|
XÜSUSİ
RAMAZAN BÖLMƏSİ
RAMAZANDA
QİDALANMAYA FİKİR VERİN

Gözəl günlərə
qovuşmuşuq, çünki bu günlər Ramazan ovqatında, Ramazan
ab-havasındayıq. Səhhəti imkan verənlər, bu müqəddəs günlərdə
bir daha nəfslərini sınayır, orucluğa söykənib sağlamlıqlarını
qoruyurlar. Bəli, orucluğun insan həyatında, insan orqanizmində,
hətta xarakterinin yaxşılığa doğru dəyişməsində çox böyük önəmi
var. Orucluqdan söhbət düşmüşkən, bir neçə kəlmə də bu ay
boyunca qidalanmadan, nəyin ziyanlı, nəyin xeyirli olmasından
bəhs edək:
Ani mədə gərginliyi, təzyiq yüksəlməsi kimi narahatlıqlarla
üzləşmək istəmirsinizsə, iftar və sahurda çox yeməyin. Həddən
artıq yağlı, duzlu və şirin qidalardan uzaq durun. Yanlış
qidalanma Ramazanda sağlamlığınıza ziyan vura bilər. İftar və
sahurda həzmi asan olan və mədə-bağırsaq sistemində uzun müddət
qala bilən lif və selülozla zəngin meyvə-tərəvəzlərdən, ətli və
ya ətsiz çox yağlı olmayan göyərti xörəklərindən, qatıq və
kəpəkli çörəkdən istifadə edin. Qızartma yeməklər yeməyin.
İftara şorba ilə başlamaq, bağırsaq problemi olanların isə
şorbalarına kəpəkli çörək əlavə etmələri məsləhətdir.
Məlumdur ki, oruc tutduqda nəinki mədə, bütünlüklə orqanizm
tullantılardan təmizlənərək bir ay dincəlir. Boş qalan mədəni
birdən-birə yeməklə yüklədikdə mədə gərginliyinə gətirib
çıxarır. Belə narahatlıqların baş verməməsi üçün iftardan sonra
az-az, fasilələrlə yemək və yeyilən qidanı yaxşıca çeynəmək
lazımdır. Bundan başqa, iftarla sahur arasında ən azı 1,5 litr
su içilməlidir.
Qeyd edək ki, sahura qalxmadan oruc tutmaq orqanizm üçün ən ağır
zərbədir. Belə vəziyyətdə baş ağrısı, halsızlıq kimi
narahatlıqlar meydana çıxır. Sahurda bol maye qəbul edilməsi və
meyvə yeyilməsi orqanizm üçün çox faydalıdır. Oruc tutduqda
zəifləməmək üçün mütləq sahura qalxmaq vacibdir...
Qaynaq:
-
zaman.com.az
|