|
Peyğəmbərimizin (SƏS) Həyatından
HƏBƏŞİSTANA HİCRƏT
İlk mühacirlər.
Peyğəmbərimizin (səs) verdiyi tövsiyəyə və icazəyə görə
müsəlmanlardan dördü qadın olmaqla 14 nəfərlik bir hey`ət din və
inanclarını qorumaq məqsədilə doğma ev-eşiklərini,
qohum-əqrabalarını tərk edərək gizlicə hicrət etdilər. Mühacirlər
dəstəsi Qırmızı dənizdən keçərək Həbəşistana (Efiopiyaya) doğru üz
tutdular. Həz. Osman və xanımı, Rəsulullahın (səs) qızı Ruqiyyə də
onların arasında idi. Beləliklə, İslamdakı bu ilk hicrət,
İslamın zühurunun beşinci ilinin Rəcəb ayında (Miladi tarixlə
615-ci ildə) baş verdi.
Həmin dövrdə ilk hicrət edənlərin Həbəşistanda əmin-amanlıq
içərisində olduqları xəbəri gəlincə, ikinci bir hey`ət də köçə
hazırlandı. Bu dəfə dəstədə 13 qadın, 77 kişi olmaqla 90 nəfər
vardı. Onlara Peyğəmbərimizin (səs) əmisi oğlu Cəfər b. Əbu Talib
başçılıq edirdi. Bunlar da Həbəşistan nəcaşisi (hökmdarı)
tərəfindən çox gözəl qarşılandılar, həyatlarından əmin bir şəkildə
dinlərinin əmr etdiyi şəkildə yaşayır, ibadət və digər dini
vəzifələrini maneəsiz yerinə yetirirdilər.
Müşriklər müsəlmanlardan əl çəkmirlər.
Peyğəmbərimizin (səs) qabaqcadan bildirdiyi kimi, Həbəşistan
nəcaşisi doğrudan da ədalətli idi. Mühacirlər bir müddət
əmin-amanlıq içərisində burada yaşayırdılar. Lakin İslam
düşmənləri onları burada da rahat buraxmaq fikrində deyildilər.
Onlar müsəlmanları son nəfərinədək məhv etməyi, öz bütpərəst
dinlərini və əxlaqsızlıq üzərində qurulan hakimiyyətlərini qoruyub
saxlamaq ümidində idilər.
Qüreyş müşrikləri mühacirlərin Həbəşistanda yaxşı qəbul
olunmağından narahat idilər. Onlar müsəlmanları Həbəşistan
hökmdarından geri istəmək, ələ keçirib divan tutmaq qərarına
gəldilər. Bunun üçün iki nümayəndə seçib qiymətli hədiyyələrlə
Həbəşistan nəcaşisinin yanına göndərdilər.
Nəcaşinin ədalətli davranışı.
Nəcaşi Qüreyş elçilərini qəbul etdi, onları dinlədi. Qüreyş
təmsilçisi Əmr b. As gəlişlərinin səbəbini belə izah etdi:
- Ey hökmdar! Bizim içimizdən çıxıb sonradan
başımıza bəla olan bu adamlar indi də buraya, sənin ölkənə
gəlmişlər ki, buranın dinini və xalqın əxlaqını pozsunlar. Biz
səni xəbərdar eymək üçün bu uzun yolu qə`t edib gəlmişik. Bunlar
Məryəm oğlu İsanı da tanımırlar. Sən onları bizə ver, biz onların
öhdəsindən necə gələcəyimizi yaxşı bilirik.
Məsələ çox ciddi idi. Lakin nəcaşi də ağıllı
və tədbirli hökmdar idi. Ədalət naminə müsəlmanları görmədən,
onları dinləmədən nəcaşi qərar qəbul etmək fikrində deyildi. Odur
ki, müsəlmanlarla qüreyşliləri üzləşdirmək qərarına gəldi.
Müsəlmanlar saraya daxil olub ədəblə
nəcaşinin hüzurunda dayandılar. Onları Cəfər bin Əbu Talib təmsil
edir, hamının adından o danışırdı. Hökmdar sözü Cəfər b. Əbu
Talibə verdi. Həz. Cəfər (ra) müşrik elçilərinin iddialarını rədd
edərək dedi:
- Hökmdar sağ olsun, biz daşlardan və
ağaclardan düzəldilmiş bütlərə sitayiş edən cahil bir qövm idik.
İnsanlığa yaraşmayan hər cür əməllər törədirdik – ölmüş
heyvanların ətini yeyir, qız uşaqlarını diri-diri torpağa
basdırardıq; qohumlarımıza qarşı vəzifəmizin nə olduğunu bilməz,
qonşu haqqı tanımazdıq; içimizdəki güclülər zəifləri əzər,
varlılarımız yoxsulların dərisini boğazından çıxarırdı. Haq,
ədalət nədir, bilməzdik.
Biz bu halda ikən, Allah içimizdən birini
Peyğəmbər olaraq göndərdi. Bu Peyğəmbərin soyu tərtəmizdi. Namusu,
doğruluğu və etibarlığı ilə özünü hər kəsə tanıtmışdı.
Ata-babalarımızdan miras qalan bütlərə sitayiş etməkdən bizi
qurtardı. Bizi Allahın birliyinə inanmağa və Ona ibadətə çağırdı.
Bütün pis əməlləri – qan tökməyi, yalan yerə şahidlik etməyi,
yetim malı yeməyi və namuslu qadınlara iftira atmağı qadağan etdi.
Doğruluğu, əmanəti, qohumlarla əlaqəni, qonşularla yaxşı rəftar
etməyi əmr etdi.
Biz Ona inanaraq dinini, Allahdan gətirdiyi
əsasları qəbul etdik. Yalnız Allaha qulluq etdik və heç nəyi Ona
ortaq qoşmadıq. Onun haram buyurduqlarını haram, halal
buyurduqlarını da halal bildik. Bu səbəbdən də bu adamların
düşmənçiliyi ilə qarşılaşdıq. Bunlar Allaha ibadətdən əl çəkib
yenidən bütlərə sitayiş etdirmək üçün bizə ağlagəlməz əzab və
işgəncələr verdilər, gen dünyanı başımıza dar etdilər. Bu adamlar
o qədər yollarını azdılar ki, etdikləri zülm həddini aşdı, artıq
doğma torpağımızda dinimizin əmrlərini icra etmək müşkül oldu. İş
bu yerə çatanda Peyğəmbərimiz (səs) sizin ölkənizə sığınmağımızı
tövsiyə etdi və biz də ev-eşiyimizi buraxıb sənin yanına gəldik,
Onun məsləhətinə əməl edib sənin hakimiyyətinə, ədalətinə
sığındıq. Sənin yanında zülmə, ədalətsizliyə məruz qalmayacağımıza
ümid edirik.
Həz. Cəfəri dinləyən nəcaşi inandıqları din barədə onları
sorğu-suala tutdu və bu dinin o zaman Həbəşistanda hakim olan və
nəcaşinin də qəbul etdiyi xristianlıqla çox yaxın olduğunu gördü.
Hətta bir çox məsələlərdə, xüsusilə həz. İsa (əs) və həz. Məryəm
ilə bağlı İslam dininin görüşləri xristianlıqla tam eyniyyət
təşkil edirdi. Nəcaşi həz. Cəfərdən (ra) onların inandığı dinin
həz. Məryəm haqqında nə dediyini soruşduqda həz. Cəfər “Məryəm”
Surəsini oxudu. Bunları eşidən Həbəş hökmdarı:
-
Allaha and içirəm ki, bu sözlər həz. Musaya gələn vəhylərlə eyni
qaynaqdandır,-dedi və Qüreyş hey`ətinin təklifini rədd etdi.
Müsəlman mühacirlərin ölkəsində qalmalarına icazə verdi.
Birinci cəhdlərinin boşa çıxdığını görən Əmr b. As ertəsi gün
yenidən nəcaşinin hüzuruna gəldi, bu dəfə onların həz. İsa
haqqında çox qəribə sözlər söylədiklərini dedi.
Nəcaşi bu dəfə də Cəfər b. Əbu Talibi yanına çağırıb İslamın həz.
İsa (əs) haqqında görüşünü soruşdu. Cəfər bin Əbu Talib ona belə
cavab verdi:
- O (əs), Allahın qulu və rəsulu və Allahın
yaratdığı bir ruhdur. O (əs), iffətli bir qız olan həz. Məryəmin
boynuna salınmış Allahın bir kəlməsidir.
Nəcaşinin qərarı.
Aldığı bu cavabdan nəcaşi o qədər məmnun oldu ki, əlindəki əsa ilə
yerdə bir xətt cızıb “bizimlə sizin aranızda bi cizgi qədər bir
fərq vardır”-dedi. Daha sonra başını qaldırıb göz yaşları
içərisində müsəlmanlara belə dedi:
- Sizi və yanından gəldiyiniz o Zatı təbrik
edirəm! O, həqiqətən də Allahın Rəsuludur. Onsuz da biz Onun
vəsflərini kitabımız olan “İncil”dən oxumuşduq və bilirdik. Bu
peyğəmbərin gələcəyini Məryəm oğlu İsa da insanlığa müjdələmişdi.
Allaha and içirəm ki, əgər O, bu ölkədə olsaydı, ayaqqabılarını
daşıyar, ayaqlarını yuyardım. Gedin, bu ölkədə əmniyyət və səadət
içərisində istədiyiniz qədər yaşayın. Kimsə sizə “gözünüz üstə
qaşınız var” deyə bilməz. Sizə pislik etmək istəyən məhv
olacaqdır.
O,
bu son cümləsini üç dəfə təkrar etdi. Sonra qüreyşlilərin
gətirdikləri hədiyyələri geri verib onlara ölkəsini tərk
etmələrini əmr etdi.
Peyğəmbərimizin əmisi həz. Həmzənin
müsəlmanlığı qəbul etməsi.
Peyğəmbərimizin əmisi Həmzə hələ İslamı qəbul edənədək də qardaşı
oğlunu çox sevirdi. Bir gün Peyğəmbərimiz Səfa dağında oturarkən
yanına gələn İslam düşməni Əbu Cəhl, Onu təhqir etməyə başladı. Bu
hadisənin şahidi olan bir qadın bunu ovdan qayıdan Həmzəyə xəbər
verdi. Həmzə ox sevdiyi qardaşı oğlunun təhqir edilməsinə dözməyib
üzərindəki silahını çıxarmadan Qüreyş böyüklərinin toplandığı
Kə`bəyə getdi, Əbu Cəhlin üzərinə yeriyərək:
-
Qardaşım oğlunu təhqir edən sənsən?-deyib əlindəki yayı onun
təpəsinə endirdi. Əbu Cəhlin başı yarıldı, - mən Onun dinini qəbul
etmiş olsam, yenə də Onu təhqir edəcəksənmi? Əgər gücün yetirsə,
dayanma, məni də təhqir et,-dedi.
Qüreyşin ən güclü igidlərindən olan həz. Həmzənin İslamı qəbul
etməsi müsəlmanları daha da gücləndirdi. Qüreyş müşrikləri isə
bərk qorxuya düşdülər.
Həz. Ömərin müşriklərdən ayrılıb müsəlman
olması.
Həz. Həmzənin İslamı qəbul etməsi, bu azmış kimi bir də
Həbəşistana hicrət edən müsəlmanların geri verilməməsi Qüreyş
müşriklərini hövsələdən çıxarmışdı. Müsəlmanların daha da
qüvvətlənməsinə mane olmaq üçün onlar darun-Nədvədə toplandılar.
Müzakirələr nəticəsində yeganə çıxış yolunu Allah Rəsulunu (səs)
öldürməkdə gördülər və buna qərar verdilər.
Bu
söhbətdə iştirak edən Ömər b. Xəttab Peyğəmbərimizi (səs)
öldürməyi öz öhdəsinə götürdü. Evinə gedib silahlandı və Allah
Rəsulunun (səs) o zaman müvəqqəti yaşadığı Ərkamın evinə yollandı.
Yolda yaxşı tanıdığı Abdullah oğlu Nuaymla qarşılaşdı. Nuaym,
Ömərin Peyğəmbəri öldürməyə getdiyini öyrənincə ona müşkül bir işə
baş qoşduğunu xatırlatdı:
-
Sən Onu öldürsən, Haşimoğulları səni yer üzündə sağ-salamat
buraxarlarmı? – deyə soruşdu. Sonra Ömərə onun bacısının da,
bacısı ərinin də müsəlman olduqlarını söylədi.
Ömər bu xəbərdən bərk qəzəblənib yolunu dəyişdi, birbaşa
bacısıgilə getdi. Evə yaxınlaşdığı zaman içəridən həzin səslə
oxumaq səsi eşitdi. Qəzəblə qapını döydü və hirslə içəri girib
onların nə oxuduqlarını soruşdu. Ondan nəyisə gizlətdiklərini hiss
edincə, bacısı ərinin yaxasından tutub döyməyə, yerə yıxıb
təpikləməyə başladı. Ərini onun əlindən əlmaq üçün irəli atılan
bacısına da qəzəblə bir zərbə endirdi. Ağzı-burnu qanla dolan
bacısı:
-
Ya Ömər! Bəli, mən də, ərim də Allaha və Rəsuluna iman etmişik,
müsəlman olmuşuq, - dedi, - əlindən nə gəlirsə et, başımızı kəssən
də, biz bu yoldan dönməyəcəyik.
Bacısının üz-gözünün qana bulaşmasına baxmayaraq onun öz
əqidəsindən dönmək fikrində olmadığını görən Ömər heyrətdən donub
qaldı. Bu imanın arxasında nəsə güclü, qeyri-adi bir qüvvənin
olduğunu hiss etməyə başladı. Allah onun qəbini yumşaltdı, qəzəbi
bir anda söndü. Bacısının inildəyib sızıldaması onu kövrəltdi,
dərindən fikrə getdi, nəhayət başını qaldırıb:
-
Oxuduöunuzu gətirin, görüm!-dedi.
Ömər ona verilən səhifədə olan “Ta-Ha” Surəsinin
əvvəlini oxumağa başladı. Oxuduqca qəlbində böyük bir təlatüm
əmələ gəlirdi. Oxuduqları ona bərk təsir edir, ayələrin mənaları
onu məftun edirdi, daha söz deməyə taqəti qalmamışdı. Dərhal
oradan ayrılıb Peyğəmbərimizin (səs) yanına getmək üçün evdən
çıxdı.
Ərkamın evində Peyğəmbərimizlə birlikdə olan səhabələr, Ömərin
silahlı gəldiyini görüncə təşvişə düşdülər. Ancaq həz. Həmzə
onları sakitləşdirdi. Peyğəmbərimiz (səs) də onun içəri girməsinə
izn verdi. Allah Rəsulu (səs) içəri daxil olan Öməri qarşıladı və
gəlişinin səbəbini soruşdu. Ömər Ona belə dedi:
-
Allaha və Rəsuluna və Onun Allahdan gətirdiklərinə iman etdiyimi
bildirmək üçün gəldim – dedi.
Onun bu sözlərini eşidən əshab böyük bir sevinc içərisində, yüksək
səslə “Allahu Əkbər! Allahu Əkbər!” deyə təkbir gətirdilər. Bu səs
Məkkə küçələrində əks-səda verdi. Sonra müsəlmanlar qalxıb
birlikdə Kə`bəyə getdilər, müşriklərin maneələrini dəf edib
birlikdə namaz qıldılar. Həz. Həmzənin, daha sonra Həz. Ömərin
müsəlman olması İslam üçün böyük bir zəfər idi. Qüreyşin bu iki
qəhrəmanı müsəlmanların gücünə güc qatmış oldu.
|