|
ELM
ADAMLARI
FÜZULİ

Əbədi şadlığın şərabı
üçün
Sözdən özgə cahanda
yox saqi!
Sözün ölməzliyinə söz
yoxdur,
Biz gedərsək də, söz
qalar baqi!
Füzuli tək Azərbaycan
yox, bütövlükdə şərq İslam və türk təfəkkür müştərəkliyinin uca
və bariz nümunəsidir. O özünün poetik və fəlsəfi əsərlərini üç
dildə - türk, fars və ərəb dillərində yazmışdır. Dil sərhəddini
qələm qüdrətilə aşan dahi sənətkar Yaxın və Orta Şərqdə
tərcüməsiz və tərcümansız sevilə - sevilə oxunmaqdadır.
Azərbaycan xalqının
mə'nəvi həyatında onun qəzəlləri və "Leyli-Məcnun" poeması
xüsusi yer tutur. Şairin qəzəllərinin fəlsəfəsi öz mündəricəsinə
görə dərin və incə, poetik ritminə görə lirikdir. Məhz bu
səbəbdən neçə əsrdir ki, bu qəzəllər klassik Azərbaycan
muğamlarının söz xəzinəsi kimi xanəndələrin repertuarının
əsasını təşkil edir. hər bir azərbaycanlı onun "Məndə Məcnundan
füzun aşiqlik iste'dadı var", "Canı kim cananı üçün sevsə,
cananın sevər" "Nalədəndir ney kimi avazeyi-eşqim bülənd"
misralı qəzəllərini, eləcə də digər lirik şe'rlərini hələ
məktəbə getməmişdən öyrənir.
Məhəmməd ibn Süleyman
Füzuli Azərbaycanda məşhur olan türkmənşəli Bayat
tayfasındandır. 1493-cü ildə doğulduqu ehtimal olunur. Şairin
ölüm tarixi daha dəqiqdir, belə ki, onun 1555/56-cı ildə
Bağdadda yayılmış taun epidemiyasından vəfat etdiyi mə'lumdur.
Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin
Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində
doğulduğu mə'lumdur. Bu şəhər şiə imamı Əlinin oğlu imam
Hüseynin müqəddəs məzarı ilə şöhrət tapmışdır.
XI əsrdə İraqın
səlcuqilər, daha sonralar isə monqol və Teymurilər tərəfindən
işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı
getdikcə artırdı. Bu proses sonralar da davam edir. 1508-ci ildə
şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana
birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə
Osmanlı imperiyasının tərkibinə daxil olur.
Bə'zi mə'lumatlara
görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş (Ağdaş
yaxınlığında) mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli
Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. 0, burada
özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil
təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab
edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur.
Eləcə də onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi
şəhərlərdə yaşaması Süleyman kişinin ruhani olduğuna dəlalət
edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası
Hillə şəhərinin müftisi olmuşdur.
Şair ibtidai təhsilini
Kərbəlada almış, sonra isə ehtimal ki, Bağdaddakı məşhur
mədrəsələrdən birində oxumuşdur. Şair öz "Divan"ının dibaçəsində
məktəb həyatını belə xatırlayır: "Və
mətalei-əxtəri-hüsuli-iqbalim bir məktəbi-mühəzzət idi ki,
fəzayi-şərifi sərvqəd sənəmlər birlə canə cinan müjdəsin
yetirirdi... Əmma hənuz ol növrəslərə nəzakəti-təbdən
tabi-intisabi -də-qayiqi-ülum və
taqəti-məşəqqəti-tə'limi-həqayiqi-hüdudu rüsum olmamağın
məhfili-behişt-asalərində həmişə əş'ari-aşiqanədən qeyri-nəsnə
oxunmazdı. Və mütaliə etdikləri övraqda cikərsuz qəzəllərdən
qeyri bir xətt bulunmazdı... Üfüqi-tə'bimdə hilali-mövzuniyyət
tülu" edib ol xurşidvəşlərdən iqti-basi-nuri-şövq etməkim
kün-kündən bir qayətdə mütəzayid oldu ki, az müddətdə
əş'üəyi-ənvari-nəzmilə çox şəhərlər və vilayətlər doldu.
Zaman-zaman sövdayi-şe'r sair əf'alimə qalib düşüb və
güruh-güruh leylivəşlər Məcnun kimi istimai-şe'r üçün başıma
üyüşüb şairligim müğərrər oldu. Və avazeyi-nəzmim ilə aləmlər
doldu və şöhrəti-tam buldu."
Füzuli bu fani dünyaya
söz üçün gəldiyini çox erkən duymuşdu. Vergili eşq şairi ilahi
eşqi, yaradana-yaranana sevgini, poetik obrazlarla, zərgər
incəliyi ilə işləyərək qeyri-adi sənət səviyyəsinə ucaltmışdır.
Gər deyil bir mah mehrilə mənimtək zar sübh
Başin açıb nişə hər gün yaxasın yırtar sübh?
Gün deyil hər gün bir ay mehrilə köksün çak edib
Tazə-tazə dağlərdir kim qılar izhar sübh.
Tiği-xürişd ilə rəf" olsa yeridir kim müdam
Yandırıb pərvaneyi, şəm?ə verir azar subh.
Gör nə aşiqdir ki, bir xurşid vəslin bulmağa
Sərf edər hər ləhzə min-min lö?löi-şəhvar sübh.
Eşqdə sadiqlik izhar etdi dağın göstərib
Ğaliba derlərdi kazib, qıldı ondan ar sübh.
Hicr şamında qəm etmişdi Fuzuli qəsdi-can
Olmasaydı mərhəmatdə dəm vurub qəmxar sübh.
"Elmsiz şe'r əsassız
divar olur, o divar qayətdə bie'tibar olur", ?yazan şair insan
sevgisinin fəlsəfi gizlinliklərinə enərək uzun ömürlü eşq
abidələri yaratmış və bu yöndə yorulmadan, usanmadan yaradıcılıq
əzablarına qatlaşmışdır. Bağdad dövrünün mədəniyyət və elm
mərkəzlərindən idi. Çoxlu məktəb və mədrəsə, şəxsi və ictimai
kitabxanalarla zəngin idi. Şərqin hər tərəfindən alimlər
mədrəsələrdə işləmək və elmi müzakirə və mübahisələrdə iştirak
etmək üçün buraya gəlirdilər. Elm müsafirləri arasında
ərəblərdən başqa fars, türk, hindli və çinli alimlər və şairlər
də var idi. Özünün türk "Divan"ının başlanğıcında şair bu barədə
belə deyir:" Bu halə müqarin, məşşateyi-himmət rəva görmədi ki,
müxəddəreyi-hüsni -nəzmim piraeyi-məarifdən xali,
mənəssəyi-dəhrdə cilvə qıla. Və əsrafi-iste'dadi-ülüvva-rif'ət
riza vermədi ki, rişteyi-silki şe'rim cəvahiri-elmdən ari
gərdənbədi-aləm ola. Zira ki, elmsiz şe'r əsası yox divar olur
və əsassız divar qayətdə bie'tibar olur. Payeyi-şe'rimi
hilyeyi-elmdən müərra olmağı mucibi-ihanət bilib elmsiz şe'rdən
qalibi-biruh kimi tənəffür qılıb bir müddət nəqdi-həyatim,
sərfi-iktisati-fünuni-elmi-əqli və nəqli və hasili ömrüm
bəzli-iqtibasi-fəva idi. İlkəmi və həndəsi qılmağın mürur ilə
ləaliyi-əsnafi-hünərdən şahidi-nəzmimə pariyələr mürəttəb
qıldım. Və tədric ilə tətəbbün -təfasir və əhadis edib,
fəziləti-şe'rə məzəmmət isnadi-töhmət olduğunun həqiqətin
bildim."
Özünüdərk yolunun
bütün mə'nəvi məşəqqətlərinə həzzlə sinə gərən, bu yolu şövqlə
addımlayan şair dahi Cəlaləddin Rumi kimi "Mövlana" çağrılır.
Özünü-dərk dərinliyinə və zirvəsinə ilahiyyat, fəlsəfə, poetika,
riyaziyyat, tibb, tarix, astronomiya və astrologiya, habelə
musiqi nəzəriyyəsini mənimsəyərək çatmışdır. Ensiklopedik
bilikli, islami və dünyəvi dünyagörüşlü Füzuli özü də
cəmiyyətdəki bu mövqeyindən fəxarət duymuş, qürur hissi
keçirmişdir.
Onun əsərlərində Əbu
Nəvas, Həssan, Xaqani, Nizami, Əlişir Nəvai, Cəlali, Salman
Savəci, Kamal Xocəndi, Cəlali, Əhmədi, Şeyxi və digər bu kimi
şair və mütəfəkkirlərin adları çəkilir.
"Füzuli, məndən istəmə
əş"arü-mədhü-zəmm" -deyən şair həmişə saraylardan gen gəzmiş,
özü də "şahlara minnətdarlığın ağır yükünü çəkə bilmədiyini"
söyləmişdir. Tədqiqatçıların fikrincə, o, gəncliyində
məktəbdarlıq və müəllimliklə məşğul olmuş, bir müddət də imam
Əlinin Nəcəfdəki ziyarətgahında xidmət etmişdir. Bu işdən də
cüz"i haqqa qane olmuşdur. Lakin orası da mə'lumdur ki, dövlət
dəftərxanalarında hökm sürən rüşvətxorluq və talançılıq
ucbatından ona ayrılan doqquz axçanı da vaxtında ala bilmir.
Məşhur "Şikayətnamə"nin yaranmasında bu məsələnin rolunun az
olmadığı əsərdən açıq-aşkar görünür və mənbələrdə də qeyd
edilir.
Füzuli İraqın
hüdudlarından çıxmamışdır. Elə bunun özü də şairin maddi
məhrumiyyət içində yaşadığına sübut ola bilər. Hərçənd ki, şair
özü bu təxmini inkar etmişdir: "Mən İraqi-ərəbdə dünyaya
gəlmişəm və əslən də burdanam və əgər bir vaxt mə'lum olsa ki,
mən başqa ölkələrə səyahətə çıxmamışam, qoy bunu dolanışığımın
ağırlığı ilə əlaqələndirməsinlər."
Füzuli özünün
yaradıcılıq tərcümeyi-halını təxminən iki yerə bölür: səfəvilər
və osmanlılar dövrlərinə. Bağdadın Osmanlı Türkiyəsinin əlinə
keçdiyi 1534-cü ilədək şair Azərbaycan, fars və ərəb dillərində
lirik qəzəllərini, qəsidələrini, imamların şəhidlik yollarına
həsr etdiyi şe'rləri, şah İsmayıla bağışladığı "Bənkü badə"
poemasını, "Söhbətül-əsmar" alleqoriyasını qələmə almışdır. Elə
həmin dövrdə o, nəsrlə yazdığı ilk dini povest sayıla biləcək
"Hədiqətüs-süəda" əsərini başlayır və sonradan həmin əsəri türk
sultanı Süleymana (1520-1556) həsr edir. 1537-ci ildə isə şair
özünün şah əsəri olan "Leyli və Məcnun" poemasını bitirdikdən
sonra yenə də üç dildə qəzəl və qəsidə yaradıcılığını davam
etdirir. Ahıl yaşlarında isə şair daha çox fəlsəfi mövzulara
üstünlük verir. "həft cam" (Yeddi cam), "Ənisül-qəlb" (Qəlbin
munisi), "Səhhət və mərəz", "Rindü-Zahid"(Rind və Zahid),
"Mətləül-e'tiqad" belə əsərlərdəndir. Sonuncu risalə ərəb
dilində yazılmışdır.
Eyni zamanda o, fars
divanını, qəsidələrini və Azərbaycan divanını tərtib etməklə
məşğul olur. Füzuli Azərbaycanca -farsca mənzum lüğət də
yaradıb. Digər əsərləri ilə birlikdə o, fars və Azərbaycan
dillərində "müəmmalar"ını da yazır, Əbdürrəhman Caminin "Qırx
hədis"ini dilimizə tərcümə edir.
"Mətləül-e'tiqad"
risaləsi Füzulinin yaradıcılığında xüsusi yer tutur. Bu əsəri
qədim Yunan və orta əsrlər Şərq fəlsəfəsinə dair zəngin bir
ensiklopediya, sorğu kitabı da hesab etmək mümkündür.
Diqqətəlayiq cəhət budur ki, dahi şair görkəmli Azərbaycan alim
və filosofları arasında ilk dəfə fəlsəfə tarixinə dair əsər
yazmışdır. Füzuli bu əsəri yalnız dərslik kimi yox, ümumiyyətlə
fəlsəfi görüşlərinin yayılması məqsədilə yazmışdır. Hər iki
halda bu əsər şairin yaradıcılığı ilə məşğul olan çağdaş
tədqiqatçılar üçün onun dərin fəlsəfi təfəkkürünün köklərini üzə
çıxarmaq baxımından əvəzsiz mənbədir. Məhz həmin risalə dahi
sənətkarın müsəlman Şərqində geniş yayılmış fəlsəfi-ruhani
tə'limlərə, habelə qədim yunan fəlsəfəsinə (Miletli Fales,
Heraklit, Pifaqor, Platon, Aristotel və s.) dair biliklərinin
həcmini müəyyənləşdirməyə.kömək edir.
Füzulinin
dünyagörüşünün və bədii yaradıcılığının kökündə sufi
ideologiyası dayanır. Hələ əsrimizin əvvəllərində Köprülüzadə
yazırdı: "Onun hissi təmayülləri və zehni tərbiyəsi fəlsəfi-sufi
mahiyyət daşıyaraq, bir-birinə sıx çulğaşdığından mütləq eşqin
ifadəsi (bu, bir çox sufi şairləri zorla quru və cansız
düsturlara əl atmağa məcbur etmişdi) Füzulinin yozumunda ehkami
konsepsiyalardan yaxa qurtarıb, canlı və eyni zamanda ilahi
forma alır."
Füzulini həm də
Azərbaycan bədii nəsrinin banisi hesab edirlər. O, özünün iri
həcmli elmi "Mətləül-e'tiqad" risaləsini, divanlarına
dibaçələri, "Rindü Zahid", "Səhhət və Mərəz", "Şikayətnamə" kimi
əsərlərini nəsrlə yazmışdır. Fars yazıçısı Hüseyn Kaşifidən
tərcümə etdiyi "Hədiqətüs-süəda" isə Azərbaycan dilinə nəsrlə
çevrilmiş ilk bədii əsər sayılır.
Füzulinin o zaman
mə'lum olan bütün poetik janrlarda qələmini sınamasına
baxmayaraq, o, Azərbaycan ədəbiyyatında daha çox dahi bir şair
kimi məşhurlaşmışdır. Tanınmış ədəbiyyatşünas Rüstəm Əliyevin
yazdığı kimi, "Füzuli lirikasının başlıca mövzusu aşiqin hicran
zamanı çəkdiyi sevgi əzablarının, onun fikir və arzularının,
habelə mə'şuqənin amansızlığının, mərhəmətinin təsvirini
verməkdir. Füzulinin poetik obrazları orijinal olmaqla yanaşı
həm də müstəsna emosional tə'sir qüvvəsinə malikdir. Şairin belə
kamil obrazlarla zəngin şe'rləri oxucunu özünün dərinliyi,
parlaqlığı və gözlənilməzliyi ilə heyran edir, əyani təsvirlər
kimi yaddaşlara həkk olunur":
Pərişan xəlqi-aləm ahü-əfğan etdiyimdəndir
Pərişan olduğum xəlqi pərişan etdiyimdəndir.
Təni-zarimdə dərdi-eşq gün-gündən füzün olmaq
Yetən bidərd tədbirilə dərman etdəyimdəndir.
Gözüm kim, bağrımın qanın tökər pərkalə-pərkalə
Dəmadəm arizuyi-lə'li-canin etdiyimdəndir.
Degil bəhudə gər yağsa fələkdən başimə daşlar
Binasın tişeyi-ahimlə viran etdiyimdəndir.
Qaçan rüsva olurdum qan udub səbr edə bilsəydim
Məlamət çəkdiyim bihudə əfqan etdiyimdəndir.
Xəta səndən deyil cismim oxundan binəsib olsa
Hübabi-əşki-gülgün içrə pünhan etdiyimdəndir.
Füzüli, ixtilati mərdümi-aləmdən ikrahim
Pərivəşlər xəyalın munisi-can etdiyimdəndir.
Füzulinin bir sıra
qəzəlləri Şərqin Nizami, Hafiz, Sə'di, Nəsimi, Nəvai, Kişvəri
kimi azman klassiklərinin qəzəllərinə "cavab" kimi yazılmışdır.
Ümummyyətlə götürdükdə isə dahi Azərbaycan şairi Füzulinin
yaradıcılığı XVI əsrin birinci yarısında yaranmış milli
humanitar fikrimizin ali zirvəsi olaraq bütün Şərq
ədəbiyyatlarının gələcək inkişafına təkan vermişdir.
Moskva Universitetinin
orta əsrlər Şərq ədəbiyyatına dair dərsliyində Füzuli
yaradıcılığının nəticələri belə qiymətləndirilib: "Özünün Ön və
Orta Şərqdə yaşamış sələflərinin bədii təcrübəsini ümumiləşdirib
yaradıcı şəkildə işləməklə Füzuli Azərbaycanda, Türkiyədə və
Orta Asiyanın digər ölkələrində poetik mədəniyyətin inkişafını
bir çox cəhətdən istiqamətləndirə bilmişdir. Lirik və epik
əsərlər müəllifi, öz dövründə mə'lum olan bütün ədəbi janrlarda
qələmini sınamış və üç dildə yazıb-yaratmış Füzuli İntibah
dövrünün həqiqi dühası sayıla bilər."
İraq yazıçısı, məşhur
ərəb alimi, London, Tehran və Qahirə akademiyalarının akademiki
Hüseyn Əli Məhfuz yazır: "Söhbət Şərq ədəbiyyatından gedirsə,
məndən ötrü üç müqəddəs adı çəkmək istərdim: İran şairi Sə'di,
ərəb şairi Mütənnəbi və Azərbaycan şairi Məhəmməd Füzülinin
adlarını... Mənim vətənimdə Füzulini üç cür çağırırlar: Şərqin
ən gözəl şairi, ən böyük ustad və şairlər başçısı... Şairin
əsərləri beş yüz ildir ki, yaşayır. Zaman bu şe'rlərin
gözəlliyinə xələl gətirməyib, onun misralarının üstünü toz
basmayıb. Mən Füzulinin dəfn olunduğu Kərbəlada olmuşam. Hər il
şairin məqbərəsinin ziyarətinə milyonlarla adam gəlir. Mən ölməz
misralar müəllifinin xatirəsi önündə baş əyməkdən ötrü ziyarətə
növbə gözləyən, dəstə-dəstə buraya axışan adamları öz gözlərimlə
görmüşəm."
Mənbə:
memorial.aznet.org
Çap
Versiyası
|