|
Sahabələrin Həyatı
MUSAB BİN UMEYR (R.A.)
Əshabı Kiramın böyüklərindən
idi,
künyəsi Əba Muhamməddir. Məkkənin zəngin ailələrindən idi,
yaraşıqlı və gözəl geyinən bir gənc idi. Ana və atası onun üstündə
əsərdi. Xüsusilə, Məkkənin ən varlılarından sayılan anası, oğluna
gözəl paltarlar geyindirər və gözəl qoxular sürtərdi. Məkkəlilər
də onu heyranlıqla seyr edərdilər. Bir dəfəsində Hz. Peyğəmbər (sav)
də onun haqqında belə buyurmuşdu: “Məkkədə Musab bin Umeyrdən
gözəl geyinən, daha yaraşıqlı və nemətlər içində üzən başqa bir
gənc görmədim”
(İbn Sa'd, et-Tabakâtü'l-Kübrâ, Beyrut 1960, III, 116).
Musab Məkkədə dövrün şərtlərinə görə zənginlik və ehtişam içində
yaşayarkən, Hz. Peyğəmbərin (sav) insanları İslama dəvət etdiyini
öyrəndi. Çox vaxt keçirmədən Hz. Peyğəmbərə gedib iman edib
müsəlman oldu. O vaxtlar Məkkəlilər, müsəlmanlara təzyiq etdiyinə
görə, Hz. Musab müsəlman olduğunu ailəsindən gizləmək
məcburiyyətində qalmışdı. Ancaq o, Peyğəmbərimizi gizli-gizli
ziyarət etməyə davam edirdi. Bir gün Osman bin Talha, Musabın
namaz qıldığını görüb bunu anası ilə qohumlarına bildirdi. Buna
görə də qohumları onu tutub bir yerə həbs etdilər. Məkkənin bu
nazlı və zəngin gənci üçün artıq əziyyətli çətin günlər başlamışdı.
Həbəşistana hicrət edən ilk qrupa daxil olana qədər həbsdə qalan
Hz. Musab, hicrət imkanı olan kimi dinini rahat yaşaya bilmək üçün
Həbəşistana hicrət etdi. Həbəşistandan qayıtdıqda Hz. Musabın
vəziyyəti tamamilə dəyişmişdi. Bu nazlı dəliqanlının əvəzinə qəlbi
İslam və imanla dolu iradəsi güclü qüvvətli, mətin bir gənc
gəlmişdi. Anası ondakı bu qərarlılıq və mətanəti gördükdə, ona
təzyiqini yüngülləşdirmək məcburiyyətində qaldı.
Bu vaxt Birinci Əqabə biəti olmuş və Mədinəlilərdən bir qrup
İslamı qəbul etmişdi. Onlara İslamı başa salmaq və digərlərinə də
təbliğ etmək üçün Rəsulullahdan bir öyrədici istədilər. Hz.
Peyğəmbər (sav) bu önəmli vəzifəni Hz. Musab b. Umeyrə verdi. Hz.
Musab onlara həm namaz qıldıracaq, həm Quran öyrədəcək, həm də
digər insanlara İslamı başa salacaq və yeni insanları İslama dəvət
edəcəkdi.
Beləliklə Mədinəyə ilk hicrət edən sahabə Musab b. Umeyr oldu.
Mədinədə ilk cümə namazını da Musab b. Umeyrin qıldırdığı
qaynaqlarda ifadə edilir (İbn Sad, III, 118).
Bir ildən sonra Məkkəyə həcc mövsümündə yanında yetmiş nəfərlə
gələn Musab b. Umeyr, Hz. Peyğəmbərə (sav) İslamın Mədinədəki
sürətlə yayılmasının muştuluğunu verərkən belə demişdi: “İslamın
girmədiyi və danışılmadığı ev qalmadı.” Başqa Hz. Muhamməd (sav)
olmaqla bütün müsəlmanlar bu xəbərə çox sevindilər. Oğlunun
Məkkəyə qayıtdığını eşidən anası onu yenidən həbs etmək istədi.
Ancaq Musab bütün bunlara qarşı yetkin bir müsəlman kimi davrandı
və anasını fikrindən daşındırdı. Onun anasını İslama dəvəti
nəticəsiz olduğu kimi anası da Musabı yolundan qaytara bilməmişdi.
Hz. Peyğəmbərin (sav) yanında iki aya qədər qalan Musab b. Umeyr,
hicrətdən on iki gün əvvəl Mədinəyə çatdı. Hz. Peyğəmbər (sav) onu
Sad b. Ebi Vaqqas (r.a) və Əbu Əyyub əl-Ənsari (r.a) ilə qardaş
elan etmişdi (İbn Sad, III, 120).
Bədir savaşında muhacirlərin bayrağı onun əlində idi.
“Rəsulullahın bayraqdarı” adı ilə məşhurlaşmışdı. Uhud savaşında
da bayraq yenə onun əlində idi. Savaş əsnasında müsəlmanların
gerilədiyini görən Musab b. Umeyr, atını sağa sola sürür və yüksək
səslə bu ayəti oxuyurdu: “Muhamməd ancaq bir peyğəmbərdir. Ondan
əvvəl bir çox peyğəmbərlər gəlmişdi” (Ali İmran, 3/144). Bu ayətin
Uhud gününə qədər nazil olmadığı və o gün gəldiyi rəvayəti, Hz.
Musabın Allah qatındakı dəyərini ifadə edir (İbn Sad, III, 120,
121). Uhud müharibəsində İslam ordusunun bayrağını daşıyan Musab
b. Umeyrin əvvəlcə sağ qolu kəsildi. Dərhal bayrağı sol əlinə
götürərək savaşa davam etdi. Ancaq ardından sol qolu da kəsildi.
Bu dəfə vücudu ilə bayrağa sarıldı və yuxarıdakı ayəti oxumağa
davam etdi. Axırda müşriklərin bir mizraq zərbəsi ilə şəhid oldu.
Bayrağı dərhal Suveybit b. Sad və Əbur-Rum b. Umeyr adlı sahabələr
götürdülər.
Uhud savaşında Əshabı kiramın böyüklərindən bir çox insan şəhid
oldu. Hz. Musab b. Umeyr də şəhidlər arasında idi. Hz. Peyğəmbərin
(sav) nə qədər kədərli olduğu üzündən oxunurdu. Musabın mübarək
nəşinin başucunda oturaraq, Uhud şəhidləri haqqında nazil olduğu
bildirilən bu ayətləri oxudu: “Möminlərdən elə ər insanlar var ki,
Allaha verdikləri sözdə sədaqət göstərdilər. Kimisi nəzirini ödədi
şəhid oldu. Kimisi də (şəhid olmağı) gözləyir. Onlar verdikləri
sözü əsla dəyişdirmədilər” (Azhab 33/23). Sonra Hz. Peyğəmbər
digər sahabələrə, şəhidlərə yaxınlaşıb salam vermələrini söylədi
və verilən salamların şəhidlərin tərəfindən alınacağını ifadə etdi
(İbn Sad, III, 121).
Hz. Musab şəhid olanda qırx yaşlarında idi. Bir zamanlar zənginlik
və rahatlıq içində yaşayan bu dəyərli insanı kəfənləmək üçün bir
örtü də tapılmamışdı. Hz. Peyğəmbər yanına gəldikdə, Musab b.
Umeyr köhnə bir xirqənin içində saçları dağılmış, vücudu isə
qılınc və mizraq zərbələri ilə dağıdılmış bir vəziyyətdə yatırdı.
Hz. Peyğəmbər kədərli bir halda bunları söylədi: “Səni Məkkədə
görəndə, səndən daha gözəl geyinən, səndən daha yaraşıqlı heç kim
yox idi. İndi isə kəfən kimi sarılmış xirqədən başın çölə çıxır.”
Sonra onun üçün də bir qəbir açdılar və o mübarək sahabəni də Uhud
şəhidləri arasında dəfn etdilər.
Allah yolunda canını fəda edən bu əziz şəhid sahabə üçün Əshabı
Kiramdan Habbab (r.a) bunları söyləyir: “Biz Hz. Peyğəmbərlə
birlikdə Mədinəyə yalnız Allah rizası üçün hicrət etdik. Artıq
mükafatını Allahdan gözləyərik. Yoldaşlarımız arasında bu
nemətlərdən dadmadan axirətə köçənlər var ki, Musab b. Umeyr
bunlardan biridir. O Uhud günündə şəhid olmuşdu və onu sarımaq
üçün bir kəfən də tapa bilməmişdik. Yalnız şəhidin bir qaftanını
tapıb bu əziz şəhidi ona sarımağa çalışmışdıq. Ancaq başını
örtərkən ayaqları açılır, ayaqlarını örtərkən də başı açılırdı. Bu
yoxsulluq qarşısında Hz. Peyğəmbər bizə şəhidin başını örtməyi və
ayaqlarının üstünə də izhir deyilən otdan qoymağı əmr etdi” (Buxari,
Cənaiz 27; İbn Sad, III, 121).
|