|
FƏLSƏFƏ
HƏYATIN ƏSL MƏNASI
Bütün təriflər, bütün həmdlər və sənalar şəriki, ortağı, övladı və
bənzəri olmayan hər şeydən böyük olan Allaha məxsusdur. Allahın
salavatı və salamı onun rəsulu və qulu, peyğəmbərlərin sonuncusu
olan Məhəmmədə (sav) onun ailəsinə olsun və əshabına olsun.
Yaranmasından ölümünə qədər bəşərin
yaşadığı müddət – insan ömrü. İnsan bu müvəqqəti həyatını dünyada
keçirir; burada Yaradanı tərəfindən ona nemət olaraq
verilənlərdən faydalanır. Yaxşı və ya pis işlərlə həyatını
keçirir. Bütün bunlardan sonra Allahın hüzuruna qayıdar.
Həyatımızın mənası və məqsədi – bu
məvhumlar hamımız üçün mühim, maraqlı və tale yüklüdür. Yəgin ki,
hər birimiz nə vaxtsa özümüzə sual vermişik: “biz haradan və nə
üçün gəldik?”, “bu dünyada nə üçün yaşayırıq?”, “bizim və başqa
canlılarin yaradılmasının məqsəd və mənası nədir?”, “hansı
məqsədlər üçün varıq?”. Bu suallar çox qədim dövrlərdən bəri
bəşəriyyəti dərin təfəkkürə və arayışa sövq etmişdir. Arayışlar
bəzilərini doğru istiqamətə, bəzilərini isə yanlış istiqamətə
yönəltdi. Bu düşünmə və ya düşünməmə nəticəsində kimisi həyatın
mənasını Allaha qulluqda, kimisi ailəsini saxlamaqda, kimisi keyf
çəkməkdə, kimisi pulda, kimisi iş həyatında, kimisi idmanda,
kimisi musiqidə və kimisi də əyləncələrdə gördü. Bu sual
qarşısında doğru cavabı tapa bilənlər həm dünya, həm də
axirətlərini abad etdilər, bu sual qarşısında aciz qalanlar isə
iki dünyalarını da bərbad etdilər. Göründüyü kimi bu sual və ona
veriləcək cavab həyatın ən mühim məsələrindən olduğu üçün bunlar
üzərində təfəkkür etməyə və bunları araşdırmağa böyük ehtiyac
vardır.
Məsələyə girmədən öncə bir az düşünək,
ilk öncə fikirləşək hansı mövzuların tətqiqi, təcrübədən
keçirilməsi insanın öz əqli və qüdrətindədir. İnsanın elmi
cəhətdən dəqiq olaraq bildiyi və tətqiqatlarla sübut edə bildiyi
məsələlər insanın yaşadığı və ya əldə edə biləcəyi, hissiyyat
orqanları ilə biləcəyi fiziki və kimyəvi mühitlə bağlı
məsələlərdir. Yəni insan cihazların köməyi ilə bəzi fikizi və
kimyəvi qanunları kəşf edir, onlara uyğun ixtiralar edir. Bu kəşf
və tətqiqatların nəticəsində kimya, fizika, biologiya və sair elm
sahələri təşəkkül tapmışdır.
Lakin bu elm sahələri yalnız mövcud
fiziki və kimyəvi mühiti tətqiq etməkdə və bununla da həyatın
qlobal metafizik sualları qarşısında aciz qalmaqdadır. Biologiya,
kimya və fizika heç bir zaman insanın yaşayış fəlsəfəsi,
ölümündən sonra onun ruhu barəsindəki suallara cavab verəbilməz.
Bu və buna bənzər hallarda insan əqli və qüdrəti aciz qalır.
İnsanın hissiyyat orqanlarıyla dərk edə bilməyəcəyi məsələlərdəki
acizliyi səbəbilə bizləri yaradan böyük hikmət sahibi Allah, hər
zaman bəşəriyyət üçün bu məsələlərdə çıxış yolu kimi öz elçilərini
göndərmişdir. Allahın elçiləri insanlara həyatlarının məna və
məqsədini başa salmış, onları yanlış təsəvvür və yollardan
çəkindirmişlər. Məhz buna görə də hissiyyat orqanları və dəqiq
elmlərin aciz qaldığı sahələrdə ən uyğun olan yol peyğəmbərlərin
göstərdiyi doğru yoldur. Çünkü onsuzda ağlımızla bu məsələlər dərk
edilməz, ölçülməz və biçilməz. Ən doğrusu, bu məsələləri elmi ilə
hər şeyi əhatə edən Allaha dayanmaqla həll etməkdir.
Lakin bu o demək deyil ki, insan öz
ağıl və sağlam məntiqi ilə təməl həyat prinsiplərini bilə bilməz.
Əsla, məntiq və ağıl sahibi insan ətrafındakı varlıqların və
özünün bir sistem və elmin məhsulu olduğunu görməklə sonsuz qüdrət
və elm sahibi birisi tərəfindən yaradıldığını başa düşür. Onu
yaradanın ali qüdrət və hikmətini düşündükcə insan onun adilliyini
heç nəyi boş yerə, mənasız yaradmayacağını başa düşür. Bu ağıl
yolu ilə insan özündən soruşur- “Allah məndən nə istəyir?”. Bu
məsələlərin yalnız Allaha dayanmaqla həll edilməli olduğunu
bildikdən sonra gəlin görək Allah bəşəriyyətə olan öz sonuncu
kəlamında bu barədə nə deyir.
İnsanın anadan olmasından ölümünə
qədər yaşadığı müddət, ömür.
"Həyat"
haqqında tarix boyunca bir çox fəlsəfi nəzəriyyə irəli sürülmüş;
həyatın başlanğıcı, gayəsi, mənası mövzusunda əsassız və insanı
qane etməkdən uzaq müxtəlif şərhlər edilmişdir. Quran-ı Kərim
bunlardan bəzilərini nümunə olaraq bizə bildirməkdədir:
"(Qiyaməti
inkar edənlər) belə deyirlər: "Dünya həyatımızdan başqa heç bir
həyat yoxdur; ölürük və dirilirik (biri ölür, digəri anadan olur;
biz ölürük, övladlarımız, nəslimiz isə yaşayır); bizi öldürən
ancaq dəhrdir (zamanın gərdişi, ömür müddətidir; yaşa dolub
qocalmağımızdır). Bu barədə onların heç bir biliyi yoxdur. Onlar
ancaq zənnə qapılırlar! "(əl-Casiyə
(Diz çökmüş camaat) surəsi,
45/24)
"Bizim
həyatımız yalnız bu dünyadadır. (Birimiz) ölür, (birimiz)
dirilirik. (Birimiz dünyaya gəlir, birimiz dünyadan gedirik). Biz
(öləndən sonra bir daha) dirildiləcək deyilik!" (əl-Mu’minun
(Mö’minlər) surəsi,
23/37)
Ayələrdə bəhs edilən əqidə sahibləri
"həyatın sadəcə bu dünya həyatından ibarət olduğunu" zənn edən,
öldükdən sonra dirilməyi inkar eden ateist (dinsiz) və
materyalistlərdir.
"Dünya
Həyatı" mövzusunda ən açıq-aydın və qane edici məlumatı Quran-i
Kərim və Hədîs-i Şəriflər verir. Quranda "dünya həyatı" ifadəsi
qırxa yaxın yerdə istifadə olunur. Bunun əksi olaraq da bəzən "âxirət"
sözü “Ey qövmüm bu dünya həyatı keçici bir şeydir, axirətsə əbədi
yurddur! (əl-Mü'min, 40/39) (Fussilət, 41/31; əz-Zuxruf, 43/35;
əl-Ə'lâ 87/16); bəzən yevmu'l-qiyamət (əl-Qasas 28/61) ifadələrini
istifadə edib.
İlk insan və ilk nəbi Hz. Adəm (ə.s.)
və onun həyat yoldaşı Hz. Həvva Cənnətdə onlara qadağan olunan
ağacın meyvəsindən yeyincə Allah (c.c.) onları yer üzüne endirdi:
"Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə,
Həvvaya və Şeytana): "Bir birinizə düşmən kəsilərək (buradan kənar
olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər
sığınacaq və yaşayış vasitələri var dedik."- dedik. (əl-Bəqərə
(İnək) surəsi,
2/36)
Allah kəlamı olan Quran, dünya həyatını belə ifadə və təsvir edir:
"Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin
qarşısında öyünmək və mal- dövləti, oğul- uşağı çoxaltmaqdan
idarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki
(məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun
saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya
malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına
uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya
həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir. " (əl-Hədid
(Dəmir) surəsi,
57/20)
"(Ya
Rəsulum! Səndən yoxsulları öz məclisindən qovmağı tələb edən
təkəbbür sahiblərinə) bu dünyanı misal çək: (Bu dünya) göydən
yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onunla qarışıb (onu
içib) yetişər, sonra isə dönüb küləyin sovurduğu quru çör-çöp (həşəm)
olar. Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə) qadirdır!
" (əl-Kəhf
(Mağara) surəsi,
18/45)
"Şübhəsiz
ki, dünya həyatı oyun-oyuncaq, əyləncədir. Əgər iman gətirsəniz və
(pis əməllərdən, günahlardan) çəkinsəniz, O sizə mükafatlarınızı
verəcəkdir. O sizdən mal-dövlətinizi (tamamilə Allah yolunda sərf
etməyi) istəməz (yalnız zəkat verməyinizi istəyər). " (Muhəmməd
surəsi,
47/36)
Allah, ölümü və həyatı insanları imtahan etmək üçün yaratdığını
belə ifadə edir: "Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli
etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət
sahibidir, (çox) bağışlayandır" (əl-Mulk
(Mülk və ya hakimiyyət) surəsi,
67/2)
"Əlbəttə,
Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və
məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara)
səbr edən şəxslərə müjdə ver!" (əl-Bəqərə
surəsi,
2/155)
Allah, bu dünya həyatını edəcəyimiz əməllərə görə bizi hesaba
çəkmək, yaxşı əməllərə mükafat, pis işlərimizə görə cəza vermək
üçün yaratdığından, yaxşı və pis əməllərin nələr olduğunu
peyğəmbərləri və kitabları vasitəsilə insanlara xəbər vermişdir.
Bu, Allahın bizə qarşı rəhmət və mərhəmətinin göstəricisidir. Əgər
insanlar Allahın peyğəmbərlər vasitəsilə bildirdiyi həyat tərzinə
uyğun həyat sürərlərsə mütləq nicat aparacaqlar. Bu barədə düşünüb
təfəkkürə dalsınlar deyə Allah insanlara ağıl da vermişdir.
Allahın xəbər verdiyi əmr, qadağa və
tövsiyyələr açıq ağılla birlikdə insanı düz yola (sırat-əl
müstəqimə) aparır.
Mələklərdən fərqli olaraq insanın
daxilində onu pis yola və əxlaqsızlığa sövq edən nəfs və şeytan
vardır. İnsan hər zaman nəfs və şeytanın azdırmalarına qarşı
ehtiyatlı olmalı, onlarla mütəmadi olaraq mübarizə halında
olmalıdır. Bu mübarizədə qalib olanlar mükafat, məğlublar isə cəza
alacaqlar Allah öz Uca Kəlamında belə buyurur:
"Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini)
görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş
görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).
(əz-Zilzal
(Zəlzələ) surəsi,
99/7-8).
Dünyanın insanı özünə çəkən
cəzbediciliyi vardır. Dünyanın bu xüsusiyyəti barəsində Quran
ayələrində belə buyurulur: "Qadınlar, uşaqlar, qızıl-gümüş
yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin
istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin
bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri
isə Allah yanındadır." (Ali-İmran
(İmran ailəsi) surəsi,
3/14)
"Ey
iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi
Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada
salmasa), belələri əsl ziyana uğrayanlardır. " (əl-Munafiqun
(Münafiqlər) surəsi,
63/9)
"(Bəzi
adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın
bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm
savab, həm də (Allahın mərhəmətinə) ümid e’tibarilə daha
xeyirlidir! " (əl-Kəhf
(Mağara) surəsi,
18/46)
"Bilin
ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında)
ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!"
(əl-Ənfal
(Qənimət)
surəsi, 8/28)
Dünya bər bəzəyinin (mətainin) nələr
olması haqqında Peyğəmbərimizin (s.a.v.) bir sıra mübarək
hədisləri də vardır. Bu hədislərə görə, nəfsin xoşuna gələn,
insanı cəzb edən şeyler dünya metaidir (bər bəzəyidir): "Dünya
şirin və xoş mənzərəlidir. Allah orada (dünyada) sizi başqasının
yerinə keçirəcək ki necə əməl edəcəyinizi (hansı işlər
görəcəyinizi) baxsın. Buna görə də dünyadan ehtiyatlı olun (qorunun),
qadınlardan ehtiyatlı olun. İsrailoğullarının başlarına gələn ilk
fitnə (imtahan) qadınlar arasında olmuşdur. " (Riyazu's-Sâlihîn,
I, 84)
Dünya həyatından sonra əbədi axirət
həyatı vardır: Axirət dünyası isə çalışma və əməl yeri deyil,
dünyadaki çalışmaların əvəzini qazanmaq yeridir. Ədəbi səadət və
əbədi bədbəxtlik bu həyat nəticəsində qazanıldığı üçün dünya
həyatı çox qiymətli, çox mühümdür. Bu həyat yaxşı
qiymətləndirilməli, ömür boş və mənasız keçirilməməlidir. Uca
Allah belə buyurur:
"Ey
iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət
üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun.
Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır" (əl-Həşr
(Toplanma) surəsi,
59/18)
"Ey
insanlar! Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) və’di haqdır.
Dünya həyatı sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb
yoldan çıxartmasın!" (Fatir
(Yaradan) surəsi,
35/5)
"Rəbbinizin
məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər
üçün hazırlanmış Cənnətə tələsin." (Ali-İmran
(İmran ailəsi) surəsi,
3/133)
Bununla belə mükəmməl dinimiz bizi
axirətə yönəltməklə birlikdə, dünyaya qarşı da qapanmamağı, rahib
və dərviş həyatı keçirməməyi əmr etmişdir. Qurani Kərim bizə
çalışmağı, iş görməyi, səy göstərməyi əmr etmiş, dünya
nemətlərindən halal olmaq şərtilə istifadə etməyi tövsiyyə
etmişdir:
"Allahın
sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf
et). Dünyadakı nəsibini də unutma. (O maldan qismətinin ancaq bir
kəfən olduğunu bil. Pulunu mə’nasız yerə sağa-sola səpələmə;
səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni
Allahın əzabından qurtara biləcək yaxşı əməllər et). Allah sənə (sərvət
verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara,
qohum-əqrabaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad
törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri
sevməz!" (əl-Qəsəs
(Hekayət) surəsi,
28/77)
"Namaz
qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən
ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox
zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada
muradınıza yetişəsiniz!) " (əl-Cumuə
(Cümə) surəsi,
62/10)
"İnsana
ancaq öz zəhməti (sə’yi, çalışması, əməli) qalar! Şübhəsiz ki, (qiyamət
günü) onun zəhməti (sə’yi, əməli) görünəcəkdir! " (ən-Nəcm
(Ulduz) surəsi,
53/39-40)
Peyğəmbərin yolunun davamçısı olan həqiqi müsəlman hərşeyin yerini
bilir, hər şeyi yerli yerində edər, dünya həyatını, ömrünü yaxşı
əməllərlə qiymətləndirər. Uşaqlarının ruzisini halalından qazanmaq
üçün çalışar, əlinin və ya beyninin əməyi ilə həyatını təmin edər.
İbadətlərini vaxtında edər, qazandığından Allah yolunda da
xərcləyər. İnsanlara, cəmiyyətinə yaşadığı dövlətə faydalı olmağa
səy göstərər. Dünyası üçün axirətini, axirəti üçün dünyasını tərk
etməz. İkisinin arasında ziddiyyətsiz və taraz bir həyat tərzi
meydana gətirər.
Allah bizi bu tərz həyatla ömür sürməyi nəsib etsin və sonumuzu
xoşbəxt etsin.
|