehtyacının mövcudluğu onu kanallara baş vuraraq maraqlı gələni seçməklə başa çatır. «Telejurnalistlər buna alışmalıdrlar ki, xəbərlərin özü də təkcə rəqabətə davamlı keyfiyyətlər tələb edən səviyyədə olmaqla bərabər (yeniliyi, operativliyi, orijinallığı və s olan), həm də əlvan «bağlamalı», «yarlıqlı» reklama aid biçim əlamətləri olan əmtəədir» (В.Цвик, Я.Назарова. «Телевизионные новости России». Москва,2002) Burada telekanalların xəbərlər buraxılışlarının yaradıcı təqdimatından bəhs edilir ki, bu da əslində kifayət qədər böyük zəhmət tələb edən və bir neçə sənətin toplumu nəticəsində meydana gələn prosesdir. Yalnız informasiya cəhətdən zəngin və onların sıralanması düzgün qurulan, eyni zamanda bədii estetik cəhətdən, tamaşaçının zövqünü oxşayacaq bir tərzdə təqdim olunan, görüntü plastikasının əlvanlğı və gözəlliyi, montaj işinin yaradıcı müstəvidə qurulması, keçidlərin, arakəsmələrin bədii estetik yükü, aparıcının televiziyanın ifadə vasitələrindən məharətlə istifadə edərək nitq əlvanlığı, gözəllik yaradan, diqqəti cəlb edən və deyilən fikri qüvvətləndirən jestikuliyasiya və mimikanın dəqiq icrası, səsin ifadəliyiyi, xoş avaz və etibarlıq, inam gətirən davranış və digər başqa istər bədii estetik, istərsə də tempo-dinamika gətirən komponentlərin fəal iştirak etməsi xəbərlər buraxılışını digərlərindən fərqləndirər, tamaşaçı inamını, rəğbətini qazanmaqla sosial həyatda və hər bir insanın məişətindən özünün yeri və yükü ilə fəal çıxış edə bilər. Xəbərlər buraxılışı özünün sosial əhəmiyyəti və siyasi-ictimai mahiyyəti ilə bütün digər proqramlardan fərqləndiyindən ona olan tamaşaçı münasibəti də fərqli müstəvidən qurulur. Burada jurnalist fəaliyyətində olan siyasi-sosial məsuliyyət anlayışı ilə bütövlükdə xəbərləri hazırlayan qrupun mənəvi məsuliyyəti bütöv üzvi bir tərzdə bağlanmalıdı. Çünki xəbərlərdə səslənən hər fikrin, göstərilən təsvirin böyük çəkisi və cəmiyyətin sosial-siyasi həyatında öz başlıca rolu var, deyilən fikir müxtəlif kataklizmaları çaxnaşmaları və kütləvi psixozu, xaosu, yaxud da fərdlərin nikbin əhvalla köklənməsinə şərait yarada bilər.

İnformasiya proqramlarının forma xüsusiyyətləri onun çatdırılmasını daha qüvvətli edir. Buradan belə bir nəticə çıxır ki, televiziyanın informasiya funksiyasının cəmiyyətdə əhəmiyyətli yeri və informasiya proqramlarının televiziyanın həyatında aparıcı mövqeyi sosial qrupların və fərdlərin davranışı siyasi təfəkkürünü müəyyən etməkdə aparıcı rol oynadığından burada yaradıcı məsuliyyət və bədii cəhətdən təqdim etmə, sənətkarlıq məsələləri başlıca yeri alır, verilişin reytinqdə yer almasını real edir. Bu xəbərlər proqramlarının yaradıcı heyətinin fəaliyyətində mövcud konsepsiya əsasında yaradıcı fəndlərin, yeniliklərin axtarışların tətbiqindən başlamış, ən adi peşəkarlıq tələblərinin icrası, televiziya yaradıçılıq qaydalarının əməl olunmasına qədər böyük yolu özündə cəmləşdirir.

İnformasiyanın məzmun etibarı ilə hansı sahəni əhatə etməsindən asılı olmayaraq onun ötürülməsində etibarı və tamaşaçı inamını qazanmaq üçün rəsmiçilik vacib olduğu qədər də, onun bədii rəngarəngliyini təmin edən cəhətlər də əhəmiyyətlidir. Bir çox halda jurnalistlər öz peşə fəaliyyətlərinə aludə olub xəbərin məzmunu və etibarlığını çatdırmaqla işlərini bitmiş sanırlar. Lakin televiziya audiovizual informasiyanı yetirir və burada başlıca amil görüntü, onun düzgün, bədii cəhətdən əsaslanmış, peşəkar tələblərə uyğun çatdırılması böyük əhəmiyyət kəsb edir. Bir Kanalın «Xəbərçi» proqramında Vergilər Nazirliyinin vergi tariflərinin endirilməsi ilə bağlı süjetdə müxbir aramsız vergi tarifləri, onların faiz və rəqəmlə nisbətini, azalmanı və sairəni tamaşaçıya çatdırmağa çalışır. Görüntüdə isə Vergilər Nazirliyinin binası fasaddan, sol böyürdən, sonra nazirliyin ad lövhələri, pul sayan maşın və bir də nazirlik binası önündə olan bağ təsvirləri dönə-dönə, süjet boyunca müxbirin kadrarxası mətni başa çatana qədər verildi. Xəbərin vizual həlli tapılmadığından həmin anda televizor tamaşaçı üçün radio ilə eyniləşmiş oldu və audiovizual effekt aradan qalxdı ki, bu da televiziya kanalı üçün yolverilməzdir. Süjetdə hər deyilən informasiya görüntüdən çıxış etməli və ya sözü görüntü tamamlamalıdı. Əks halda yaran uyğunsuzluq və ya yuxarıdakı hal kimi uyuşmazlıq televiziya vizuallığını dağıtmış olur. Haqqında danışılan idarə binasının ünvan planın göstərilməsi tanışlıq və ümumi rəy yaranması üçün olduqca lazımlı bir kadrdır, lakin heç də bütün süjet bu kadrdan ibarət olmamalıdır.

Televiziya xəbərlərində daxil olmuş informasiyanın (şifahi) görüntüsü olmadıqda burada arxiv materiallarından istifadə etmək olar, bir şərtlə ki kadrda bu materialların arxiv olduğunu göstərən yazı qeyd olunsun. Başqa hallarda- informasiyanın buraxılışdan bir neçə dəqiqə əvvəl daxil olması və ya hər hansı bir rəsmi xronika ilə bağlı olması vəziyyətində onun aparıcı tərəfindən şifahi təqdimatı yolveriləndi. Hazırda bir çox kanallarda bu vəziyyətlər də televiziyanın radio qəbuledicisinə bənzəməməsi üçün formalar tapılıb tətbiq olunub. Bu studiyadakı monitorda fotonun və ya tematikaya aid olan hər hansı bir şəklin yerləşdirilməsi, dəyişdirilməsi ilə tempi saxlamaq, görüntülülük əlamətini qorumaq məqsədi daşıyır. Digər anaoloji vəziyyətlərdə xəbərlərdə auidovizuallığın biri-birini tamamlanmamasına misallar gətirməklə bu problemin çağdaş Azərbaycan teleməkanında özünün bütün ciddiliyi ilə durduğu nəticəsinə gəlmək olar. Burada başlıca amil kimi Azərbaycanda müstəqil televiziyaçılıq fəaliyyəti və informasiya işinin yeni qurulması, bu sahədə peşəkarların yetərincə olmaması çıxış edə bilər. Lakin heç bir halda bunlar televiziyalar üçün əsas olmamalı və Azərbaycan tamaşaçısına formaca bəsit xəbərlər buraxılışının verilməsi ilə nəticələnməməlidir. Çünki hər bir telekanala tabeçiliyindən asılı olmayaraq ictimai öhdəlikləri layiqincə, peşəkarlıqla yerinə yetirməlidir.

Rus televiziya nəzəriyyəçisi R.Boreski hər bir xəbərin, informasiyanın dörd tələbi yerinə yetirməsi barədə irəli sürdüyü fikirdə birinci yeri düzgünlük, ikinci yeri yenilik, üçüncü yeri əhatəlilik, dördüncü yeri aktuallıq tutur. (R.А. Борецкий. Телевизионная программа. Москва, 1967) Bu tələblər və onların sıralanma ardıcıllığı verilən məlumatın yükünü artıraraq informasiya funksiyasının yerinə yetirilməsini daha effektiv edir. Məhz bu qaydalara əməl edən xəbər efirə çıxmalı və tamaşaçıya çatdırılmalıdır.

Evert Denisin «Mass-mediaya dair söhbətlər» kitabında xəbərlərin təyin olunmasında irəli sürdüyü meyarlar xəbərvermə işində olduqca vacibdir. Onun fikrincə informasiyada bu cəhətlərdən biri olmalıdır: konfliktlilik-yəni informasiya gərginlik və təəccüb yaratmalıdır; fəlakət- məğlubiyyət, dağıntı; hər hansı bir vacib hadisənin inkişafı- qələbə, naliyyət; hər hansı bir hadisənin nəticələri- onun cəmiyyətə təsir dərəcəsi; məhşur adam- həyatındakı hadisə ümumi maraq yaradacaq insan haqqında xəbər; yenilikçilik- nəysə qeyri-adi, hətta fövqaladə; güclü insan marağı- qabarıq emosional fon; ərazi yaxınlığı-yerli problemlər.

Azərbaycan teleməkanında mövcud olan informasiya proqramlarını təhlil edincə onların bir çoxunun bu meyarlara əməl etdiyinin şahidi olacağıq, lakin bir çox hallarda bu meyarların arxa plana keçməsi informasiya proqramları maraqsız və baxımsız edir, onu digərləri ilə rəqabətdə geri qalmasına gətirib çıxarır ki, bu da kanalın ümumi reytinqinə təsir edir.

Azərbaycan Dövlət Televiziyası (AzTV) xəbərlərini tamam başqa və daha çox köhnə sovet kütləvi informasiya və təbliğat vasitələrinin qarşısında qoyulan iş prinsipi və metodu ilə işləməkdə davam etməsi rəsmi kanalın «Xəbərlər» proqramının reytinqini aşağı salır ki, nəticədə tamaşaçılar digər xəbərlər buraxılışlarına üstünlük verirlər. Digər ölkələrin dövlət televiziyası təcrübəsinə baxdıqda (Rusiya-RTR, Türkiyə-TRT, Britaniya BBC, İtaliya RAİ və s.) xəbərlər buraxılışının qüsurlu cəhətlərini aydınlıqla sezmək olar. Lakin özəl televiziya kanallarında qeyd olunan meyarlarla iş prinsipinin qurulması ləng də olsa aparılır.

İnformasiya proqramları mövzu və çoğrafi genişliklə, hadisənin operativ işıqlandırılması, əhatəli informasiya, süjet və reportajların maraqlı, orijinal olması, videomaterialın verilməsində yenilikçiliyi, bədii həllin olması və onun təkrarsızlığı ilə yüksək peşəkar tələblərə cavab verə bilər. İnformasiya proqramını zəiflədən cəhətlər uzunçuluq, bədii solğunluq, görüntü azlığı, dar əhatəli olması, həmçinin material qıtlığı, informasiyanın çox çeşidli olmaması, süjetlərdə sözçülük, bədii həldə oxşarlıq kimi cəhətlərdir ki, burada jurnalistika və informasiya siyasətinin qurulması ilə yanaşı onun yaradıcı problemləri də vacib yer alır.

İnformasiya funksiyasını icra edən informativ verilişlərdə informasiya anlayışı ilə yanaşı jurnalist fəaliyyəti və yaradıcılığı məsələsi də durur ki, bu da kifayət qədər vacib, olduqca mühüm amildir. Jurnalistikanın prinsipləri və informasiya proqramlarının quruluşu ilə bağlı mülahizələr jurnalistikanın araşdırma predmeti olduğundan bu məsələyə toxunmadan yaradıcı tərəfin araşdırmasını aparaq.

Rejissorun informativ verilişin görüntü həllində üzərinə düşən sosial vəzifə, peşə etikası, tərəfsizlik, kanalın yaradıcı siyasətinə zidd olmayan addımlardan imtina etməkdir. Bir çox halda reportajı hazırlayan şəxs hadisələrin içərisində kifayət qədər olmaqla emosionallaşır və çəkilənlər onun üçün adiləşir. Bu halda bütün çəkilənlərin efirə verilməsinin qarşısını almaq üçün rejissor psixoloji təsir, kütləvi psixoz kimi hallarının meydana gəlməməsi üçün daha diqqətli olmalı hər kadrı ölçüb-biçərək efirə verməlidir. Qan, ölüm, fəlakət kimi kadrların çoxlu sayda verilməsi tamaşaçı üçün güclü emosional təsir yarada bilər ki, bu da televiziyanın üzərinə götürdüyü öhdəliklərə ziddir. Bir müddət öncə televiziyalarda tamaşaçılar arasında eksklüzivlik, operativlik imici yaratmaq üçün bir çox efirə buraxılması məqsədəuyğun olmayan kadrların verilməsi vacib iş sayılırdı. Lakin tədricən psixoloqların, sosioloqların, televiziyaya ictimai və dövlət nəzarətini həyata keçirən orqanların fəal müdaxiləsindən sonra bu cür hallar aradan qalxmağa başladı. Məsələn 2001-ci ilin 11 sentyabr hadisələrini işıqlandıran dünya kanallarından heç biri minlərlə insanın ölümünə səbəb olmuş iki nəhəng binanın dağıntıları altınldan çıxarılan cəsədləri göstərməməklə peşə humanistliyi etmişlər ki, bu təqdirə layiq addım kimi dəyərləndirilməlidir. İ.Petrovskaya Rusiya xəbər məkanında yaranan bu ənənə barədə yazırdı: «Xəbər-onların peşəsidir. Reytinq-Tanrılarıdır. Rəqabət- sövqedici əsasdır. Eksklüziv-reportyor fəaliyyətinin mənasıdır. Lakin insan ölümü yaradıcı rəqabət, ölümün təfərrüatı «eksklüziv» üçün əsas ola bilməz. Həyat-ən qiymətsiz eksklüzivdir» (В.Цвик, Я.Назарова. «Телевизионные новости России». Москва,2002). Burada  icrası vacib və lazımlı olan həqiqət aydınlığı ilə göstərilir. Həqiqətən də kiminsə faciəsini bütün tərəfləri ilə göstərməklə əslində uğura yox, tamaşaçı qəzəbinə düçar olmaq olar.

Həmçinin ictimai, sosial və siyasi xəbərlərin görüntü həlli zamanı rejissorun tərəfsizliyi, qərəsizliyi olduqca vacib və peşə üçün əhəmiyyətli məsələdir.

Rejissor studiyada işləyərkən kameraların plan seçiminə diqqətlə yanaşmalı və planlardan lazımi halda keçməsini həyata keçirməlidir. Bir çox hallarda xəbərlərdə ümumi və orta plan seçilir ki, bu da verilişin xarakterindən irəli gələir. Lakin informasiya janrlarına aid digər verilişdə iri plandan isifadə olunduğun planların keçidi mövzu-söhbət məntiqinə uyğun olmasına nəzarət etməlidir. Danışan adamın üz ifadələrinin, mimikasının, jestlərinin görünməsi verilişin dinamikasını artırmaqla, onu maraqlı edir. Rejissor bu cəhətləri düzgün tutmalı və keçidləri vaxtında, gərəkliyə uyğun, həmçinin balanslaşdırılmış vaxt ölçüləri ilə həyata keçirməlidir.

Belə nəticəyə gəlindi ki, televiziyada xəbər buraxılışları özünün ictimai-sosial məsuliyyətini anlayaraq peşə etik kodeksinə əməl etməklə bərabər, tamaşaçı üçün önəmli olan biçim, görüntü axtarışlarını da bir dayandırmamaqla estetik görünüşə diqqət yetirməlidir. İkinci cəhət xəbərçilər tərəfindən unudulduqda ekran cansıxıcı xəbər buraxılışları deyilən informasiyanın etibarlılığına da şübhələr yaradır. Xəbər buraxılışında rejissor yeri və onun hər bir süjetin montajından tutmuş, aparıcının davranışına, keçidlər, dekorasiyalar, musiqi tərtibatına qədər bütün vacib məsələlərin həllində iştirak etməlidir. Xəbər buraxılışının sosial-ictimai siması kimi yaradıcı xüsusiyyətləri də olmalıdır.

 

 

 Çap Versiyası

 

 

 

     

© 2005-2006 Bütün Haqları Qorunur - Akademiya.Net