|
Peyğəmbərimizin (SƏS) Həyatından
RACİ HADİSƏSİ
Hicrətin dördüncü ili (M., 625-626-cı illər)
Raci hadisəsi
Uhud döyüşündən sonra müşriklər cəsarətlənmiş, Mədinədəki
müsəlmanların isə e'tibarı sarsılmışdı. Belə bir şəraitdə
Peyğəmbərimiz (səs) bir tərəfdən geniş müdafiə tədbirləri görür,
digər tərəfdən də İslamın yayılması üçün işi davam etdirirdi. Bu
məqsədlə də müsəlmanlığı qəbul edib Qur'an-i Kərimi öyrənmək
istəyən qəbilələrə mürşidlər göndərirdi.
Bu
ərəfədə Adal və Karə qəbilələrindən bir hey'ət Mədinəyə gələrək
qövmləri arasında İslamı qəbul edənlərin olduğunu Peyğəmbərimizə
(səs) söylədilər və Ondan bu adamlara İslamın əsaslarını öyrədəcək
müəllimlər istədilər. Peyğəmbərimiz (səs) onların səmimiyyətinə
inanaraq Asım b. Sabitin başçılığı altında on nəfərlik bir irşad
hey'əti göndərdi.
Məkkə ilə Usfan arasında yerləşən Raci quyusu yaxınlığında Hüzeyl
qəbiləsindən olan 200 nəfərlik bir dəstə onlara hücum etdi.
Qeyri-bərabər döyüşdə müsəlmanlardan 8 nəfəri şəhid oldu, iki
nəfər - Zeyd b. Dəsinə və Hübeyb b. Ədiyy isə əsir düşdülər.
Hüzeylilər onları Məkkəyə aparıb satdılar.
Zeydi Bədirdə atası öldürülən Səffan b. Ümeyyə aldı, e’dam
mərasimi dü-zəltdi və bu səhnəni seyr etmək üçün bütün məkkəliləri
bu mərasimə də'vət etdi. Bu vaxt Əbu Süfyan Zeydə yaxınlaşıb ona
belə bir sualla müraciət etdi:
-
Doğrusunu de, həyatının xilas edilməsi üçün sənin yerinə
Məhəmmədin öldürülməsini istəməzdinmi?
Zeyd tərəddüd etmədən belə cavab verdi:
-
Əsla! Rəsulullahın (səs) həyatı ilə müqayisədə mənimki bir heçdir.
Mənim qurtulmam üçün nəinki onun öldürülməsini, heç Mədinədə
ayağına bir tikan batmasına da razı olmaram. Bu imanın qüvvəti
qarşısında Əbu Süfyan e‘tiraf etməkdən özünü saxlaya bilmədi:
-
Gerçək olan budur ki, Məhəmməd qədər heç kəs yoldaşları tərəfindən
sevilməmişdir.
Zeyd e'dam edildi. Digər əsir Hübeyb isə Uhudda atası öldürülən
Harisin qızı tərəfindən satın alınmışdı. E'damdan əvvəl Hübeyb
icazə alıb iki rikət namaz qıldı, sonra üzünü cəlladlara çevirib
belə dedi:
-
“Ölümün qorxusundan vaxtı uzadır,"-deməyəsiniz deyə namazımı
qısaltdım, indi buyurun, əlinizdən gələni əsirgəməyin.
O
zamandan bəri müsəlmanlarda e'damdan əvvəl namaz qılmaq bir adət
oldu. Bu cəsur və əxlaq qəhrəmanı olan səhabə "Dinindən dönsən,
səni azad edərik,"-deyə ona təklif edənlərə belə cavab verdi:
-
Mənim üçün müsəlman kimi öldürülmək dinindən dönməkdən daha
xeyirlidir.
Müşriklər onu asdılar. Imanın zirvəsinə qalxan bu nümunə insanlar
beləcə şəhid edildilər.
Bu
xəbər Mədinəyə çatınca Peyğəmbərimiz (səs) və əshabı son dərəcə
mə'yus oldular. Allah Rəsulu (səs) "Allah layiq olduqları cəzanı
versin!" deyərək caniləri Allaha həvalə etdi.
Maunə quyusu faciəsi (Bi'ri-Maunə)
Nəcid bölgəsində yaşayan Amiroğullarının şeyxi Əbu Bəra, hicrətin
dördüncü ili, Səfər ayında Peyğəmbərimizin (səs) yanına gəldi.
Hədiyyələrlə gələn şeyx müsəlmanlar tərəfin-dən qayda-qanuna uyğun
olaraq nəzakətlə qarşılansa da, Peyğəmbərimiz (səs) onun
hədiyyələrini qəbul etməyib yarızarafat, yarıciddi şəkildə belə
dedi:
-
Əgər müsəlmanlığı qəbul etsən, mən də sənin hədiyyələrini qəbul
edərəm.
Cavabında şeyx Əbu Bərə Peyğəmbərimizə (səs):
-Ey Məhəmməd, sənin vəziyyətini yaxşı görürəm,-dedi,-mən isə hələ
özümü buna hazır görmürəm. Əgər Nəcidə müəllimlər göndərsən, ümid
edirəm xalqım sənin dininə girəcək.
Peyğəmbərimiz (səs) isə, nəcidlilərin göndəriləcək müsəlmanlara
pislik etmələrindən ehtiyat edirdi və bunu gizlətmədi, buna görə
də şübhələrini şeyxə bildirdi. Buna cavab olaraq da Əbu Bəra
göndəriləcək insanları himayəsi altına alacağına, kimsənin onlara
toxunmayacağına söz verdi. Əbu Bəranın tə'minatını nəzərə alan
Peyğəmbərimiz (səs) 70 nəfərlik bir müəllim hey'ətini Nəcidə
göndərdi, Əbu Bəranın qardaşı oğlu Amir b. Tüfeylin adına yazdığı
məktubu da hey’ətə başçı tə'yin etdiyi Münzir b. Amra verdi.
Hey'ətdəkilərin hamısı Suffədə yetişmiş alimlər idi. Yola çıxan
hey'ət Bi'rr-i Maunə deyilən yerə qədər gəldikdə Harəm b. Milxanla
Peyğəmbərimizin (səs) məktubunu Amir b. Tüfeylə göndərdilər. Ancaq
Amir məktubu açmadan onu gətirən Harəmi şəhid etdi, digər
müsəlmanları da öldürmək üçün qəbiləsindən kömək istədi. Əbu
Bəraya hörmətlə yanaşan qəbilə üzvləri Amirin çağırışına "Biz Əbu
Bəranın sözünü ayaq altına sala bilmərik" deyib onun təklifini
rədd etdilər. Vəziyyəti belə görən Amir bu dəfə Suleym
qəbiləsindən Usayyə, Zekvan və Lihyanoğullarına müraciət edib
onlardan kömək aldı və müsəlmanların üzərinə hücum etdi.
Qeyri-bərabər döyüşdə Ka'b bin Zeyddən başqa bütün müsəlmanlar
şəhid oldular.
Bu
hadisə həz. Cəbrayıl (əs) tərəfindən Peyğəmbərimizə (səs)
bildi-rildikdə O, son dərəcə mə'yus oldu, 40 gün sübh vaxtı Usayyə
Zekvan və Lihyanoğullarına qarğış tökdü.
Bu
faciədən qurtulub sağ qalan Ka'b b. Zeyd Mədinəyə dönərkən yolda
nəcidli iki nəfərlə rastlaşdı. Yoldaşlarını pusquya salıb öldürən
qəbilədən olduqlarını öyrənincə onları yuxuya verib hər ikisini
öldürdü. Bunlar isə Peyğəmbərimizdən (səs) onlara toxunulmayacağı
barədə zəmanət almışdılar. Bu hadisədə dinimizə yaraşmayan
hərəkətə yol verildiyindən əxlaqımızın daha bir böyük örnəyi
göstərildi, müsəlmanlar öldürülənlərin ailələrinə qanpulu
ödədilər. Lakin buna baxmayaraq, həmin hadisə Bən'i-Nadir
Qəzvasının da səbəbi oldu.
Bən'i-Nadir qəzvası
Peyğəmbərimiz (səs) Bi'r-i Maunə faciəsindən dönən Ka'b b. Zeyd
tərəfindən səhvən öldürülən iki nəfərin qanpulunu ödəmək üçün on
nəfər əshabı ilə Nadiroğullarını ziyarət etdi. Aralarındakı
Əhdnaməyə görə Mədinə yəhudiləri də qanpulu ödənməsində iştirak
etməli idilər. Onlar üzdə Peyğəmbərimizin (səs) təklifini qəbul
etmiş olsalar da, hiyləyə əl atdılar. "Yaxşı, indi gətirərik"
dedilər və Ondan ayrıldılar.
Peyğəmbərimiz (səs) səhabələrlə birlikdə bir divarın dibində
oturmuşdu. Onlardan ayrılıb gedən yəhudilər öz aralarında
məsləhətləşir, Allah Rəsulundan canlarını qurtarmaq üçün yollar
axtarırdılar. İçlərindən bə'ziləri:
-
Məhəmmədi öldürmək üçün bundan daha əlverişli fürsət əlimizə
düşməyəcəkdir,-dedilər,- divarın dibində oturub bizi gözləyir.
Birimiz dama çıxıb başına yekə bir daş salaq, ölsün.
-
Bu iş mənim buynuma,-deyə onlardan birisi bu cinayəti öz öhdəsinə
götürüb evin damına tərəf yüyürdü.
Canilərin gözünü qan tutmuş, qulaqlarını qısqanclıq və həs'əd
tıxamış, qəlblərini kin və nifrət qaraltmışdı. Ancaq yəhudilərin
qurduğu bu tələ də boşa çıxdı. Onlar haradan biləydilər ki, Allah
Onu qorumağı öz öhdəsinə götürmüşdü? Bunu bilmədikləri, yaxud buna
inanmaq istəmədikləri üçün daim müxtəlif hiylələrə, xəyanətlərə əl
atırdılar. Allah (cc) vəhy yolu ilə bu fitnədən öz Rəsulunu
xəbərdar etdi. Peyğəmbərimiz (səs) dərhal qalxıb Mədinəyə geri
döndü.
Əshabı Peyğəmbərimizin (səs) haraya getdiyini bilmir, onun
tezliklə geri qayıdacağını gözləyirdilər. Lakin Onun gecikdiyini
görcək bərk narahat oldular, axtardılar, nəhayət Onun Mədinəyə
döndüyünü öyrənə bildilər. Tez onun arxasınca Mədinəyə
yollandılar. Peyğəmbərimiz (səs) onlara yəhudilərin qurduğu
hiyləni açıqladı. Bu hərəkətləri ilə yəhudilər Əhdnaməni pozmuş
oldular.
Peyğəmbərimiz (səs) Məhəmməd b. Məsləməni göndərib onlara 10 gün
içində Mədinəni tərk etməyi əmr etdi və xəbərdar etdi ki, bu əmrə
tabe olmasalar, onlara qarşı ölüm cəzası tətbiq ediləcəkdir.
Yəhudilərin əmrə tabe olmaqdan başqa çarələri qalmamışdı. Lakin bu
ərəfədə münafiqlərin başçısı Abdullah b. Səlül onlara xəbər
göndərərək bu tə'limatı verdi: "Mədinədən çıxmayın. Biz sizə kömək
edəcəyik. Kureyzoğulları da köməyə gələcəkdir".
Onun bu və'dinə aldanan Bən'i-Nadir fikrindən daşınsalar da,
yardımın gəlməməsindən də ehtiyat edirdilər. Rəbb'ül-Əvvəl ayının
4-də Peyğəmbərimiz (səs) Nadiroğullar məhəlləsini mühasirəyə aldı.
Nadiroğulları bir illik ərzaq ehtiyatlarına və qalalarının
möhkəmliyinə güvənirdilər. Lakin iki həftəlik mühasirədən sonra
onlar münafiqlərdən heç bir kömək gəlmədiyini görüb təslim oldular
və aman istədilər.
Onlara silahdan başqa ərzaq və mal götürmək şərti ilə Mədinədən
çıxmalarına icazə verildi. Onlardan bir qismi Fələstinə, başqa
qismi isə Xeybərə getdilər. Mədinədən çıxarkən onlar pərtliklərini
gizlətmək üçün mahnı oxuyur, rəqs edir, özlərini şən göstərməyə
çalışırdılar. Onlardan qalan 50 zireh, 50 dəbilqə, 340 ədəd qılınc
və digər əmlak müsəlmanlardan mühacirlər və yoxsullar arasında
bölüşdürüldü. Bu hadisədən sonra müsəlmanların Mədinədə və onun
ətrafında nüfuzu yenidən bərpa edildi.
Hicrətin dördüncü ilində baş verən digər
hadisələr
Müsəlmanlığın Məkkə dövründə hələ içki və qumar qadağan
edilməmişdi. Müsəlmanlar arasında içki içən, qumar oynayanlar da
var idi və Peyğəmbərimiz (səs) bunlara heç nə demirdi.
Içki və qumarın qadağan edilməsi birdən-birə deyil, tədricən oldu.
Içki ilə əlaqədar Qur'an-i Kərimdə dörd Ayə vardır. Bu barədə
Məkkədə enən ilk Ayədə "Xurma və üzüm ağaclarının meyvələrindən
içki düzəldər, gözəl bir ruzi əldə edərsiniz" (Nəhl, 67.)
buyurulmuşdur.
Mədinə dövründə həz. Ömər və Muaz kimi bə'zi səhabələr
Peyğəmbərimizə (səs) müraciət etdilər:
-
Ey Allahın Rəsulu,-dedilər,-içki barəsində bizə bir yol göstər,
çünki, içki insanın ağlını əlindən alır.
Hicrətin dördüncü ilində içki və qumarı ilk dəfə qadağan edən Ayə
enmiş oldu: "Səndən içki və qumar barəsində soruşurlar. De ki,
bunların hər ikisində də böyük bir günah və insanlar üçün bə'zi
zahiri faydaları vardır. Lakin hər ikisində günahı mənfəətindən
daha böyükdür." (Bəqərə, 2/219).
Lakin bu Ayə də içki və qumarı qət'i şəkildə qadağan etmədiyindən
hələ də içki içənlərə rast gəlmək olurdu.
Əbdürrəhman b. Avfin verdiyi bir ziyafətdə qonaqlar içki
içmişdilər. Axşam namazında "Kafirun" Surəsini oxuyarkən namazı
qıldıranın dili topuq çaldığından bə'zi sözləri yanlış tələffüz
etmiş, Ayələrin mə'nası təhrif edilmiş, tamamilə yanlış mə'nalar
ifadə edilmişdi. Bu hadisədən sonra aşağıdaki Ayə nazil oldu: "Ey
iman edənlər! Siz sərxoş ikən nə söylədiyinizi bilənədək namaza
yaxınlaşmayın... " (Nisa, 4/43).
Bir müddət sonra buna bənzər başqa bir hadisə oldu. Ənsardan Malik
b. Itbanın verdiyi qonaqlıqda də'vətlilər içib sərxoş oldular.
Sa'd b. Əbu Vakkas bir şe'r oxuyaraq öz nəslini mədh etdi, ənsarın
xoşuna gəlməyən sözlər dedi. Ənsardan birisi də yediyi dəvə
ətindən qalan sümük parçası ilə Sa'dın başına vurub yardı. Sa'd
Peyğəmbərimizə şikayət etdi. Bu vaxt aşağıdakı Ayə nazil oldu: "Ey
inananlar! Şərab, qumar, səcdə edilən dik daşlar, fal və bəxt
oxları hamısı şeytan işi və pis əməllərdir. Bunlardan uzaq durun
ki, qurtula biləsiniz." "Şeytan içkidə və qumarda ancaq aranıza
düşmanlıq və kin soxmaq, sizi Allahı anmaqdan və namazdan
uzaqlaşdırmaq istər. Artıq bunlardan vaz keçdiniz, deyilmi?"
(Maidə, 5/90-91.).
Beləliklə də Allah (cc) içkini, qumarı, falı, bəxt oxlarını,
bütlərə sitayişi qət'i olaraq qadağan etdi.
Bu
Ayə enən kimi Peyğəmbərimiz (səs) onu carçılar vasitəsilə hamıya
duyurdu. Içki içən, evlərində içki saxlayan bütün müsəlmanlar
tövbə edib içkidən əl çəkdilər və evlərində saxladıqları içkiləri
atdılar. Peyğəmbərimiz (səs)in "Sərxoşedici bütün içkilər
haramdır." "Çoxu sərxoşluq verən içkilərin azsı da haramdır"
sözləri də içkini birdəfəlik qadağan etməkdə mühüm rol oynamış
oldu.
Bu
hadisə bəşəriyyətin əxlaqında mühüm hadisə oldu. İçkinin haram
buyurulması ilə insanların könüllü ağılsızlıq girdabından xilas
olmaq yolu müəyyən edildi. Qumar insanları zəhmətsiz mal, sərvət
toplamaq kimi tüfeyliliyə sürüklədiyi kimi, insanlar arasında
dostluq, yardımlaşma kimi ülvi hissləri məhv edir, yerinə kin,
nifrət, düşmənçilik zəhəri səpir. Bəxt oxları, bütlərə sitayiş isə
Allaha şəkk etməyə, ortaq qoşmağa, insanları İlahi əxlaqdan
uzaqlaşdırmağa qapı açdığından ümumiyyətlə, əxlaqa ağır zərbə
vurur, insanlarda sabaha ümidsizlik, fəaliyyətsizlik hissləri
aşılayır.
Göründüyü kimi, həmin dövrdə mə’nəviyyatımızın qaynağı olan İslam
bir tərəfdən dünyaya yayılır, genişlənir, digər tərəfdən də
insanların müxtəlif imtahanlardan, sınaqlardan keçməsi ilə
addımbaddım kamillik zirvəsinə qaldırırdı.
Çap
Versiyası
|