Coğrafiya Yer səthini və təbiətlə cəmiyyətin qarşılıqlı təsiri gedişində onda yaranan təbii-təsərrüfat ərazi sistemlərinin inkişafı və idarə olunmasının qanunauyğunluqlarını öyrənən yeganə elmdir. Bu elmin üfüqləri getdikcə genişlənir, nəzəri və təcrübi əhəmiyyəti artır. Ona görə də coğrafiya elminin müxtəlif sahələrinə, o cümlədən tarixinə maraq xeyli artmışdır.
Coğrafiya tarixi elmi Yerin coğrafi mənzərəsinin tarixini aydınlaşdırır, onun öyrənilməsi mərhələlərini açıb göstərir. Bir sözlə, «Coğrafiya tarixi» kursunun başlıca vəzifəsi Yer haqqındakı ilkin coğrafi təsəvvürlərin, elmi biliklərin keçmişi, indisi və həm də gələcək istiqamətləri haqqında yetkin biliklər verməkdir.
Bu elmi öyrənməklə, Yerin ümumi mənzərəsinin işıqlandırılması və xəritələrin düzəldilməsi çoxlu xalqların, səyyahların, dənizçilərin və coğrafiyaçı alimlərin böyük fədakar əməklərinin nəticəsidir.
Hər bir elmin tarixinin öyrənilməsi, onun gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Keçmişimizin elmi axtarışlarını, səhvlərini və əldə etdikləri nailiyyətləri bilmədən elmin perspektivlərini müəyyən etmək qeyri-mümkündür. Tarix gələcəyin proqnozlarının əsaslarından biridir. Nə qədər ki insanlar yaşayır təbiətin tarixi və insanların tarixi biri-birilə bağlıdır və biri digərinə əsas yaradır. Vahid bir elm kimi formalaşan coğrafiya mürəkkəb inteqrasiya və differensassiya mərhələlərindən keçmişdir. İlkin olaraq təbiət və cəmiyyət elmləri tərkibində yaranan coğrafiyanın qolları sonrakı inkişaf mərhələlərində inteqrasiyaya uğrayaraq vahid elmə çevrilmişdir.
Elmin tarixi inkişafı rəvan olmamışdır. Uzun müddət irəliyə doğru yavaş-yavaş hərəkətlə yanaşı birdən elə kəskin dönüş mərhələləri olur ki, bu mərhələlərin də daha dəqiq öyrənilməsi xüsusi maraq doğurur. Belə kəskin dönüş mərhələlərinə XV-XVII əsrlərdə baş verən Böyük Coğrafi kəşfləri, Şimal-Cənub qütblərinin öyrənilməsi və Almaniya da Humbolt-Rixter, Rusiyada Pyotr Semyonov-Tyanşanski, Azərbaycanda Baharlı-Qafur Rəşad kimi iri coğrafi məktəblərin və kosmik coğrafiyanın yaranmasını misal göstərmək olar. Belə əhəmiyyətli keçid mərhələlərinin və elmi məktəblərin təhlili coğrafiya tarixinə daha qabarıq nəzər salmağa imkan verir.
Hazırda adlarının oxşarlığına görə coğrafiya tarixinə daha yaxın olan iki elm – tarixi coğrafiya və kəşflərin tarixi elmləri yaranmışdır.
Coğrafiya tarixi elminə hələlik tam tərif verilməyibdir. Ümumiləşdirilmiş şəkildə demək olar ki, coğrafiya tarixi Yer səthi və onun ayrı-ayrı hissələrinin kəşf olunması, xəritələşdirilməsi və coğrafi elmi fikirlərin yaranması və inkişafının tarixini öyrənir.
Tarixi coğrafiya müəyyən ölkələrin, yaxud ərazinin fiziki, iqtisadi və siyasi coğrafiyanın keçmiş vəziyyətini öyrənən tarixi-coğrafi biliklər sahəsidir. Coğrafiya tarixindən fərqli olaraq tarixi-coğrafiya keçmiş dövrlərin konkret iqtisadi coğrafiyasını tədqiq edir.
Coğrafi kəşflər tarixi özünün yazısı olan (rəsmlərdən əlavə) xalqların nümayəndəsinin ilk dəfə bu və ya digər obyektdə (materiklər, okeanlar, dənizlər, adalar, boğazlar, zirvələr, vulkanlar və i.a.) ilk dəfə olması, bu obyektlərin təsvirini verməsi və yaxud onu xəritəyə köçürməsidir. İndi buraya həmçinin coğrafiya sahəsində kəşf olunan yeni nəzəriyyələr və qanunauyğunluqların tarixi də əlavə edilir.
Coğrafi kəşflər dünya tarixinə güclü təsir göstərmişdir: yeni qitələrin, torpaqların tapılmasına, bir ölkənin varlanmasına, digərlərinin məhvinə, müstəmləkələrin əmələ gəlməsinə və s. səbəb olmuşdur.
(ardı var)
Mənbə:
- "Coğrafiya tarixi", Tapdıq Həsənov, Əbdürrəhim Hacızadə, Bakı, 2001