|
MƏNƏVİYYAT
Mənəviyyat Haqqında
İnsan
və onu əhatə edən aləmlər.
İnsan daim müəyyən bir iş görür: yeyir, içir, danışır, oxuyur,
düşünür, kiminləsə dostluq edir, kiminsə köməyinə ehtiyac duyur,
yaxud kiməsə əl tutmalı, yardım etməli olur. Hansısa bir ailəyə,
xalqa, dövlətə mənsub olan insanı daim başqa insanlar –
valideynləri, qohum əqrabaları, qonşuları, dostları, həmvətənləri
əhatə edirlər. Deməli, insan həyatda təkbaşına yaşamır, həm başqa
insanlar ilə, həm də onu əhatə edən bütün canlı və cansız aləmlə
sıx əlaqədə olur.
Elə isə, bu əlaqələri saxlayan müəyyən qanun-qaydalar da
olamalıdır və insanlarla, ətraf aləmlə davranış qaydalarını
göstərən birisi də olmalıdır ki, hamı onu dinləsin, hamı bu
qanunlara və qaydalara riayət etsin. Yoxsa, hərə öz ağlına görə,
öz istəyinə görə yaşasa dünya qarmaqarışıqlıq içərisində dağılar
ki!
Bir anlığa təsəvvür edək ki, bizim ailədə mən yalnız öz
istəklərimi yerinə yetirirəm, ata-anamın, nənə-babamın,
bacı-qardaşımın arzu və istəklərini nəzərə almıram. Bacım da,
qardaşım da, atamda da, anam da, hamı, hamı bu cür davranır. Bizim
ailədə vəziyyət necə olar? Burada yaşamaq mümkün olarmı? Əlbəttə
yox.
Cəmiyyət ailənin böyük formasıdır. Buna görə də ailədə olduğu kimi,
cəmiyyətdə də hər bir adamın həm cəmiyyət qarşısında, həm də onun
hər bir fərdi qarşısında öz vəzifələrivardır. Bu vəzifələrin
yerinə yetirilməsinə də hər kəs məs'uliyyət
daşıyır. Beləlikə, hər yerdə insanların birgə, bərabər, mehriban,
qardaşlıq, dostluq, səadət icərisində yaşamalarını təmin
edən qanunlara, qaydalara bir ehtiyac duyulur. Bu ehtiyac isə
ancaq insanın mənəviyyatının zənginləşməsi ilə ödənilir.
Buradan da belə bir
sual doğur: insanlar arasındakı, cəmiyyətdəki bu əlaqələri kim
tənzim edit, bu həyat tərzi necə, hansı qanun-qaydalara əsasən
qurulur? Bütün bu vəzifələri yerinə yetirərkən insan necə
davranmalıdır?
İnsanın davranışı,
özünü aparması onun əxlaqıni göstərir. Əxlaq isə insanın
mənəviyyatından qidalanır. Deməli, insan necə bir mənəviyyata
malikdirsə, əxlaqı da ona görə formalaşır. İnsan hansı əxlaqa
sahibdirsə, həm başqa insanlara, həm də ətrafındakı canlı və
cansız aləmlərə münasibəti də elə olur. Deməli, insanı insan edən
onun mənəviyyatıdır.
Bəs mənəviyyat nədir?
Mənəviyyat -
insanın əxlaqını formalaşdıran ruhi
keyfiyyətlərdir.
İnsanın ruhi keyfiyyətləri dedikdə ilk növbədə onu digər
canlılardan fərqləndirən ağlının, şüurunun, vicdanın, iradəsinin
olması nəzərdə tutulur.Elə insanı insan edən də budur, yoxsa,
insan ağlından istafadə etməyəcəksə, şüurunu işlətməyəcəksə,
vicdanı ilə hər şeyi ölçüb-biçməyəcəksə, zərərli vərdişlərdən,
hərəkətlərdən uzaqlaşmaq üçün iradəsindən istifadə etməyəcəksə, o
zaman insanın başqa canlılardan, heyvanlardan fərqi nədir? Heç bir
canlıda bu keyfiyyətlər yoxdur.
Bax, mənəviyyat məsələsi də burada üzə çıxır. İnsanın ağlı, süuru,
vicdanı, iradəsi vardır, lakin bunları o, özü əldə etməmişdir,
bunlar ona verilmişdir. İndi ki bütün bunlar insana verilmişdir, o
zaman bunlardan istafadə etməyin qayda-qanunları da
bildirilməlidir, yoxsa insan bütün bunları haradan biləcək?
Bəs bu qayda-qanunları verən kimdir? Bunlar necə qanun-qaydalardır?
Cavab yalnız bu ola bilər: insana həyatı kim veribsə, ona ağlı,
şüuru, vicdanı, iradəni də o vermişdir. İnsana necə yaşamağı
öyrədən də odur.
Mənəviyyatımızın mənbəyi.
Mənəviyyatımızın mənbəyi bütün aləmləri, o cümlədən şüurlu varlıq
olan bizləri yaradan Allahın göndərdiyi Kitab- Qur`ani-Kərim
və Onun son elçisi, şanlı Peyğəmbərimizin həyat tərzidir.
Nə üçün bu ikisi?
Bu sual e`tiraz şəklində hər an eşidilə bilər. Lakin etiraz etsən
də, etməsən də, bilməlisən ki, həyatda yaşamaq üçün insanın seçə
biləcəyi üç yol vardır:
birinci yol: insanlar heç kəsi dinləməyəcək, hərə öz
ağlının kəsdiyi, kefinin istədiyi kimi yaşamayacaqdır;
ikinci yol:
insanalar daha ağıllı hesab etdikləri
başqa insanların ağlından istifadə edəcək, onların dedikləri,
öyrətdikləri kimi yaşayacaqlar;
üçüncü yol: insanlar özlərinin iradəsi olmadan
mükəmməl bir varlıq olaraq Allah tərəfindən yaradıldıqlarını
dərk edib Onun əmrlərinə uyaraq yaşayacaqlar.
Gəlin, biz də süurumuzdan, ağlımızdan istifadə edərək bu üç yolun
hər biri barədə azacıq düşünək, hansının doğru olduğunu anlamağa
çalışaq.
Birinci yol. Əgər insanlar hərə öz bildiyi kimi, öz
kefinə görə yaşasa, o zaman heç bir qaydaya, qanuna ehtiyac da
qalmaz. Qaydasız –qanunsuz bir cəmiyyətdə isə zülm hakim olar.
Kimin kefi nə istəsə, onu edər. O zaman insan yer üzünün bəlasına
çevrilər. Heç kəs başqa birisinə etibar etməz, inanmaz, güvənməz.
Hamı bir-birindən qorxar, çəkinər. Çünki qarşısındakı insanın nə
düşündüyündən xəbərdar olmadığından, onun nə düşündüyünü
bilmədiyindən ondan bir faydalı davranış gözləməz. Beləliklə,
insan heyvandan daha təhlükəli varlığa çevrilər. Belə bir həyat
tərzini kimsə qəbul edərmi? Hətta insan cəmiyyətindən təcrid
olunmuş Mauqli belə öz keyfinə görə yaşaya bilmir, meşə
qanunlarına tabe olmaq məcburiyyətində qalırsa, o zaman insan kimi
yaşamağın da bir
qayda-qanunu olmalı deyildirmi?
İkinci yol. İnsanlar daha ağıllı hesab etdikləri
başqa birisinin həyat tərzini örnək, hətta onu özlərinə lider
qəbul edib yaşaya bilərlər. Lakin burada başqa bir məsələ də
vardır. Əgər insan daim başqasının ağlı, şüuru ilə yaşamalı
olsaydı, o zaman ağıl, şüur, vicdan, iradə hər kəsə deyil, bir
adama verilərdi. İnsana vicdan da gərək olmazdı, çünki vicdan
insana o zaman gərək olur ki, şüurundan, ağlından istifadə etsin.
Bu zaman insan heyvan sürüsündən də aşağı səviyyədə bir varlığa
çevrilərdi.
İndi ki, hər kəsin ağlı, şüuru vardır, deməli, hər kəs öz ağlından,
şüurundan istifadə etməlidir.
Digər tərəfdən, insan daim dəyişən varlıqdır. Bu dəyişkənlik onun
ağlına, şüuruna aiddir. Yoxsa, insan bədən quruluşuna görə bir
milyon il əvvəl necə idisə, indi də elədir- o zaman da iki ayağı,
iki əli, bir başı, iki gözü, iki qulağı, bir ağzı, bir dili vardı,
indi də elədir. Dəyişən onun şüuru, ağlıdır. Indi ki, insana ağıl
və şüur verilmişdir, o zaman hər bir insan bunlardan istifadə
etməlidir.
Bir də ağılla əxlaq eyni deyildir, ağılla, şüurla vicdan eyni
deyildir. Çox ağıllı adam Allahdan qorxmursa, çox əxlaqsız və
fırıldaqçı da ola bilər. Çox ağıllı, çox savadlı adam Allahı inkar
edirsə, yalnız “mən-mən” deyirsə, çox vicdansız da ola bilər,
başqalarını uzun müddət aldanıb onların hesabına yaşayar. Tarixdə
belə şəxslər, belə misallar çox olmuşdur. Bir elmi dəlil başqa bir
elmi nəzəriyyəni inkar etmiş, birisinin vaxtı ilə meydana
çıxardığı dahiyanə qəbul edilən görüşü sonradan sabun köpüyü kimi
partlayıb yox olmuşdur. Firona, Nəmruda, Napoleona, Leninə,
Stalinə, Hitlerə, Mussoliniyə inanan, onları ideal kimi qəbul edən
milyardlarla insanlar sonra aldandıqlarının fərqinə varmışlar.
Onların qurduqları sistemlərin, yazdıqları və yazdırdıqları
qanun-qaydaların bir insana və ya bir qrup insana xidmət etdiyini
sonradan anlamışlar. Amma çox gec olmuşdur, insanlar istismar
olunmuş, milyonlarla nahaq qanlar axıdılmış, milyonlarla insan
zülm və işgəncənin qurbanı olmuşdur.
Nəhayət, üçüncü yol. Insan özünün iradəsi olmadan,
onun istəyindən asılı olmadan mükəmməl bir varlıq olaraq
yaradıldığını dərk edir. Anlayır ki, onu yaradan vardır. Allah hər
şeyin yaradıcısıdır. Ucsuz-bucaqsız göyləri də, ondakı ulduzları,
Ayı, Günəşi də, Yeri də, Yerdəki dağları, çayları, dənizləri,
meşələri, çölləri də, onlarda olan hər cür canlıları – balıqları,
quşları, böcəkləri, həşəratları, heyvanları, hər şeyi, hər şeyi
yaradan Odur. Bu qədər heyrətamiz varlıqları yaradan Allah,
əlbəttə, onlara necə yaşamağı da öyrədər. Bunu öyrətməyin yolu isə
ikidir.
1)
elm, bilik vermək;
2) bu elmdən, bilikdən necə istifadə etməyin yollarını göstərmək.
Beləliklə də, aləmləri yaradan insanlara mütləq həyat, aləmlər,
ondakı nizam və intizam, nədən necə və nə qədər istifadə etməyin
yolunu göstərən bilgilərdən ibarət bir Kitab –
Quran göndərmişdir. Burada
insanlara lazım olan elmlərin hamısı, o cümlədən əxlaq qanunları
və qaydaları şərh edilmişdir.
Bir də, bu qanunları, qaydaları həyata necə tətbiq etməyi öyrədən
bir seçilmiş insan- peyğəmbər
göndərmişdir ki, insanlar Kitabı anlamaq üçün ona müraciət
etsinlər, ondan necə yaşamağı, necə oxumağı öyrənsinlər.
Ona görə də Uca Yaradan daim insanlara öz əmrlərini və bu əmrləri
yaşayan insanlar göndərmişdir. Bütün bu əmrlər əvvəlcə səhifələr
halında, sonradan isə kitab halında halında göndərilmişdir. Lakin
bir müddət sonra insanlar bu səhifələrə, kitablara dəyişiklikləri
etmişlər. Allah da hər dəfə onları ləğv etmiş, yenisini
göndərmişdir. Son olaraq göndərdiyi kitaba isə Allah “ Quran” adı
vermişdir və bunun son Kitab, peyğəmbərin də son peyğəmbər
olduğunu, Kitaba kimsənin dəyişiklik və ya düzəliş edə
bilməyəcəyini və onu dünyanın sonunadək qoruyub saxlayacağını
bildirmişdir. Bu iki mənbəni yaxşı bilən və bildiklərini də
yaşayan insan – yer üzünün əşrəfi, yer üzərində Allahın xəlifəsi
ola bilər.
Bəzən insanlar Allahın varlığını qəbul etsələr də, Onun əmrlərini,
dediklərini qəbul etmək istəmirlər. Məsələn, bəziləri “Allah
vardır, hər şeyi O yaratmışdır”- deyir, amma Quran , peyğəmbər
göndərdiyini qəbul etmək istəmir.
Belə məntiqi anlamaq mümkün deyildir. “Allah vardır, hər şeyi
yaradan Odur”, deyirsən, buna inanırsan, amma bu qədər mükəmməl
aləmləri yaradanın bir kitab, bu qədər canlıya həyat verənin,
insanları yaradanın bir peyğəmbər göndərə biləcəyini şübhə altına
alırsan, yaxud rədd edirsən? Doğrusu, buna nə ağıl,nə də məntiq
demək mümkün deyildir.
İlahi mənəviyyata sahib olmaq insanlara
və cəmiyyətə nə vermişdir?
İlahi mənəviyyata sahib olmaq insanlara mənsub olduqları ailəni,
xalqı, dövləti, bütün insanları sevməyi, hörmət etməyi,
qayğıkeşliyi, namuslu, qeyrətli, vəfalı və sədaqətli olmağı
öyrıtmiş, onlara ən üstün keyfiyyətlər qazandırmış, xalqımızın
təfəkkürünü, dünyagörüşünü, həyat anlayışını müəyyən etmişdir. Bu
dünyagörüşü ilə bir çox elmi kəşflər edilmiş, nəsillər
tərbiyələnmiş, mədəniyyətə yiyələnmiş, dünya dövlətləri arasında
layiqli yer tutmaq müəssər olmuşdur.
Gözəl əxlaqa yiyələnənədək əcdadlarımız çox uzun bir yol keçmiş,
bir çox məşəqqətlərlə rastlaşmış, onlara sinə gərmiş, ən sonda
canları və qanları bahasına gözəl əxlaqı qazanmış, yaşamış, sonra
bizlərə bir məqsədə xidmət etmiş, özlərindən sonra gələcək
insanlara miras qoyub getmişlər. Onlardan sonra gələnlər də bu
əxlaqı yaşamış, qorumuş, özlərindən sonra gələn bir başqa
nəsillərə bunları öyrətmişlər.
Demək, biz də bu vəzifəni həyata keçirməli, əcdadlarımızın bizə
verdiyi əmanəti təhvil verməliyik.
|