|
HEKAYƏLƏR
HƏZİN
BİR YALNIZLIQ
Hərdən görürsən ki, darıxırsan. Sanki burnunun
ucu göynəyir.
İçində xiffətini çəkirsən, həsrətsən bir
cüt qara gözə. Gün boyu onu axtarırsan, hətta yatanda da dua-dua
yalvarırsan Sultanına, “Nə olaydı, bircə yuxu görəydim. O nur
dolu gözlər, Haqqın aşiqlik yolu girəydi yuxuma,” - deyə iztirab
çəkirsən. “Nə olaydı Sultanım, mərhəmətini əsirgəmə bizdən,
Allahım?” - deyə ahu-fəğan edirsən. Güllərə yazırsan adını, gül
ətirlinin. Sənə bülbülün halı tanışdı. Ancaq sən bülbüldən
betərsən bu an. Bülbül səni görsə dərdini unudub səninçün oxuyar
şərqilərini. Şam kimi yanırsan mum kimi əriyərək. Ancaq sənin
yanmağının yanında şam kölgədə qalır. Şam bir ucdan yanarsa,
sənin bütün vücudun yanır durmadan. Mənbə isə qəlbindir. Bütün
vücudun gündə neçə dəfə əriyir, muma dönür. Gözlərin də qurutmur
yaşını. Heyrət, bir gözdə nə qədər yaş olar. Hardan alır
gözlərin bu qədər yaşı. Bəlkə Nil kimi mənbəyi Cənnətdir, çeşmə
kimi çağlayan göz yaşlarının. Ümmanları o əmələ gətirdi
çağlayaraq Həbibin həsrəti ilə. Sənin yolunun yolçularını,
gözləri daima nəmli olanları görəndə səndən utanıram. Düşünürəm,
sənin yolunda zənn edirik özümüzü. Ancaq boş içimizi mənasız
şeylərlə doldurmağa çalışırıq aldadaraq sənə həsrət könlümüzü.
Layiq olduğun kimi tanımırıq səni. Biz bizsiz olmağa razıyıq, Ey
Sultan, Sənsiz buraxma bizi. Təhəmmül etmərik buna yaralı
qəlbimizlə - demək istəyirəm minlərlə özüm kimilərin əvəzindən.
Ancaq döyünən qəlbim “Allah, Allah” atışları ilə məni ayıldır.
Sənsiz olmadığımı yenidən anladır bu atışlarıyla mənə. Baş-başa
verən ağaclar, mənim həzin yalnızlığım kimi tərk edilmiş xurma
ağacının iniltisini xatırladır mənə. Ancaq, mənim ümidsiz halıma
“Həbib”inin həsrətindən saralıb- solan Haqq dostuna ünvanlanmış
kəlmələr qanad verir: “Sevən sevdiyi ilə bərabər olar.” Yenə
qaldırıram əlimi müznib halıma acıyaraq: “Nə olar bir yuxu”, -
deyə səsləyirəm Səni.
Yuxularım Sənsiz qalıb,
Bilirəm, layiq deyiləm.
Eşqindən sərxoşam, Gülüm,
Sənsiz mən ayıq deyiləm.
Misraları davam etdirir həzin
yalnızlığımı.
|