-

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: PEYĞƏMBƏRİMİZ ::

Ana Səhifə

Arxiv

 
 
 
 
 
 
 
 

 

Peyğəmbərimizin (SƏS) Həyatından

PEYĞƏMBƏRLƏRİN GÖNDƏRİLMƏSİNDƏKİ MƏQSƏD

Peyğəmbərlər Allahın dostları və İlahi əxlaqın təmsilçiləridir.

Peyğəmbərlərin hamısı öz aralarındakı dərəcə fərqi ilə bərabər Cənabi-Haqqın varlığının bir sübutu olub Onun seçkin qullarıdır. Allah (cc) onları özünə məhrəm qəbul etmiş, onları xüsusi tərbiyə etmiş, gələcək vəzifələri üçün yetişdirmiş, onları hər cür nalayiq davranışlardan uzaq saxlamışdır.

Digər dinlərdən fərqli olaraq İslam peyğəmbərlər arasında heç bir fərq qoymur, əksinə, onların hamısına eyni sevgi ilə münasibət göstərməyi əmr edir. Onların arasında yalnız son peyğəmbər, İki Cahan Sərvəri, Peyğəmbərlər Sultanı həz. Məhəmməd (səs) fərqləndirilir. Çünki O, bildiyiniz kimi, digər peyğəmbərlər kimi ayrı-ayrı millətlərə deyil, bütün bəşəriyyətə göndərilən Elçidir.

Bütün nəbilər kimi onların ən seçkini, peyğəmbərlər silsiləsinin sonuncusu həz. Məhəmmədin (səs) gözləri Rəbbindən başqasını görməmişdir. Heç nə, heç kim Onun Rəbbinə dikilən baxışlarını bulandıra bilməmiş, Nəzərlərini Ondan başqa səmtə çevirə bilməmişdir. O, gözünü açarkən Rəbbini görmüş, qapayarkən də yenə Onu görmüş, “Allahım! Rəfiq-i Alini (ən ali, yüksək dostu) istəyirəm” demişdir. Həz. Aişə anamızdan rəvayət edilən aşağıdakı hədis də bunu göstərir: “Allah Rəsulu bəzən xəstələnəndə yanıma gələr və mənə “dua et” deyərdi. Mən də əlimlə Onun Mübarək əlindən tutar və o əlinin bərəkəti ilə şəfa tapmasını umaraq əlimi başına qoyar və dua edərdim. Son dəfə xəstələnəndə də eyni məqsədlə əlindən tutmaq istədiyimdə əlini cəld geri çəkdi və “Allahım! Rəfiq-i Alini istəyirəm!” deyə dua etdi.”

Allah Rəsulu artıq yer üzərindəki dostlarını deyil, Həqiqi Dost olan Rəbbini arzulayır və bir başqa aləmdə Ona qovuşmaq istəyirdi.

Peyğəmbərlərin göndərilməsinin məqsədləri.

Görəsən dünyaya gəlişi və həyatdan gedişi arasında ömür adlanan bir zaman dilimini yaşayan peyğəmbərlərin, xüsusilə də Peyğəmbərimizin (səs) dünyaya göndərilməsində hansı məqsədlər olmuşdur?

Peyğəmbərlik müəssisəsinin əsl mahiyyətini anlamaqda çox mühüm olan bu sual əsasən iki ana xəttə görə daha çox əhəmiyyət kəsb edir:

Birincisi:

-  onları adi insanlar kimi düşünməmək;

-  peyğəmbərlik müəssisəsinin uca və əlçatmaz bir mövqe olduğunu dərk etmək;

- əgər bu məsləyə fərqli, yaxud şübhə ilə yanaşanlar vardırsa, onlara da tutarlı cavablar hazırlamaq.

İkincisi:

-İlahi əxlaqa yiyələnmək üçün günümüzdə peyğəmbərliyə aid vəzifəni təmsil etməkdə onlara necə bir yol və sistem tətbiq etmək lazım gəldiyini göstərmək.

Məsələyə hansı tərəfdən yanaşırıqsa yanaşaq, mövzunun əhəmiyyəti zərrə qədər də olsun azalmayacaqdır. Ona görə biz də sıralamaya əhəmiyyət vermədən mövzunu açıqlamağa çalışacağıq.

Qulluq.

Peyğəmbərlərin göndərilişinin ilkin, ana məqsədi, insanın yaradılış məqsədi ilə eyni nöqtədə birləşirlər – hər ikisində məqsəd Allaha qulluqdur.

Cənab-i Haqq Qur’an-i Kərimdə “Mən cinləri və insanları ancaq çənə qulluq etsinlər deyə yaratdım” (Zəriyyət, 56) buyuraraq məhz buna işarə etmişdir. Deməli, insanın yaradılmasının qayəsi bu Ayənin işığında aydın görünməkdədir: Allahı (cc) bilmək, tanımaq və Ona layiqincə qulluq etməkdir.

Allaha qul olmanın mahiyyəti. Allahın qulu olmaq tarix kitablarında izah edilən Roma, Yunan və digər quldarlıq dövlətlərindəki haqsız, hüquqsuz, heyvan yerinə belə qoyulmayan insanların öz ağalarına qulluğu kimi başa düşülməməlidir. Əksinə, Allahın qulu olmaq, Onun əmrlərini ən layiqli şəkildə icra etməkdir.

“Qulluq etmək” bizim hər gün rast gədiyimiz termindir. Birisi “mən filan müəssisədə qulluq edirəm” deyərkən, həmin adamın harada işləməsini, nə iş görməsini, hansı idarə, müəssisə, təşkilatın daha da irəliləməsi üçün çalışdığını ifadə edir. Əgər insan çalışdığı, qulluq etdiyi müəssisənin, yaxud idarənin, onun rəhbərinin tələb etdiyi kimi işlədikdə təqdir və mükafata layiq gırüldüyü kimi, qayda-qanunu pozduğu, onlara əməl etmədiyi zaman cəzalandırılacağı hamımıza gün kimi aydındır. Belə bir kobud müqayisə ilə biz Allah qulluq etməyin də mahiyyətcə eyni, məsuliyyətcə çox-çox yüksək olduğunu başa düşərik. Allah bizi yaratmışdır ki, Ona qulluq edək, başqa sözlə, Onun əmr etdiyi kimi yaşayaq. Bir övladın valideynləri qarşısında, bir işçinin öz müdiri qarşısında qulluq etməsindən qat-qat yüksək şüurla Allaha necə qulluq etməyi əyani şəkildə Onun göndərdiyi peyğəmbərlərdən öyrənmiş oluruq.

Belə qulluğun ən gözəl nümunəsi də peyğəmbərlər, xüsusilə də İki Cahan Sərvəridir (səs). Bu məsələdə həz. Məhəmmədin (səs) yeri bambaşqadır. O, bütün aləmlərə rəhmət olaraq göndərilmişdir. O, Allahın (cc) ən mükəmməl əxlaqını insanlara tanıtmaqla, insanlar arasında sevgi, məhəbbət çiçəkləri əkmişdir. Onun gətirdiyi din dünyanın sonunadək yaşayacaqdır.

Bəli, Allaha qul olmaq Ona qulluq etməkdir, yoxsa yemək, içmək, mal və mülk qazanma, yalnız dünya malı olan ev-eşik sahibi olmaq deyildir. Doğrudur, bunlar hamısı insanda olmalıdır, onlarsız insanın yaşaması mümkün deyildir, lakin yaradılmağımızın qayəsi də deyildir. Bax, peyğəmbərlər bizə bu sirli yolu göstərmək üçün gəlmişlər. “Ənbiya” surəsinin 25-ci ayəsində Allah (cc) məhz bizə bunu xatırladır: “Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona “Məndən başqa İlah yoxdur; o halda Mənə qulluq edin” deyə vəhy etmiş olmayaq”.

Deməli, peyğəmbərlərin göndəriliş qayələrinin başında insanlara örnək olmaq, onlara yaşam tərzini, əxlaqlı olmağın yolunu göstərmək durur.

Təbliğ.

Peyğəmbərlərin göndəriliş qayələrindən biri də dini təbliğ etməkdir. Əgər onlar göndərilməsəydilər, biz əxlaqa, qulluğa aid Qur’an-i Kərimdə əmr edilən əmrləri, həyat tərzlərini, əxlaqa dair bir çox məsələləri bilməz, onların əsl mahiyyətini heç vaxt anlamaz və vəzifələrimizi qavraya bilməzdik. Namaz, oruc, hacc, zəkat nə üçündür? İçki, qumar, zina, ehtikarlıq, faiz kimi haramların məsulliyəti nədir? Bütün bunların əsl məna və mahiyyətini insanlar məhz peyğəmbərlərdən öyrənmişlər. Axı onlar elə insanları öyrətmək, onlara müəllimlik etmək üçün seçilmiş, peyğəmbərlik vəzifəsi ilə şərəfləndirilmişlər! Buna görə də peyğəmbərlərin bu vəzifəsinə - Allahdan əmrləri, yasaqları alıb ilk növbədə özlərinin bu əxlaqı yaşamaları, onları öz həyat tərzlərinə, özlərinin xasiyyətinə çevirərək insanlara çatdırmağa risalət vəzifəsi deyilir.

Risalət vəzifəsi bütün peyğəmbərlərə aiddir, onlar hamısı ana məsələlərdə eyni xəbərlərə gəlmiş və bu əmr və yasaqlarda kiçik təfərrüat fərqləri olsa da, hamısı eyni şeyləri söyləmişlər. Bu barədə Qur’an-i Kərimdə Allah (cc) belə buyurur: “Onlar (peyğəmbərlər) ki, Allahın göndərdiklərini təbliğ edərlər, Ondan qorxarlar və Allahdan başqa heç kimsədən qorxmazlar. Hesab görən olaraq Allah yetər.” (Əhzab, 39)

Qulluq vəzifəsi ilə əlaqədar isə Peyğəmbərimizə xitabən belə buyurmuşdur: “Ey Rəsul! Rəbbindən sənə endiriləni təbliğ et! Əgər bunu etməsən, Onun elçiliyi vəzifəsini icra etməmiş olarsan. Allah səni insanlardan qoruyacaqdır. Doğrusu Allah kafir olan camaatı hidayətə çatdırmaz.” (Maidə, 67)

Bu Ayədən anlaşılan budur: əgər sən vəzifəni lazımınca icra etməsən, sənin göndəriliş qayəndə, belə bir vəzifədə, yəni risalət vəzifəsində nöqsana yol vermiş olarsan ki, bu da yalnız sənin fərdi həyatınla bağlı bir məsələ deyildir, bəlkə bütün insanların fərdi və ictimai həyatlarına təsir edən bir məsələdir. Çünki, sənin vəzifən bütün insanlığı aydınlatmaqdır. Əgər bu vəzifəndə azacıq da olsa ləngimə, qüsur olarsa, bütün insanlıq zülmət içərisində qalacaqdır.

Allah Rəsulu (səs) öz vəzifəsini tam şəkildə idrak edirdi. İdrak etməsəydi, elə bir vəzifə ilə göndərilməsi də mümkün olmazdı. Allah Rəsulu (səs) təbliğə o qədər həssas idi ki, Allahı insanlara tanıtmaq yolundan onu heç kəs və heç nə durdura bilmir, bir an da olsun diqqətini bundan başqa işə yayındıra bilmirdi. Siyər fənnini keçdikcə, siz Allah Rəsulunun həyatını daha dərindən öyrənəcək və görəcəksiniz ki, onu bu yoldan nə təqiblər, nə təhqirlər, nə də ölüm qorxusu geri dödərə bilməmişdir. Məkkədə də belə olmuşdu, Taifdə də, Mədinəyə hicrət edəndə də. Ən çətin, ən çıxılmaz anlarda belə heç kəsə kobud söz deməz, kimsəyə qarğış tökməz, gülər üzlə, təmkinlə Allahı tanıtmağa davam edərdi. Hətta, əvvəlki dərsdə də öyrəndiyiniz kimi, məruz qaldığı hədələrə, təhqirlərə, hücumlara görə Ona məsləhət verəndə ki,  Allaha müraciət edib bu ədəbsizliyi törədənləri cəzalandırsın, O, yenə də əllərini açıb “Allahım, sən onları bağışla, onlar bilmirlər” deyə dua edərdi.

Gözəl örnək.

Peyğəmbərlərin göndərilməsindəki qayələrdən biri də onların insanlara gözəl əxlaqın örnəyi olmalarından ibarətdir. Allah (cc) Qur’an-i Kərimdə: “Beləliklə, onlar Allahın hidayət etdiyi kimsələrdir. Sən də onların yoluna uy.” (Ənam, 90) buyurur.

Burad diqqət cəlb edən bir də budur ki, peyğəmbərimizə qədər yaşamış peyğəmbərlərin bir qisminin adları dalbadal çəkildikdən sonra Peyğəmbərlər Sultanına da onlara uyması əmr edilmişdir. Bizlərə isə Qur’an-i Kərim belə müraciət edir: “And olsun ki, sizə Allahı və Axirət gününü umanlar Allah Rəsulunda gözəl bir örnək vardır.” (Əhzab, 21)

Ayədən çıxan nəticə peyğəmbərlərin bizlər üçün lider, örnək olmasıdır. Hər kəs öz həyat tərzini müəyyən edərkən Allah Rəsulunun (səs) həyat tərzini örnək qəbul etməlidir. BU, bizə Allah (cc) tərəfindən əmr edilmişdir.

İslamın ilk dövrlərində yaşadıqları çağı idrak edənlər bütün həyatlarını anbaan Allah Rəsuluna görə, unun əxlaqına, davranışlarına görə qurmuşlar. Buna görə də, həm onlar, həm də onlardan sonra gələnlər İki Cahan Sərvərinin dilində çox yüksək bir ifadə ilə anılma bəxtiyarlığına nail olmuşdular. Allah Rəsulu belə buyurur:

“Elə bir zaman gələcəkdir ki, insanlardan bir qrupu döyüşə hazırlaşacaqlar və onlardan soruşacaqlar:

- İçərinizdə Rəsulullahı görən varmı?

Suala “bəli” deyə cavab verəcəklər. Məhz buna görə  Allah onlara fəth qismət edəcəkdir.

Bir müddət keçəndən sonra onlardan bir qrupu yenə hərb üçün hazırlıq görəcəklər. Bu vaxt onlardan yenə soruşacaqlar:

- İçərinizdə Rəsulullaha səhabəlik edənləri görənlərlə yoldaşlıq edənlər vardırmı?

- Bəli, vardır, - deyəcəklər. Onlara da fəth qismət olacaqdır.

Daha sonra insanlardan digər bir qrup döyüşə çıxarkən sual verəcək, onlardan da “bəli” cavabı alınarkən onlara da fəth kimi böyük mükafatın qismət olacağı bildiriləcəkdir.

Sonra insanlardan bir başqa qrup hərbə hazırlananda yenə də onlardan soruşacaqlar.

Onlardan da müsbət cavab gələcəkdir:

- Bəli, vardır.

Bu zaman qala qapıları açılacaq və onlara da fəth müəssər olacaqdır.”

Allah Rəsulunun bu sözlərdə nəzərə çatdırmaq istədiyi hikmət budur: əgər bir cəmiyyət içərisində İlahi əxlaqı təmsil edənlər vardırsa, Allah onları mütləq qalibiyyətə çatdıracaqdır. Bu, təkcə Allah Rəsulunun müasirləri olan səhabələrə deyil, səhabələri görən tabiinə, tabiini görən təbə-tabiinə də, başqa sözlə, Allah Rəsulunun tabe olduğu əxlaqı davam etdirən  hər kəsə və hər topluma aiddir.

İstər səhabələr, istər tabiin, istərsə də təbə-tabiin İlahi əxlaqın təcəssümü və təmsilçisi olan Allah Rəsuluna (səs) qarşı çox həssas idilər. Həz. İsa (əs) özündən çox-çox əsr sonra gələcək bu insanlara işarə ilə deyirdi: “Müqəddəslərin bayraqları onların əllərindədir.”

İndi ki, Allah Rəsulunu görənlər, səhabələri görən tabiinlər və tabiinləri görən təb-tabiinlər hələ əsrlər əvvəl bu xəbərlə müjdələnmişdilər, deməli Rəsulullahın böyüklüyü təsəvvür edilə bilməyəcək miqyasda böyük bir əxlaqa sahib olması bizə də aydın olar. Bu baxımdan, varlığın sonunadək bu əxlaq insanlıq üçün nümunə olaraq qalacaqdır, çünki Allah Rəsulu (səs) İlahi əxlaqın örnəyi idi.

Maddi və mənəvi müvazinətin təmin edilməsi.

Peyğəmbərlər maddi və mənəvi müvazinəti, tarazlığı təmin etmək üçün vəzifələndirilmişdilər. Onların gətirdiyi müvazinət ilə insan oğlu ifrat təfritdən (həddindən artıq ifrata varmaq, ya da məsələyə lazimi əhəmiyyət vermədən onun mahiyyətini kiçik görmək) qurtulacaq və ən düzgün istiqaməti tapacaqdır. Bəli, nə rahiblər kimi tərki-dünyalığa qapılıp monastırlara çəkiləcək, nə də hər şeyi ilə dünyaya aludə olub dünya malına qul-kölə olacaqdır. İnsan daim orta yolu tutacaq, bu yolla yaşayacaqdır. Belə bir yol yalnız İlahi vəhyin gətirdiyi işıqda görünür. Yoxsa, nə ağılla, nə vicdanla belə bir müvazinət əldə edilə bilməz. Heç bir elmi nəticə də əsla bu səviyyəyə yüksələ bilməz. Qur’an-i Kərim bu müvazinəti belə başa salır: “Allahın sənə verdikləri ilə axirət yurdunun arxasına düş, dünyadan da nəsibini unutma! Allahın sənə necə ehsan edirsə, sən də o cür ehsanda ol; yer üzündə fəsat arxasına düşmə. Şübhəsiz ki, Allah pozğunçuları sevməz.” (Kəsas, 77)

Bu İlahi tərəzinin bir gözündə “Rəbbinin nemətlərini həmişə izah et, başa sal” (Duha, 11) həqiqəti, o biri gözündə də “sonra, and olsun ki, o gün bütün nemətlərdən sorğu-sual ediləcəksiniz” (Təkasür, 8) Ayəsinin düz yola yönəldici ifadəsi ilə izahı vardır. Bax, müvazinət bu ölçülərlə təmin ediləcəkdir.

Etiraz qapısını qapatmaq.

Peyğəmbərlərin gəliş qayələrindən biri də insanların axirətdə Cənab-i Haqqa qarşı hər hansı bir etiraza haqlarının qarşısını almaqdır. Aşağıdakı ayədə bu xüsusiyyət belə ifadə edilir: “Müjdələyici və çəkindirici olaraq peyğəmbərlər göndərdik ki, insanların peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanələri olmasın. Allah Əzizdir, Hakimdir.” (Nisa, 165)

Peyğəmbərlərdən başqa hansı lider olursa olsun, kütlələrdə daimi inanc aşılamağa nail ola bilməmişlər. Onlar bir müddət insanları öz ideologiyalarına inandırmış olsalar da, sözləri və təklifləri, irəli sürdükləri nəzəriyyələr İlahi qaynaqdan qidalanmadıqlarından bir müddət davam etmiş, zaman keçən kimi payı zxəzəli kimi tökülmüş, sovrulub heç olmuşlar.

Halbuki, peyğəmbərlərin lideriyi belə deyildir. Bunda əvvəldə söylədiyimiz kimi, onlar Allah (cc) tərəfindən xüsusi seçilmiş insanladır. Hələ ana bətnindəykən peyğəmbər idilər. Yaşayışları bir musiqi, söhbətləri bir şer kimi dadlı və məftunedici idi. Onlar anışarkən bütün varlıqlar onlara diqqət kəsilər, onları dinləyər, heç doymazdılar. Onların gəlişi ilə nə qədər hadisələr dəyişmiş, könüllər onlara tabe olmuşdur. Kainatın pozulmaz qanunları belə bəzən onların istəyi ilə öz məcrasını dəyişmişdir.

Bu baxımdan bizlər Allah Rəsulundan öncə dünyaya gəlib keçənlərdən daha xoşbəxtik. Ona görə ki, onlardan fərqli olaraq biz Son Peyğəmbərin ümmətiyik, deməli, İlahi əxlaqın da ən kamili bizlərə qismət olmuşdur. Lakin hər böyük işin böyük məsuliyyəti, kiçik işin də kiçik məsuliyyəti vardır. Bizlərə ən kamil əxlaq nəsib olduğundan, Allah Rəsulunun örnək olduğu bir əxlaq əmanət verildiyindən onu olduğu kimi yaşamaq və gələcək nəsillərə təhvil vermək də böyük məsuliyyyəttələb edir. Bu məsuliyyəti dərk etməyin özü belə böyük səadətdir.

Allah insanların bəhanəsini kəsmək üçün peyğəmbərlərə hər şey vermişdir. Vermişdir ki, insanlar Məşhər günü “bunu bilmirdim”, “onu eşitməmişdim” deməsin, deyə bilməsinlər. Bu barədə Qur’an-i Kərim belə buyurur: “Öz iradələri ilə törətdikləri inkar və üsyana görə başlarına bir müsibət gəldiyində “Rəbbim! Bizə bir peyğəmbər göndərsəydin, ayələrinə tabe olub möminlərdən olardıq” deməmələri üçün səni peyğəmbər göndərdik.” (Kəsas, 47)

Peyğəmbərlərin sayının çoxluğu da, daim göndərilməsinin hikməti də bundan ibarətdir. Cənab-i Haqq insanları bilmədiklərindən sorğu-suala çəkməz, amma onların qafil qalmasına da yol verməz. Buna görədir ki, “Biz peyğəmbər göndərmədikcə əzab edici deyilik” (İsra,15) buyurur. Beləliklə, Peyğəmbərlərin seçilməsinin, göndərilməsinin məqsədi aydın olur. Onlar nümunə insanlar idi. Bunu dərk edənlər və əməllərində yaşayanlar artıq indidən səadəti tapmış, əbədi səadətə qovuşmuşlar.

 

 

 

 

     

© 2005 Bütün Haqları Qorunur - Akademiya.Net