|
MÜBARƏK
GÜN VƏ GECƏLƏR
Mübarək üç aylar
Ey iman gətirənlər!
Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi
şiddətli əzabdan xilas etsin? (O qazanc yolu budur: ) Allaha və
Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və
canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün
nə qədər xeyirlidir! (Saf surəsi,
61/10-11)
Bəli, bizim bu dünyaya gəlməmizin əsas məqsədi yuxarıdakı ayədə
də buyurulduğu kimi, o gözəl ticarəti edib meyvələrini yığmaq
üçün axirətə getməkdir.
Yəni biz əlimizdəki imkanları Allah yolunda istifadə etməliyik;
Ona ibadət etməli, əmr və qadağalarını yerinə yetirməli və Ona
həqiqi qul olma yollarını araşdırmalıyıq. Müsəlman üçün dünyada
bundan daha böyük şərəf yoxdur. Digər tərəfdən, bu qısa ömrümüzü
Allahın rizasını qazanmaq üçün sərf edib əbədi səadətə nail olma
kimi uca bir məqsədlə üz-üzəyik. Lakin dünya bütün fitnə-fəsadı
ilə yolumuzu kəsib bizi özünə məftun etdiyinə görə, nəfs və
şeytan kimi iki böyük düşmənimiz olduğuna görə, çox aciz və zəif
olduğumuza görə istiqamətimizi qoruya bilmir, günaha bulanır və
qulluq yolunda daim zik-zakalara məruz qalırıq. Bəs nə etməliyik
ki, ibadətlərimizin savabı artsın, saniyələrimiz-saatlarımız
birə yüz, birə yeddi yüz və daha çox axirət hesabına səmərə
versin və səhvlərimiz, günahlarımız bağışlansın!?
Yenilənmə dövrü
Bütün bunlar üçün Rəhməti Sonsuz Rəbbimiz önümüzə, dəyərləndirə
bilsək, bu fani dünyayla əbədi həyatı əldə edə biləcəyimiz,
günahlardan təmizlənib tərtəmiz könül iqliminə qovuşacağımız,
hər anında damla-damla hüzur duyacağımız bərəkətli üç ayı
vermişdir. Yenidən eşq və şövqlə ibadətə tutunacağımız,
Allahımızı, Peyğəmbərimizi, Quranımızı, dinimizi yenidən
tanıyacağımız, tanıyıb sevəcəyimiz, bir-birimizə yenidən saf
duyğularla qucaq açacağımız
bərəkətli üç ay.. keçmiş günləri gözdən keçirib ümid dolu
gələcəyə yelkən açacağımız, özümüzü nəzərdən keçirərək, dərk
etmə yoluna girə biləcəyimiz üç ay.. yersiz ehtirasları, mənasız
mübahisələri bir yana qoyub, tolerantlığın o hər kəsə qucaq açan
iqliminə dala biləcəyimiz üç ay.
Üç ayları layiqincə dəyərləndirsək, ömür boyu əldə edə
bilmədiyimiz savabı qazanma fürsətimiz olacaq. Üç aylara bu
müqəddəsliyi bəxş edən, əvvəla Allah (c.c.) və Peyğəmbər
Əfəndimizdir (s.ə.s). Bu aylara müqəddəsliyi verən dörd
əhəmiyyətli və mübarək gecə də (Regaib, Mirac, Bəraət və Qədr
gecələri) məhz bu üç ayın içindədir.
Üç ayın dəyərini ifadə edən amillərdən biri Əfəndimizin (s.ə.s.)
bu mübarək dualarıdır: "Allahım!
Rəcəbi və Şabanı haqqımızda xeyirli və mübarək et, bizi Ramazana
çatdır" (Kəşfül Hafa, 554)
Yenə Hz. Aişə Anamız (r.a.) belə buyurur:
"Rəsulullahın Şaban ayında
tutduğu oruc qədər başqa bir ay görmədim." (Müslim, Siyam, 175)
Ən gözəl nümunəmiz olan Aləmlərin Sultanı Əfəndimiz (s.ə.s.) üç
aylar girəndə daha çox oruc tutar, nafilə namazlarını artırar,
yoxsullara daha çox nəzarət edərdi. Və bunu Ramazan ayına kimi
daha da çoxaldar, Ramazan ayında və xüsusilə sonlarına doğru
gecələri ailə üzvlərini də oyadaraq qulluğunu zirvələrə
yüksəldərdi.
Bu aylarda nə edək?
Bu əzəmətli ticarətdən məhrum qalmamaq üçün üç mübarək ayda nə
edə biləcəyimizə bir nəzər yetirək:
1. Əvvəla qulluğumuzu nəzərdən keçirərək, əskik və səhvlərimizi
düzəldə bilmək üçün yollar axtarmalıyıq. Yəni məhşər günü hesaba
çəkilmədən öz-özümüzü hesaba çəkməliyik ki, axirətdəki hesabımız
asan olsun.
2.Üç ayları günahlarımızın bağışlanması üçün fürsət bilməli və
bol-bol tövbə və istiğfar etməliyik. Xüsusilə müsəlmanların
ağrılı-acılı günlərini düşünərək dualarla Allaha yalvarmalı və
Onun yardım və inayətini tələb etməliyik.
3.Xüsusilə namazlarımızı yenidən ələ almalı, mümkün mərtəbə
camaat namazına davam etməli, hətta ibadətlərimizi uşaqlarımızla
birgə böyük məscidlərdə etməyə səy göstərməliyik. Bundan savayı
əgər qəza namazlarımız varsa, qılmalı, qəza namazımız olmasa da,
çox nafilə namaz qılmağa səy göstərməli
və xüsusilə gecələri səmərəli keçirməliyik.
4. Bu aylar bizim üçün Quranı kəşf etdiyimiz, onunla yenidən
görüşdüyümüz və onu anlamaq üçün cəhd göstərdiyimiz anlar
olmalıdır. Bunun üçün də, imkan daxilində çox Quran oxumalı,
dəfələrlə xətm edilməli və bununla yanaşı, Quranın mənasına da
nüfuz edə bilmək üçün onun tərcümə və təfsirlərini oxumalıyıq.
5.Üç ayların ab-havası evimizə də qonaq gəlməsi üçün əlimizdən
gələni əsirgəməməliyik. Yəni evimiz fərqli ab-havaya bürünməli
və ailə üzvlərindən hər birinin bu karlı ticarəti ən səmərəli
şəkildə istifadə etmə adına laqeydlik göstərməməliyik. Bol-bol
Quran oxumalarla, qılınan namazlarla, oxunan vird və edilən
dualarla evimizdə mənəvi hava əsməli, gözlərimizdə davamlı
axirətin təsviri olmalı və beləliklə Ramazanı və xüsusiylə də
min aydan xeyirli olan Qədr gecəsini mənəvi olaraq hazır
qarşılamalıyıq.
6.Qohum, qonşu və dostlarımızla olan münasibətimizi daha da
artırmalı və xüsusilə qəndil gecələrində təbrik mesajlarıyla və
ya ziyarətlərlə onların könül və dualarını almalıyıq.
7.Çevrəmizdəki fəqir-füqəraya kömək etməli, imkan daxilində
sədəqə verməli, təhsil ala bilməsi üçün kasıb şagirdlərin
əlindən tutmalıyıq. Çünki bu aylarda sədəqə və zəkatlarımızın
savabı qat-qat artaraq bizə geri qayıdacaq.
Üç aylarınız bərəkətli, feyizli və səmərəli olsun..
|