|
Biz görsək də, görməsək də, bədən bu ay ərzində aşsüzənin gözündən süzülən kimi arınır, bir çox sağlamlığa zərərli maddələrdən xilas olur
Araşdırmalar göstərir ki, Ramazan ayında oruc tutan müsəlmanların bu ibadətlə bağlı ən çox xətaları gün boyunca yatmaq, saatlarla televizora baxmaq və iftarı açan kimi siqaret çəkməkdir. Bütün bunlar əslində Ramazan orucu haqqında əsassız təlaşdan qaynaqlanır. İnsan günün uzunluğundan və iftara yetişə bilməyəcəyindən qorxaraq günün bir hissəsini yatmaq istəyir. Halbuki insan orqanizmi çox böyük potensiala sahibdir və aclığa, susuzluğa günlərlə davam gətirə bilər. Amma Ramazan günündə fəal həyat keçirmək daha səmərəlidir. Əgər gün ərzində oruc tutub səhərdən axşama qədər də yatsaq, daha bunun nə əziyyəti, nə çətinliyi olar? Əsl ibadət odur ki, həm oruc tutasan, həm də həmişəki qədər və bəlkə də daha çox çalışasan, xeyirli işlərə yarayasan. Televizor məsələsinə gəldikdə onu deyək ki, bu cihaz insanda həmişə passivlik əmələ gətirir. Televizora baxmaq lazımdır, amma daha gecədən səhərə, səhərdən axşama qədər yox. Nəyi isə öyrənmək üçün, lazım olan məsləhətlər əldə etmək üçün bu texniki nailiyyətin imkanlarından əlbəttə istifadə etmək lazımdır, amma daha bu qutunun əsiri olmaq doğru deyil. Siqaret məsələsinə gəldikdə isə onu deyək ki, gün ərzində ac qalan bədən xeyli zərərli maddələri atır. Biz görsək də, görməsək də, bədən bu ay ərzində aşsüzənin gözündən süzülən kimi arınır, bir çox sağlamlığa zərərli maddələrdən xilas olur. Orqanizmin bu cür həssas bir məqamında onu nikotinlə zəhərləmək çox ağır zərbəyə məruz qoymaqdır. Əgər çəkməyə bilmirsinizsə, siqareti iftar olan kimi ağzınıza aparmayın. Süfrədən uzaqlaşandan bir qədər sonra çəksəniz, iftarın ilk anındakı qədər ağır təsir göstərməz. Amma onu da unutmayın ki, gündə istər bir qutu siqaret çəkin, istər bir ədəd, çox az fərq edər, çünki orqanizm vərdiş halını almış nikotin dozasını elə o 1 siqaretdən də ala bilir. Son illərdə bir çox İslam alimləri siqaretin sağlamlığa zərər vurduğu və eləcə də israfa səbəb olduğu üçün onu haram elan ediblər. Onu da bildirək ki, Ramazan ayı bu zərərli vərdişdən qurtarmaq üçün çox böyük fürsətdir. Əgər siz günün 14-15 saatını ondan uzaq dura bilirsinizsə, iradənizi səfərbər edib gecəni də bu bəladan qurtara bilərsiniz. Etiraf edək ki, bu gün bir çoxumuz siqaretə elə əsir olub ki, ondan nə qədər əziyyət çəkdiyini və istəsə də qurtara bilmədiyini etiraf edir. Ramazanla bağlı əsassız təlaşlardan biri də özünü iftar süfrələrində göstərir. Belə ki, iftar süfrələri cürbəcür yeməklərlə bəzədilir. Süfrəyə 4-5 adda isti yemək gətirilir. Halbuki Peyğəmbərimizin də buyurduğu kimi az çeşidlə yemək daha məqsədəuyğundur. Oruc ibadəti sizi qorxutmasın. Bir həqiqəti bir daha təkrarlayaq ki, bu lətif ibadəti xəfif, yüngül, tez həzm olan yeməklərlə yaşayıb, onun zövqünü, ləzzətini ruhumuzda hiss edə bilək.
RAMAZANDA QİDALANMAYA FİKİR VERİNRAMAZANI NECƏ BAŞA DÜŞƏKRəsulullah (s.ə.s.) oruc haqqındaRamazanda hədəfimizTƏRAVİH NAMAZIMübarək üç aylarHər ləkəni yuyan iksirAllah-Təalaya yaxınlaşma fürsətiKörpəni qoruyan kimdir?Elm və texnologiya üfüqləriÖlmək dirilməkdirQızıl alma-ərikİşıq və şüalarBal pətəyinin riyazi sirləriTənqid psixolgiyası
|
|