|
PSİXOLOGİYA
TENQİD PSİXOLOGİYASI
Hər
şeyi tənqid edən bir nəfər bir rəsmi də tənqid edirmiş. Yanındakı:
“Sən heç bu qədər gözəl bir əsər meydana gətirdinmi?” soruşduqda,
“Dostum, mən yumurtlamağı bilmirəm, amma bir yumurtanın sağlam
yoxsa çürük olduğunu yaxşı bilirəm” - deyə cavab verir.
Kiminsə tənqid etdiyinin və ya kiminsə tənqid edildiyinin tez-tez
şahidi oluruq. Görəsən insanlar niyə tənqid edir? Tənqid etməyin
arxasındakı psixologiya nədir? Tənqidin faydalari varmı? Müsbət
tənqid necə edilir? Tənqidin insan psixologiyasına təsirləri
nələrdir?
Tənqid – şifahi, yazılı və ya feli ola bilər. Lüğət mənası ilə
tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış,
əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir.
Tənqidin əxlaqi cəhətdən yaxşı və ya pis dəyərləndirilməsi; kimə,
nə vaxt, hansı dərəcədə, hansı məqsədlə və hansı niyyətlə
edildiyindən asılıdır. Bu baxımdan tənqid, müsbət tənqid (faydalı
olan) və mənfi tənqid (zərər verən) olaraq iki yerə bölünür.
Tənqidin təsiri də yuxarıdakı söylədiyimiz xüsusiyyətlərə görə
fərqli ola bilər.
İnsan nə üçün tənqid edir?
Fərdi və ictimai həyatın daha da yaxşılaşması üçün xətaların fərq
edilib lazımi qaydada ifadə edilməsi yararlıdır. Ancaq bu ifadə
formasının insana və ətfarına zərər verməməsi, ifadələrin müsbət
niyyətli olması vacibdir. Bu formada edilən müsbət tənqidlərdə
səhvləri düzəltmə mülahizəsi vardır. Ailə və cəmiyyətdə mənfi
tənqidə bağlananlar getdikcə hər şeydə bir əskiklik axtararlar. Bu
şəkildə tənqidin bir alışqanlıq kimi edilməsi müşahidə olunur.
Zərərli tənqidin arxasında hissi və nəfsi mülahizələr yata bilər.
Rəqabət və qısqanclıq da insanı davamlı tənqidə aparar. Bu durumda
tənqidə mövzu olan xüsusiyyəti düzəltmə və həll etmə qayəsi
olmadığı üçün iki tərəf də bundan zərər çəkər. Qısaca, “üzüm yemək
yerinə bağbanı döymək” üçün danışmaq olmaz. Dəyərləndirmələrdə
səmimi olmaq, hissi və nəfsi mülahizələri tərk etmək vacib
faktordur. Beləliklə, zərərli tənqidin qarşısını almış olarıq.
Zərərli tənqid ictimai bir xəstəlik halına çevrilə bilər. Məsələn,
KİV-də məşhur olan insanlar belə bəzən duyğularına məğlub olaraq
zərərli tənqid edirlər. Televiziyalardakı bəzi müzakirə
proqramlarındakı insanlar tənqiddən çox qarşı tərəfə maddi-mənəvi
zərər verməyə çalışırlar. Qarşıdakı insan nə deyirsə desin onu
dediklərini tənqid etməyə çalışırlar, bu da şəxsi mənfəətin
qorunması məqsədini daşıyır. Beləliklə, mənlik və ənaniyyətin
mənfi tənqidi artırdığının şahidi oluruq.
Tənqidçinin psixologiyası
Mənfi tənqidlərdə empatiya çatışmazlığı mövcuddur. Qarşıdakı
insanın vəziyyəti nəzərə alınmır. Lazımi qədər empatiya qura bilən
insanlarda mənfi tənqid çox az olar. Mənfiliyə fokuslanan və
ümidsiz insanlarda çatışmayan cəhəti tapma həvəsi daha çoxdur.
Hamının və hər hadisənin əskik və yanlışlıqları onlara təsir edir.
Bikef və distimik (uzun müddətli kefsizlik halı) insanlarda iradi
və ya qeyri-iradi ümidsizlik tənqidi çoxaldar. Bu vəziyyətdə
insanlar içində olduqları durumu hiss etməyə bilərlər. Ətrafındakı
insanlar bunu fərq etməli və belə insanlara kömək etməlidir.
Məsələn, ümidsiz bir uşaq oynadığı yoldaşlarının ona qarşı olan
normal münasibətini qəsd kimi dəyərləndirə bilər, beləliklə onları
tənqid edər və sevilmədiyini düşünər. Bu durumda onu yaxından
tanıyan insanlar onunla maraqlanmalıdır. Çox mükəmməlçi
insanlarda, özünü və başqalarını davamlı dəyərləndirmə, xətaları
tapıb meydana çıxararaq hər şeyin xətasız olmasını istəmə hərəkəti
müşahidə edilir. Mükəmməlçi insanlar ətrafındakıların xətalarını
taparaq stressin artmasına səbəb olarlar. Məsələn, mükəmməlçi bir
ana, uşağının dörd almasını qəbul etməz, həmişə beş almasını
istəyər. Bu isə uşaqda stressin artmasına, müvəffəqiyyətinin
azalmasına gətirib çıxara bilər. Ən mükəmməli istəmək və gözləmək
bəzi gözəlliklərin sönməsinə səbəb ola bilər.
Tənqidçinin şüur altında “Mən daha yaxşı bilirəm, daha yaxşı
edərəm” kimi bir düşüncəsi ola bilər. Bu düşüncə ilə insanların və
ya hər hansı bir hadisənin səhv tərəflərini tapar. Buna istinadən
qarşıdakı insandan daha yaxşı bildiyini özünə görə isbat etmiş
olar. Beləliklə, ənaniyyətin artmasına səbəb olar. Bu cür tənqid
getdikcə daha da mənfi mahiyyətə çevrilər.
Bəziləri isə xətalarını qeyri-iradi olaraq örtmək üçün tənqid
edər. Xüsusilə iş yerlərində bu daha çox yayılmışdır. Başqaları
tənqid edildikdə və ya əskik tərəfləri tapıldıqda, tənqidçi,
yerinin möhkəmləndiyini zənn edər, xətalarının örtüldüyünü
düşünər. Ailədə də səhvlərin başqalarına yüklənməsi fərdin öz
səhvini düzəltməsinə mane olar və ailə daxili münasibətlərin
zədələnməsinə yol açar. Davamlı hər şeyi və hər kəsi mənfi
dəyərləndirən insanlar, özlərini stresə yuvarladıqları kimi
ətraflarına da neqativ enerji yaydıqları üçün yalnız qalarlar.
Tənqid edilənin psixologiyası
Söylənən hər sözün qarşı tərəfdə bir əksi yaranır. Bu əks müsbət
və ya mənfi ola bilər. Dəyərləndirməmişdən əvvəl nəyi nə üçün
tənqid etdiyimizi və bunun nəticəsində kimin nə qədər
faydalanacağını hesablamalıyıq. Söylədiklərimizlə sadəcə qarşı
tərəfə mesaj verməklə kifayətlənməyib, o insanın qısa, orta və
uzun müddətdəki davranışlarına da təsir etdiyimizi unutmamalıyıq.
Müsbət üslubu saxlaya bilmədiyimiz dəyərləndirmədə qarşı tərəfə
zərər verə bilərik.
Tənqid daha çox tənqid ediləndə stresə çevrilər, bu da insanların
bir-birlərindən uzaqlaşmasına səbəb olar. Hər şeyi zərərli şəkildə
tənqid edən insanların ailədə də tək olduqları hiss olunur. Heç
kim ona öz dərdini danışmaq istəməz, çünki həmişə mənfi
dəyərləndirməkdədir. Tənqid ilə birlikdə həmsöhbətdə incimə və
xaric edilmə duyğusu yarana bilər. Bir insana davamlı əskik
tərəflərini söylədikdə o insanın özü haqqında fikri mənfi
istiqamətdə dəyişər. Özünü bacarıqsız hiss edər. Narahatçılığı
artar. Narahatçılıq və stresi artan insanların da xətaları
çoxalar.
Tənqid ilə həmsöhbətin ya cəsarətinin azalaraq passivləşməsinə və
yaxud daha da hiddətlənməsinə səbəb oluna bilər. Davamlı tənqid
edilən insanlarda tənqid edilmə qorxusu ilə cəsarətsizlik baş
verər. Tənqid edilən insan tənqid edənə hirsləndikdə aradakı
dialoq pozular.
Bir insanın və ya şeyin bir çox gözəl cəhətləri olduğu halda,
yalnız səhv tərəflərini aşkarlamaq haqlılıq və ədalətə münasib
deyil. Tənqid edilən insanın gözəl tərəflərinin görülməməsi onun
gözəl yanlarının azalması deməkdir. Bir bağçada onlarla gözəl
çiçək olduğu halda sadəcə bir neçə yabanı ota ilişib qalmaq o
çiçəklərin azalmasına səbəb olar. Davamlı tənqid edilən insanın
kefsizləşməsi və özünə qapanması qaçınılmazdır.
Müsbət tənqid necə olur?
Bir mövzunu və insana dəyərləndirərkən niyyətimiz və seçdiyimiz
üslub çox vacibdir. Qarşı tərəfin tənqidimizdən istifadə etməsində
ən vacib ünsür niyyətimizdir. Davranışlarımız və mövzuya
yanaşmamızla niyyətimizin yaxşı olduğunu hiss etdirməliyik.
Həmsöhbətin bizə qarşı çıxış etməsindən ehtiyat etməliyik. Tənqid
yumşaq formada edilməlidir. Beləliklə də müsbət davranmış olarıq.
Qarşı tərəfin dediklərimizi qəbul etməsi və görüşlərimizdən
istifadə etməsi üçün zəmin hazırlamış olarıq. Niyyətimizin və
üslubumuzun yaxşı olmadığı təqdirdə, həm bizdən uzaqlaşmasına, həm
də görüşlərimizi qəbul etməməsinə səbəb olarıq.
Dəyərləndirdiyimiz şeyin anlayışımıza görə əskik və səhv tərəfləri
varsa, subyektiv tənqid etmiş olarıq. Meyar və standartlara görə
dəyərləndirmişiksə, deməli obyektiv tənqid etmişik. Buna belə
misal vermək olar. Tənqidə başlayanda “məncə, mənə görə, mənim
anlayışıma görə” kimi ifadələr qarşı tərəfin qəbul etməməsinə
səbəb ola bilər. Bunun əvəzinə isə obyektiv ifadələr işlətsək,
“bir kitaba görə, bir böyük alimin dediyinə” şəklində ifadələr
faydalı nəticə verə bilər.
Müdürlərimizin və ya təcrübə və biliyi çox olan insanların tənqidi
müsbət qəbul edilər. Çünki bu insanların fikrini bildirməsi ilə
qarşı tərəfin yaxşılığı, faydası və müsbətliliyi təmin olunur. Bir
çox insan bu insanlardan qəbul etdiyi tənqidlərlə özünü yetişdirər
və əskikliklərini azaltmağa çalışar. Tənqiddəki qayəmiz qarşıdakı
insanın xətasını düzəltmək olsa da, o xətanın yerləşməsinə gətirib
çıxara bilər. Bir insana səhv söyləməkdənsə, ona necə olmalıdır
onu söyləməliyik. Əgər qarşıdakı insan xətalarının söylənməsinə
vərdiş edibsə, bu insanları tez-tez tənqid etmək düzgün deyil. Bu
cür insanlara xətalarını söylədikcə xətaların yerləşməsi meydana
gələ bilər. Bunun əvəzinə, bu insanların müsbət cəhətlərin önə
çıxarıb əskik tərəflərinə işarə etmək daha faydalıdır. Məhəmməd
Peyğəmbər (səs) insanların xətalarını adını çəkmədən düzəltməyə
çalışmışdır. Şəxslərin xətalarının ön plana qoyulması, adı
çəkilərək danışılması, şəxsin psixologiyasına görə uyğun olmaya
bilər. Bu mövzuda Peyğəmbərimiz (səs) bizə rəhbərdir.
Uşaqlarda olan münasibətlərdə onların yaxşı tərəflərini önə çəkmək
vacibdir. Məsələn, sinifdə bir sual soruşdunuz. Şagirdlərdən biri
cavab verdi, ancaq cavab səhvdir. Bu durumda səhvə işarə etmədən
şagirdin müsbət tərəflərini, cavabındakı bilgi hissələrindən
istifadə edərək ona kömək etməliyik. Bundan sonra cavabın səhv
olduğunu ifadə etmək olar. Onda şagird inciməz və sonrakı
suallarda cavab vermə cəsarətini itirməz.
Komanda kimi işləyənlərin öz yoldaşlarını tənqiddən qaçmalıdır.
Tənqid edən şəxs başqalarının tənqidə başlamasına qapı açar;
dedi-qodu və qeybətin artmasına səbəb olar. Bununla da birlikdə
çalışma ruhu zədələnər. İnsanlar davamlı bir-birlərinin səhvlərini
görməyə başlayar. Qardaşlıq və yoldaşlıq zərərə uğrayar.
Nəticə
Müsbət tənqidin faydalarına müqabil mənfi tənqidin zərərləri
vardır.
Hər şeyi tənqid edənlər özlərini də nəfis mühasibəsinə tabe
tutmurlarsa, bu vəziyyət onların xətalarını düzəltmələrinə maneə
təşkil edər. Həmişə başqalarını tənqid edənlər öz xətaları
mövzusunda da o qədər həssas olmalıdırlar.
Tənqid vərdişi dedi-qodu və qeybəti özü ilə birlikdə gətirər. Bu
səbəblə tənqidə başlayan şəxs bir müddət sonra qeybətə yaxalana
bilər.
Gözəli təqdir etmək hər zaman təşviq edici bir davranışdır.
“Gözəl görən gözəl düşünər, gözəl düşünən həyatından ləzzət alar”
ifadəsi bizim üçün gözəl örnəkdir. Həyata baxışımız bu cür
olarsa, həm qəlb qırmamış, həm də müsbət davranmış olarıq.
Qaynaq
-
Sızıntı Jurnalı, Türkiyə
|