Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: MƏNƏVİYYAT ::

Ana Səhifə

Mənəviyyat

 
 
 
 
 
 
 
 

 

Mənəviyyat

ZAMAN VƏ SƏMƏRƏLİ HƏYAT

“Zaman” deyərkən nəyi nəzərdə tuturuq?

Zaman insan ömrünə dəyər qazandırmaq üçün bir fürsətdir. Bu elə bir fürsətdir ki, ondan necə istifadə edilib-edilməməsindən asılı olaraq ömrün də qiyməti dəyişir; ya çox dəyərli və səmərəli, yaxud da əksinə, çox dəyərsiz və səmərəsiz ola bilir.

Zamanın dəyəri və səmərəliliyi insan ömrünün nəyə və necə sərf edilməsinə görə ölçülür. Insan zamanın qədir-qiymətini necə bilirsə, həyatına dəyər qazandırmaq üçün ondan daha dolğun necə istifadə edirsə, zaman da bir o qədər qiymət, dəyər qazanmış olur. Zamanı itirdikdə isə onu bir daha tapmaq, geri qaytarmaq, başqa şeylə əvəz etmək mümkün deyildir.

Zaman bizə tabe deyildir, bir an belə olsun dayanmır, sel kimi axıb gedir. Birisi bu zaman seli üzərində elektrik stansiyası qurub insanlara işıq payladığı halda, başqa birisi zamanın dəyər və mahiyyətini anlaya bilmədiyindən bu selə baş vurur, nəticədə sellər, sular onu alıb daşdan-daşa vurur, məhv edir.

Bir zamandan bu an, bu saat, bu gün istifadə edirik, həmin zaman içərisində nəsə bir iş görürük. Gördüyümüz bu iş gələcəyimiz üçün bir təməl olur və bu gün gördüyümüz işin bəhrəsini sabah, bir ay, bir il, bəlkə illər sonra görürük. Məsələn, əgər insan savadlıdırsa, deməli, zamandan bacarıqla istifadə etmiş, çox oxumuş, çox düşünmüş, anlamağa, dərk etməyə çalışmış, vaxtını buna sərf etmişdir.

Əgər birisi zəngindirsə, hər işdə müvəffəqiyyət əldə etmişsə, deməli, zamanın qiymətini bilmiş, ondan səmərəli istifadə etmişdir. Bundan başqa, o, həm də zamandan necə istifadə etməyin müxtəlif yollarına və üsullarına da bələd olmuşdur.

Əgər bütövlükdə cəmiyyət bu işi mənimsəmişsə, deməli, artıq cəmiyyətin, dövlətin gələcəyi təmin edilmişdir. Buradan belə bir nəticəyə gəlirik: nə vaxt ki, insan, cəmiyyət, xalq zamanın qiymətini anladı, zamanın köləsi olmaqdan xilas olub zamanı özünə tabe etdirməyi bacardı, o vaxt o güclüdür, yenilməzdir, gələcəyi ümidvericidir, parlaqdır.

Buna görə də insan üçün yeməkdən, içməkdən, yatmaqdan daha vacib olanı məhz zamandır, çünki bütün bu işlər hamısı zamana möhtacdır, müəyyən bir zaman içərisində icra edilirlər. Hətta avaralanmaq, boş-boşuna dolaşmaq belə zaman işərisində olur. Bunu anlayırıqsa, bilməliyik ki, zaman üzərində keçilib gedilən bir boşluq deyildir, əksinə, o hər anından ən səmərəli şəkildə istifadə ediləcək bir sərvətdir.

 

Mənəviyyatımızda zaman anlayışı

Zaman, vaxt anlayışı mənəviyyatımızda mühüm yer tutur. Bu baxımdan da zamanın dəyərini bilməyib, onu israf edənlərin mənəviyyatca zənginləşməsi, kamilləşməsi mümkün deyildir. Zamana, vaxta verilən dəyər mənəviyyatımızın qaynaqlarında, ilk növbədə müqəddəs Kitabımızda, sevgili Peyğəmbərimiz hədislərində, bir də bu əxlaqı mənimsəmiş əcdadlarımızın bizə qoyduğu mədəni, ədəbi, bədii, fəlsəfi irsdə, onların həyat tərzlərində öz əksini tapmışdır.

Şanlı Peyğəmbərimiz: “İnsanların çoxunu dəyərini bilmədiyi iki şey vardır – sağlamlıqları və zamanları”- söylərkən zamanın da cansağlığı qədər qiymətli olmasına, zamana çox əhəmiyyət verməmizə diqqətimizi yönəltmiş, bizləri xəbərdar etmişdir.

Həz. Əli buyururdu ki, çalışqanlar yaramaz işlər barədə düşünmək istəsələr belə, buna vaxt tapa bilməzlər. Bu hikmətə ifadə edilən məna budur ki, müvəffəqiyyətsizliklərin, yaramaz əməllərin təməlində zamanı dəyərləndirə bilməmək, vaxtı öldürmək durur. Ölmüş insana zaman gərək olmadığı kimi, avara, ömrünün qədrini bilməyən insana da vaxt gərək deyildir.

Zamandan ən səmərəli şəkildə istifadə etməyin yolları hansılardır? Biz zamanın həqiqi dəyərini, doğrudan da, bilirikmi, onun gur axan dağ selləri kimi yanımızdan ildırım sürəti ilə axıb- getməsinin fərqindəyikmi?

İnsanlar xasiyyətlərinə, məşğuliyyətlərinə, ixtisas və peşələrinə görə zamandan müxtəlif cür istifadə edirlər. Kimisi tapşırılan, öhdəsində olan işi dərhal icra etməyi, kimisi dərslərini səhər oxumağı, kimisi onu bütün başqa işləri ilə bərabər axşama saxlamağı sevir, kimisi də bu günün işini sabaha qoyub ən sonda əliboş, avara qalır. Sevgili Peyğəmbərimiz bu  barədə bizlərə bu xəbərdarlığı edir: “Erkən hərəkət bərəkət və müvaffəqiyyətdir.”

Bu əxlaqla yaşamağı özlərinə həyat tərzi qəbul etmiş ata-babalarımız da   “Erkən qalzdım işimə, şəkər qatdım aşıma”, “Vaxt qılınc kimidir: sən onu kəsməsən, o səni kəsəcəkdir”  demişlər.

Uşaqları həmişə bu əxlaqa dəvət edən, bu mövzularda gözəl şerlər yazan unudulmaz şairimiz Abdulla Şaiq bu barədə yazdığı “Oyan, oğlum!” şerində belə deyir:

             Ağıllı oğlum, oyan!                       Al şəfəqli günəş var,                 

            Qiymətlidir hər zaman.                Pəncərədən parıldar.

            Tez ol, dur, get məktəbə,            Qalx ki, hamı oyanmış,

            Sarıl elmə, ədəbə.                        Dünya nura boyanmış.

            Səhər ziyandır yuxu,                    Səhər ziyandır yuxu,

            Məktəbə get, dərs oxu.                Məktəbə get, dərs oxu.                                                         

 

Vaxt israfı əvəzolunmaz itkidir

Zaman insanın ən böyük sərvətidir. Buna görə də əcdadlarımızın ən çox qorxduğu, ehtiyat etdiyi şey vaxt israfı olmuşdur. Çünki bütün işlər zamana möhtac olduğundan onun israf olub-olmayacağı yenə də zamandan asılı olur.

Əcdadlarımız zamana dəyər verməyi öyrənmiş, ona puldan, maldan, hər şeydən daha artıq diqqət və həssaslıqla yanaşmış, onu israf etməməyə çalışmışlar.

 

Səmərəli həyat tərzi

Zamanı israf etməmək, ondan mümkün olduğu qədər faydalanmaq vərdişlərinə yiyələnmək səmərəli həyat tərzi deməkdir.

Səmərəli həyat tərzi, yerinə yetirilməsi lazım olan çox mühüm bir vərdişdir. Həyatını xeyirli etməyə çalışmaq hər bir fərdə də, hər bir cəmiyyətə də sağlamlıq, müvəffəqiyyət, tərəqqi və xoşbəxtlik gətirir. Insanın gündəlik həyatının bütün dəqiqə və saatları o zaman səmərəli olar ki, hər anın dəyərini biləsən, hər ana dəyər qazandırmağa çalışasan və bunu bacarasan. Həyatını səmərəli quran insanlar başqaları tərəfindən sevilir, sayılır, səmərəsiz həyat tərzi sürənlər isə müvəffəqiyyətsizliyə və geri qalmağa məhkum olurlar. Belələri heç vaxt heç kəs tərəfindən sevilməz, sayılmaz, hörmət görməzlər.

Məsələn, böyük mənəviyyat alimi Fəxrəddin ər-Razi süfrəyə oturarkən həm yeyər, həm də kitab oxumağa davam edərdi. Rəvayət edirlər ki, F.Razi 300-dən çox şagirdə dərs deyərmiş. Şagirdlərinin vaxtı boş keçməsin deyə evindən çıxıb mədrəsəyə gedərkən yolda, atın üstündə belə dərs deyər, həm şagirdlərinin, həm də özünün vaxtına dəyər qazandırarmış.

Məşhur bir dilçi alim Caxaz bu sahədə böyük məharət göstərirmiş. Yoxsul olmasına baxmayaraq, əlinə azacıq pul keçən kimi zamandan daha çox faydalanmaq üçün kitab satılan dükanları bir gecəliyə kirayə götürər, sübhə qədər kitab oxuyar, beləliklə, nə pulunu, hım də zamanını israf etməz, az zamanda çox iş görərmiş.

Başqa bir mənəviyyat alimi İbn-ül Cevzi zamanı israf edənlər haqqında təəccübünü gizlətməyərək belə deyirmiş: “Mən əcayib bir şəkildə insanların çoxunun öz zamanlarını öldürdüklərini gördüm. Belələrini girdaba sürüklənən bir gəminin içərisində təhlükədən xəbərsiz oturub söhbət edən səyyahlara bənzətmək olar. Ömrün keçən mövsümlərinə diqqət edin, fürsət əldən çıxmadan siz tələsin, bir-birinizlə zamanı yaxalamaqda rəqabət edin.”

Fizika sahəsində böyük alim İşaak Nyuton bütün günü oxuyar, çalışar, gün ərzində cəmi üç saat yatarmış. Buna baxmayaraq, o, uzun ömür yaşamış, elmə əvəzsiz töhfələr vermişdir.

Səmərəli həyat tərzi son dərəcə əhəmiyyətli olduğundan əxlaqımızda, mənəviyyatımızın qaynaqlarında bu məsələyə çox həssaslıqla yanaşıldığını görürük. Məsələn, müqəddəs Kitabımız olan Quran-i  Kərimdə möminlərə qiymət verərkən onların zamandan necə istifadə etmələri ön plana çıxarılır. Bu barədəki Ayəti-Kərimələrdə zamanı səmərəli keçirməyi bacarmaq, vaxtı boş keçirməkdən uzaq qalmaq ən mühüm xüsusiyyət kimi nəzərə çarpdırılır. Deməli, kamil insan digər müsbət keyfiyyətləri ilə yanaşı, ən çox zamanı dəyərləndirməyi, hər andan səmərəli istifadə etməyi bacaran insandır.

Sevgili Peyğəmbərimizin həyat tərzi başdan-başa səmərəli həyat tərzi nümunəsidir. Onun yatması, qalması, yeməsi, içməsi, sözündə möhkəmliyi, qısası, bütün xasiyyəti dünyanın sonunadək bütün insanlara nümunədir. O, səliqə-səhmana, təmizliyə, o cümlədən paltar və vücud təmizliyinə əhəmiyyət verir, bunlarda da zaman çox diqqət edərdi. O, heç vaxt qonaqlarını gözlətməz, onların qarşılarına ən gözəl və ən təmiz paltarda, saçı-saqqalı səliqə ilə daranmış halda çıxardı, üstündən həmişə xoş ətir qoxusu gələrdi. O, nə iş görürsə görsün, hər işi öz vaxtında, gecikdirmədən, ən mükəmməl şəkildə icra edər, təyin etdiyi görüşləri vaxtında keçirər, bir yerə getməyə söz vermişdirsə, onu dəqiq, vaxtında yerinə yetirər, bununla da zamandan istifadə etməyin insanın həyat tərzinə necə təsir göstərdiyini öz davranışları, həyatı ilə, yaşayışı ilə göstərər və belə deyərdi: “İki günü bir-birindən fərqləndirməyən insan ziyandadır”.

Biz də vaxtı israf etməməyi, həyat tərzimizin nizamlı-intizamlı, səmərəli olmasını istəyiriksə, insanlığın fəxri, sevimli Peyğəmbərimizin həyatından nümunələrdən faydalanmağa çalışmalıyıq. Səhər tezdən qalxmalı, dərslərimizi təkrar etməli, vaxtında məktəbə gedib vaxtında da evə dönməliyik.. Dostlarımızla, yoldaşlarımızla keçirəcəyimiz vaxt nə qədər qiymətli olsa da, dərs oxumaq üçün ayrılan vaxtımızdan qiymətli deyildir. Biz özümüzü elə bir həyat tərzinə alışdırmalıyıq ki, 24 saatlıq bir gündə həm məktəbə, həm yeməyə, həm istirahətə, həm yatmağa vaxtımız olsun, üstəlik, ata-anamız, bacı-qardaşımız, qohum-əqrəbamız, dostumuz, yoldaşımız qarşısında da vəzifələrimizi icra etməyə vaxtımız qalsın. Çalışmalıyıq ki, bu işlər heç biri digərinə mane olmasın, hər bir iş ən səmərəli nəticə versin.

Səmərəli nəticə isə ailəsinə, xalqına, dövlətinə, torpağına nə qədər xeyirli iş görməklə müəyyən edilir.

 

 

 

 

     

© 2005 Bütün Haqları Qorunur - Akademiya.Net