Qonaq Dəftəri

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: MƏQALƏLƏR::

Ana Səhifə

Məqalələr

 

 
 
 
 
 
 

 

Elm və Dünyaya İki Baxış

 

İman əhli və Rəbbinin “oxu” əmrinə tabe olan müsəlmanın kainat, həyat, insan və bu anlayışların Yaradan, Yaradıcı və hər bir şeyə biçim, forma verən Allahla əlaqəsi barədə öz düşüncəsi var. Allahın kitabı və Peyğəmbərinin nuru ilə təsirlənən, qidalanan kimsələrin həyata baxış bucağı Kitabdan anlayışı olmayan tam əks düşüncəyə sahib olanlardan fərqli olmağı təbiidir. Avropalaşmaq istəyən, Avropasayağı təfəkkürə və dünyagörüşə sahib olmağa səsləyən çağırış əslində şəxsi individuallıqdan, özəl təfəkkür və dəyərlərdən imtina deməkdir.

İman nuru ilə yaşayanın və yaşamayanın Kainatın yaradılışı, həyat və insan haqda olan müəyyən anlayışları demək olar ki, fərqlənmir. Bu o anlayışlardır ki, heç bir subyektiv baxışdan və ya şəxsi mövqedən asılı olmayaraq elmi faktlar kimi qəbul olunur. Elmin rolu burada özünü onda göstərir ki, o bu faktları təyin edir və cəmləşdirir, onlar üçün mümkün qədər ümumi qanunauyğunluq əldə etməyə çalışır. Lakin elə ki, elm bu faktları açıqlamağa cəhd göstərir vəziyyət elə ciddi dəyişikliyə məruz qalır ki, imanlı və imansıza da təsir etmədən yan keçmir. Məsələni daha dolğun işıqlandırmaq üçün belə bir nümunəyə müraciət edək: Elmi nöqteyi nəzərdən təkzib edilməz faktdır ki, suyu çıxmaq şərtilə bütün maddələr aşağı temperaturda sıxılır və bu vaxt onların sıxlığı və kütləsi artır. Su isə fərqli olaraq donarkən həcmi artır, sıxlığı kiçilir. Məhz bu səbəbdəndir ki, çayların və dənizlərin üzərindəki buz örtüyü üst səthdə qalır. Elm bu faktı təsdiq edir və imanlı yaxud imansız olmağından asılı olmayaraq heç kimsə bu məsələni təkzib edə bilməz. Belə ki, bu gerçəklik insanın inancı ilə heç bir əlaqəsi olmayan, hətta onun özünün yaranışından öncə mövcud olan obyektiv elmi faktdır. Əsas məsələ odur ki, təkzibolunmaz bu elmi fakta imanlı biri ilə imansız birinin baxış bucaqları fərqlidir. Təbii ki, biri məsələnin yalnız zahiri tərəfini, digəri isə hikmətlərlə zəngin olan batini tərəflərini görür. Belə ki, kitabdan, imandan, dindən uzaq olan alim bunu yalnız və yalnız təbiət hadisəsi kimi qiymətləndirdiyi halda həqiqi islami yaşayan müsəlman-alim burada İlahi hikmət görür və bu İlahi hikmət ondan ibarətdir ki, Allahın çaylarda, dənizlərdə, okeanlarda mövcud olan yaratdığı canlıların həyatda sağ qala bilmək məqsədini daşıyır. Əgər başqa maddələr kimi su da aşağı temperaturda həcmcə kiçilsəydi, onun kütləsi artardı. Bu halda ağırlaşan və bərk cismə çevrilən buz dibə çökməklə, batmaqla bərabər qarşısına çıxan bütün canlıları məhv edərdi. Lakin Sonsuz Qüdrət və Hikmət sahibi Allah suya donma zamanı genişlənmə əmri vermiş, bu səbəbdən də üst təbəqədə bir qoruyucu qat əmələ gəlmiş ki, bu da öz növbəsində qış uzunu sularda yaşayan canlı orqanizmləri qoruyucu kimi çıxış edə bilmişdir. Amma hər bir şeyı təbiət hadisəsi, “yaşamaq uğrunda mübarizə” kimi anlayan alim özü bu barədə dolğun bir söz deyə bilməz. Belə ki, təbiətin özünün nə olduğu barədə Darvin deyir ki, o var olan hər şeyi yaradır və onun yaratmaq qabiliyyətinin sərhədləri yoxdur. Eyni zamanda təbiətin kor olduğunu da təsdiq edir.

Dəyərlər və baxışlar arasında olan bu böyük fərq göz qabağındadır. Bu fərqlərin insan ruhuna və ya qəlbinə olan təsiri isə daha möhtəşəmdir. Müsəlman birinin anlamında kainat, canlı təbiət və insan üzərlərində Yaradan Allahın qüdrət əlamətlərini daşıyan varlıqlardır. Rəbb Allah onları öz istəyinə və planına uyğun olaraq yaratmış, yerləşdirmiş, forma və daxili qanunauyğunluqlarla kodlaşdırmaqla ümumi bir nizama salmışdır.

9. De, “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir ve Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir. 10. O, yer üzündə möhkəm durmuş dağları yaratdı, onu bərəkətli etdi və istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə müəyyən etdi. 11. Sonra Allah tüstü halında olan göyə üz tutdu. Ona və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da “İstəyərək vücuda gəldik”- deyə cavab verdilər. 12. Allah onları yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü qəndillərlə bəzədik və hifz etdik. Bu yenilməz qüvvət sahib olan, bilən Allahın təqdiridir.” (Fussilət, 9-12)

Bu sözlər, bu kəlamlara inam və Yaradıcılıq qayəsinə bir baxışdır.

Kainat, varlıq Yaradıcının istəyi və iştirakı olmadan təsadüfən yarandı, bir təsadüfdən doğdu, əbədidir, sonsuzdur və heç bir idarə edənə, Yaradıcıya ehtiyacı yoxdur deyənlər. Bu da bir düçüncə tərzi, həyata fərqli baxış. Bu iki münasibətdə nə böyük fərq?!

Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar? Yaxud onlar yaradandırlar? Yoxsa göyləri və yeri yaratdılar? Xeyr, onlar ürəkdən inanmırlar. (Tur, 35-36)

Əgər bütün kainat, həyat, mövcudiyyat təsadüfən yaranıbsa, əgər İnsan təsadüfdən doğub, təsadüfən var olubsa, onda bu insanı nəyə isə, hər hansı bir dəyərlərə nə bağlayır?! Onun həyat və yaşam məqsədi nədir, əgər ki, o özü məqsədsiz və niyyətsiz olaraq təsadüfən var olubsa? Onun hansı və necə mənəviyyatı var? Hansı dəyərlər çərçivəsində yaşayır? Yaradılış məqsədi, niyyəti, səbəbi olmayan bir varlığın, ümumiyyətlə mənəviyyata sahib olmasının bir mənası dəyəri nədədir?! Burada bir məntiq mövcuddurmu?!

Bu aspektdən yanaşdıqda, düşündükdə bu dəyərlərə yanaşma və bu dəyərlərin nəticələri arasındakı uçurum fərq daha aydın görünür. Bir tərəfdə imanlı birinin Allaha Yaradıcı, Var Edən, Yaradan, Biçim Verən kimi bir münasibəti, digər tərəfdə təsadüfə, onun varlığına, təbiətin kor-koranə bütün varlıq aləmini yarada bilmək qüdrətinə bir inam.

Əlbəttə, bu fərqlər o qədər böyük və dərindir ki, həyatın bütün aspektlərində öz təsirini göstərir və göstərməyə də bilməz! Özü bir qətrə sudan yaradılmış olan İnsan onu və bütün varlığı yaradan, var edən Yaradıcı ilə əlaqələrini itirən zaman öz trayektoriyasından çıxmış olur. Belə ki, bu anda daxilində, fitrətində, təfəkküründə mövcud olan yaradılış məqsədi niyyəti kimi bir gerçəkliyi qaranlığa məhkum edir. Həyata gəliş və mövcudiyyət səbəblərini doğuran suallar altında əzilir. Belə olan təqdirdə nəzarətdən kənarda qalan, üstəlik təfəkkürə, idraka sahib olmayan varlıqlarla bu cür insanlar arasında nə fərq ola bilər?! Hətta ola bilsin ki, daha çox azıblar. “Onlar heyvan kimidirlər, bəlkə də daha çox zəlalətdədirlər. Qafil olanlar da onlardır.” (Əraf, 179)

Haqq-hesab gününün varlığına inana bilməyən insan birdən anlayır ki, o və özü kimilər qəlblərində həzzlərə, istəklərə, arzulara, bir sözlə keçici ola bilən hər bir şeyə qarşı doymaq bilməyən meyl, həvəs mövcuddur. Bu halda daha çox əldə etmək uğrunda mübarizəyə başlayır və kiçik qardaş dedikləri idrakdan uzaq varlıqlara çevrilirlər. Heyvanlar isə son nəticədə onları məhv olmaqdan qoruyan instinktə tabedirlər. Daha açıqcasıYaradan və İdarə edən Allahın hökmlərinə tabe olaraq yaşamaqla acı nəticələrdən qorunmuş olurlar.Yüksək ideallardan, ali dəyərlərdən imtina edən insan isə instinkt səviyyəsindən də aşağı enir ki, nəticədə doğru yolu azaraq məhv olur. Belə ki, insan özbaşınalığını, zorakılığını sərhədləşdirən çərçivəyə salan təmkin, təvazö, səbr, nəfsi cilovlaya bilmək kimi anlayışlardan uzaqdır.

Burada bir haşiyə çıxaraq qeyd etmək istərdim ki, insan hər zaman xoşbəxtlik, razılıq, rahatlıq, sevinc, ruhi doyum axtarışındadır. Və hər bir insanın öz təfəkkür səviyyəsinə uyğun bu anlayışlar qəbul edəcəyi bir gerçəklik mövcuddur ki, bütün insani sevinclər, rahatlıqlar müvəqqətidir, keçicidir. İnsanın yaşından, həyat şəraitindən, hər hansı zaman kəsiyindəki ümumi halından asılı olaraq zamanla dəyərini də itirmiş olur. Belə ki, nəyə isə can atan, xoşbəxtliyini, rahatlığını nə ilə isə əldə edəcəyinə ümid etdiyi şeyə nail olduqdan sonra şövqü sönür, daha üstün bir şeylər axtarışında hər zaman çırpınır. Və bu həqiqət faktdır ki, yalnız idrak etmə, anlama sevinci, razılığı hər bir insanı bütün ömrü müşayiət edir. Bu ali sevinc hissi insanın dünyanı dərk etmə kimi daxili tələbatından doğur. Belə ki, idrak etmə, təfəkkür, öyrənmək, bilmək istəyi insanın fitrətində yerləşdirilmiş olan əsas həyat qayəsidir, var olma səbəbidir. “Oxu” əmrinə tabe olan insan isə həqiqi sevinc hissini nəyi isə idrak etdiyində yaşaya bilir ki, bu da əbədiyyətə aparan həqiqi sevinc hissidir. İdrak etməklə insan ətraf aləmlə, dünya ilə vəhdət, yaşam əldə edir, Yaradan və Alim Allahla itirdiyi əlaqələrini bərpa edir. Yaradan Rəbb ilə əlaqələrini bərpa etmək istəyən imanlı İnsan üçün kainatın, həyatın və insanın yaradılmasına sabit, güclü imandan başqa bir həqiqət də mövcuddur. Bu o həqiqətdir ki, kainatda mövcud olan hər bir varlıq (ən mikroskopik zərrədən tutmuş ən makroskopik planetlər, qalaktikalar belə) bir qrup insanı çıxmaq şərtilə Allaha ibadət və itaət edir, Onun şəninə tərif deyir.

Məgər göylərdə və yerdə olanların, Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun Allaha səcdə etdiyini görmürsənmi? (Həcc, 18); Yeddi göy , yer və onlarda olanlar Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların təqdisini anlamazsınız. Allah həqiqətən Həlimdir, Bağışlayandır. (İsra, 44)

Burada bir haşiyə çıxmaq istərdik. Bəli, bütün yaradılmışlar Allaha ibadət və itaət edir. Yaradıcı Yaradan Rəbb yaratdığı hər sistemə, varlığa müəyyən əmrlər vermiş, daha açıqcası bir vəzifə ilə vəzifələndirmişdir. Bu böyük, sonsuz sistemdə ən kiçik mikroskopik zərrədən tutmuş ən makroskopik varlıq belə müəyyən vəzifə, məqsəd daşıyır və üzərinə qoyulan qanunauyğunluğa tabe olaraq ümumi harmoniyada öz mövcudiyyatını sürdürür. Məsələn, nizamlı hərəkət edən atomlar bərk cisim, xaotik hərəkət edən atomlar isə hava yaranmasına səbəb olur və s. bu kimi nümunələrin sayını artırmaq mümkündür. Daha sadəsi hər bir bədən üzvünün öz funksiyası var, eyni zamanda bu funksiyanların həm ayrılıqda, həm də bir tam olaraq mövcud olması üçün müəyyən qanunlara tabe olan saysız-hesabsız hüceyrələr, zərrələr fəaliyyət göstərir. Bu fəaliyyət də ali qüvvə tərəfindən təyin edilir, yönləndirilir və hər bir zərrəcik də ali qüvvəyə tabe olaraq hərəkət edir. Bax bu tabeçilik, təslimiyyat da onların ibadətidir. Qısacası, yaradılmış hər bir obyektin, müəyyən edilmiş qanunauyğunluğa tabe olması Yaradana ibadətdir. Atomun öz trayektoriyasında hərəkəti onun ibadəti, Yer kürəsinin də Qravitasiya qanununa tabe olaraq dövriyyəsi də onun ibadətidir.

Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi? Allah onlardan hər birinin duasını, şükür-sənasını bilir. Allah onların nə etdiklərini biləndir! Göylərin və yerin hökmü Allahındır. Axır dönüş də Allahadır (Nur, 41-42). Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər (Həcc, 5)

Dünyaya göy cisimlərindən ibarət məcmu yaxud birlik və canlı varlıqlara da sadəcə həyatın müxtəlif formaları kimi mövcud olan münasibət ilə bağlayan, əlaqələndirən, birləşdirən bir başlanğıcın, elə bir əvvəlin mövcudluğuna ki, hər şeyi gözəl hesablayaraq, nizamla vahid tam halına salmış, əbədi var olan ali qüvvəyə inamdan yaranan, daha açıqcası Allaha münasibət, Ona ibadət və tərif etmək münasibəti arasında böyük fərq var. Bu yanaşmalardan biri İnsanı yalan məngənəsinə salaraq çaş-baş etdiyi halda, digəri İnsanın önündə elə bir geniş üfüqlər açır ki, Adəm övladı fiziki olaraq görə bilmədiyi yalnız hisslərilə, qəlbinin gözü ilə dərk etdiklərini belə görə bilir və görməyi öyrənir. Geniş üfüqləri görməyə başlayan şəxsin qarşısında daha yeni-yeni üfüqlər açılır, idrak görüntüləri materiya çərçivəsindən çıxaraq irəli getməklə mənəvi, ruhi dəyərləri belə gözəl şəkildə öz içinə alır. Beləliklə, onun maraq və qayğı çərçivəsi o dərəcədə genişlənir, insan nəslinin hər bir üzvü ilə əlaqələrinə öz müsbət təsirini göstərir.

Kainatı saxlayan, qoruyan dəqiq nizam elmin hesab etdiyi kimi sadə mexaniki qanunlar deyil. Bütün bu qanunların, ahəngin arxasında çox dəqiq hesablanmış idarə və hikmət dayanmaqdadır. Bu hikmətin İnsanla birbaşa əlaqəsi mövcuddur.

Belə ki, Yer kürəsinin öz oxu və eyni zamanda Günəşin ətrafında dövriyyəsi, onlar arasındakı məsafə, Günəş və Ay arasındakı məsafə, onları əhatə edən atmosferin tərkibi, Yer kürəsinin səthində suyun paylanması və bununla əlaqədar olaraq Günəş şüalarının təsirilə bitkilərdən oksigenin ayrılması və s. bu kimi hallar çox incə, dəqiq hesablanmış və elə nəzərə alınmışdır ki, İnsan yaşayışının tələblərinə uyğun cavab verir. Əgər bu sistemdə artma yaxud azalma kimi kiçicik belə dəyişiklik baş versə bu genişlənən ozon dəliyində özünə yer tapır ki, bununla da İnsan həyatında məhvedici nəticələrə səbəb olur. Bu incə hesab, hikmət Yer kürəsində İnsan həyatının, yaşamının asanlaşdırılmasına görə bütövlükdə dünyaevinin gözəl idarəsi üçün Allaha təşəkkür hisslərilə yaşayan İnsanın düşüncələri ilə bütün varlığın təbiətin kor-koranə fəaliyyəti nəticəsində yaranması kimi düşünən insanların fikirləri, düşüncələri, dəyərlərə münasibəti arasındakı fərqdən böyük nə ola bilər?!

12. Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən ruzi axtarmanız üçün dənizi sizə ram edən Allahdır! Bəlkə, şükür edəsiniz! 13. Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır! ()

İki qarşı münasibət; biri dünyaevinin, kainatın gözəl idarəsi üçün Yaradana sonsuz təşəkkür; digəri dünyaevinin kor-koranə, özbaşına mövcud olması və fəaliyyət göstərməsinə məntiqsiz inam.

Hətta elmin özünün dünya nizamı ilə insanlığın yaşam, var olma tələbləri arasında gözəl harmoniyanın mövcudluğunu göstərməsinə baxmayaraq, yenə də ötən dövrlərdə olduğu kimi bir qisim “insanların qəlblərində möhür” qalmaqdadır. 101. De: “Bir gör göylərdə və yerdə nələr var. Lakin iman gətirməyən bir tayfaya ayətlər və Peyğəmbərlər heç bir fayda verməz! 102. Onlar ancaq özlərindən əvvəl gəlib-gedənlərin günləri kimi bir gün gözləyirlər!” De: “Gözləyin, doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!” (Yunus, 101-102)

 

 

 

 

 

     

© 2005 Bütün Haqları Qorunur - Akademiya.Net