|
ƏFĞAN, FƏRYAD, FIRTINA...
Dr.
Səlim Özdəmir

Bakıda
universitetdə oxuyurdu. Tədris ili yeni başladığından həyəcanlı və
sevincli idi. Müəllimlərindən birindən soruşulası sualı var idi.
Telefonun dəstəyini qaldıraraq müəllimin ev nömrəsini yığmağa
başladı. Dəstəyi elə müəllimin özü götürdü. Amma səsində bir
qəribəlik var idi. Müəllimi telefonda hıçqıra-hıçqıra ağlayaraq:
“Ah, kaş gündəlik planlarımı yerinə yetirsəydim!” – deyirdi. Və
daha sonra qışqıraraq bu üç sözü təkrar edirdi: “Əfğan, fəryad,
fırtına!” Yuxuda gördüklərinin təsiri ilə yerindən sıçrayan gənc
tələbə yaman qorxmuşdu.
Yuxusunu
müəllimə danışmağı qərara aldı. Bir gün imkan taparaq müəlliminə
yaxınlaşdı və çəkinərək də olsa, gördüklərini bir-bir ona danışdı.
Müəllim eşitdiklərindən yaman təəccüblənmişdi. İlk olaraq, “yuxuda
ağlamaq sevinc, rahatlıq əlamətidir” dedi. Daha sonra tələbəsindən
sözləri bir-bir təkrar etməsini xahiş etdi və “Ah, kaş gündəlik
planlarımı yerinə yetirsəydim. Əfğan, fəryad, fırtına!”
ifadələrini özü üçün qeyd götürdü. Nədənsə oğlandan “əfğan”
sözünün “fəryad”dan əvvəl gəlib-gəlmədiyini bir daha
dəqiqləşdirdi. Tələbə sözlərinin ardıcıllığını çox yaxşı
xatırladığını və əvvəl əfğan, sonra fəryad, sonda isə fırtına
dediyini bildirdi. Bu ardıcıllıq müəllimi heyrətləndirmişdi.
Əslində xalq arasında “fəryad-əfğan” ifadəsi işlədilirdi. Bu nüans
onun diqqətini çox çəkmişdi. Amma bir qədər sonra adamın əvvəlcə
əfğan etməsi, daha sonra fəryada başlaması ona da məntiqli gəldi.
Özü üçün gətirdiyi bu izah barədə tələbəyə heç nə demədi. Müəllim
artıq lazım olan ipucunu tapmışdı... Bəlkə də bu onun üçün həyat
dərsi olmuşdu. Tələbəsindən ayrıldıqdan sonra içində qopan fırtına
ilə bərabər evin yolunu tutmuşdu.
Peşimanlıq Fırtınası
Vaxt çox
sürətlə keçir. İnsan biri qurtardığı anda digəri başlayan sonsuz
arzuları qarşısında məhdud ömründən səmərəli istifadə edə bilmir.
Heç vaxt keçməyəcəyini zənn etdiyi illərin su kimi axıb getdiyini
fotoalbomdakı şəkli ilə aynadakı əksini tutuşduranda daha yaxşı
başa düşür insan. O da vaxtdan səmərəli, planlı istifadə etməyin
zəruriliyini həmişə deyir və elə plan da tuturdu. Amma iş bu
plan-proqramın icrasına gələndə nədənsə lent bir yerdən qırılırdı.
Və yenidən plansız və səmərəsiz bir həyat başlayırdı. Artıq onun
günləri planlayaraq izləməsi əvəzinə plansız günlər onu təqib
edirdi. Və bir neçə il sonra “ah, kaş gündəlik planlarımı yerinə
yetirə bilsəydim” deyəndə artıq gec olacaqdı. İndi ona yalnız
“illər yorğun, mən yorğun, boşa getdi sənələr” mahnısını züm-zümə
etmək qalırdı. Və əlbəttə ki, bu həzin mahnıdan sonra alqış
sədaları eşidilmirdi... Əvvəl əfğan, sonra isə fəryad başlayırdı.
Ən sonda isə fırtına qopurdu. Elə bir fırtına ki, uşaqlıq, gənclik
və qocalıq da daxil olmaqla bütün bir ömrü toz-dumana qatıb
aparırdı. Peşimanlıq fırtınası sakitləşdikdən sonra isə
qəbiristanlıqda yeni peyda olmuş bir məzarın üstündə “ruhuna
fatihə” yazısı gözə dəyirdi! Bu titr yazısı kəsik-kəsik seyr
edilmiş bir kinonun başa çatdığını bildirirdi.
“Və İnsan Aldandı!”
Böyük
bir mütəfəkkirin dediyi ifadələr yaddaşımda dərin bir iz buraxıb:
“Əgər bir ssenari yazası olsaydım, adını “Və insan aldandı”
qoyardım”. Dahi türk şairi Məhmət Akif Ərsoyun “o boyda ömrü
hədər” ifadəsini öz həyatı ilə təsdiqləyən milyardlarla bəşər
övladı gəlib-gedib bu dünyadan...
Bu boyda
ömrümüzün hədər olmaması üçün, aldanmış insan olmamaq üçün, “ah,
kaş ki...” deməmək üçün, əfğan-fəryad edib ağlamamaq üçün və bizi
haralara aparıb tullayacağı bilinməyən fırtınalara düşməmək üçün
papağımızı qabağımıza qoyub kişi kimi fikirləşməliyik. Əlbəttə ki,
əgər hələ də iş-işdən keçməyibsə... Əgər hələ də yolun sonuna
çatmamışıqsa... Əgər hələ də həyat dənizi tükənib, vücud qayığı
sahildə batıb qalmayıbsa!..
Yazıda haqqında danışılan
hadisə həyatdan götürülmüşdür. Heç bir əlavə olunmadan və lazımi
şəxslərdən razılıq alınaraq eynilə sizə təqdim edilmişdir.
|