|
BİR
QURTUM SU
Rəşad Nuri
Güntəkin
-
Bu gün hava çox
gözəldir ata, məni gəzməyə apararsanmı?
-
Yaxşı, Nevin...
söylə maşın tapsınlar.
-
Yox ata, mən
piyada getmək istəyirəm. Keçən il bu gün qoruğun arxa tərəfindəki
dar yoldan dəniz kənarına getmişdik. Yenə elə gedək.
-
Yaxşı ancaq...
-
Yorularam deyə
qorxursan deyilmi ata? Nevin bir az xəstə oldu deyə zəiflədimi
zənn edirsən? Mən yenə əvvəlki kimi yeriyə bilərəm. Bir az əvvəl
evdə görə bilərdin. Pianoda çaldım, qərənfilləri suladım; hətta
hovuzda köpəyi yudum. Artıq yaxşılaşıram, ata. Görəcəksən bir ay
sonra əvvəlkindən daha güclü, daha şən, daha dəcəl bir qız
olacağam.
İkindi günəşi, tünd qumral saçlarının qıvrımları içində zərli
qıvırcıqlarla oynayır, süzgün, şəffaf üzünə bir az çəhrayılıq
saçırdı.
-
Gələn bahara
səninlə uzaq bir səyahətə gedəcəyik deyilmi?
-
Əlbəttə Nevin..
Həmid Bəy, qızının incə biləklərini ovuclarına qoydu. Aylardan
bəri ilk dəfə gözlərinə baxmağa cəsarət etdi. Nevinin bir neçə
mövsümlük ömrü qaldığını bilirdi. Qızının sarı xallı çöl
bənövşələrinə oxşayan gözlərinə hər baxdıqda ona başabəla olan bir
fikri vardı:
-
Nevin öləcək.. Bütün ömrümü sevgisinə həsr etdiyim bu tazə gözəl
gözləri bir zaman sonra busələrimlə qapamaq lazım gələcək.
Həmid bəy həkim idi. Ancaq onda bir həkimdən çox bir siyasətçi
ruhu var idi. Gəncliyinin ilk illərini həbsdə, sürgündə keçirmişdi.
Bununla birlikdə o, bu məsləkdə səbat edəcək insan deyildi. Çox
dürüst və mətin bir əxlaqı vardı. Bu təsirlər altında siyasət
həyatını adi, bütün o mücadilələri, dedi-qoduları lüzumsuz və
səfil görməyə başladı. Həyatının bu ikinci mərhələsində Həmid bəy,
“sərbəst fikir” həvarisi oldu. Hərdən bir məsləkdaşları ilə
müzakirə edərdi. “idarələri dəyişdirmək nəyə yarayar? Hər şeydən
əvvəl ruhları dəyişdirmək lazımdır. İnsanlar batil etiqadların
altında yaşadıqca yaxşı, məsud ola bilməzlər. Mən xariqüladə bir
doktor olmaq, insanlıq üzərində böyük bir əməliyyat aparmaq
istəyərdim. Qəlb deyilən əzab yatağını qoparıb atmaq, xəyal
deyilən mənbəyi qurutmaq... insanlar ancaq o zaman xoşbəxt ola
bilərlər. Bu şərait içində doğulan, yaşayan, ölən bir insanın
səadətini düşünün. Hər uşaq, bir qaranlıq aləm kimi doğulur.
Fikirlərin bərraq məşələsi yavaş-yavaş yanır. Həyat, bu işıqlar
içində bir şənliyə bənzəyir. Sonra bir gün ələm, əzəl düşüncəsi,
əbədiyyət narahatçılığı... Nə olduğunu bilmədən bu ziya aləminə
gözlərinə qapayır.”
Doktor Həmidin quru, əsəbi, maddi nəzəriyyələri ətrafındakıları
bir az qorxutmuşdu. Ancaq dürüst ruhu, inkar etdiyi qəlbindən
gizli bir mənbə kimi sızan riqqət və şəfqəti, ona anlaşılmaz bir
cazibə verirdi. Xanımı, vəfat etdiyi zaman qırx yaşında idi. Qızı
Nevin, on iki yaşında yetim qalmışdı. Yenidən bir ailə yuvası qura
bilərdi. Ancaq hələ gənc olmasına baxmayaraq içində anlaşılmaz bir
yaşamaq yorğunluğu var idi. Həyatını Nevinə həsr etməyə qərar
verdi. Öz nəzəriyyələrini uşağa tətbiq edəcək, onu etiqadsız, açıq
vicdanlı, məsud, maddi bir gənc qız kimi yetişdirəcəkdi. İlk işi,
uşağını xəyala bənzər hekayələr danışan mürəbbiyəsi ilə evdəki
uşaqlara yaşıl rəngli baş örtüləri örtdürüb ilahilər oxudan xoca
xanımdan ayırmaq oldu.
Bu
uşaq ruhuna daha yaxşı bələd olmaq üçün o da uşaq olur, saatlarla
Nevinlə oynayır, sonra kiçik qızı dizinin üstünə qoyaraq ona
yavaş-yavaş fikirlərini təlqin edirdi.
Nevin, on səkkiz yaşına gəlmişdi. Atasını bir məbud kimi sevirdi.
Açıq fikirli, yaxşı əxlaqlı bir gənc qız olmuşdu. Halı, davranışı
bir az uşağa oxşayırdı. Ancaq fikri, ruhu etibarilə digər qohum
uşaqlarından tamam başqa idi. Həmid bəy, “gözəl əsərim” deyib
onunla iftixar edirdi. Fəqət bu “gözəl əsər”in bir şeyi əskikdi:
şənlənmə və əməl. Nevin qışın axırından bəri xəstə idi. Bütün
tədbirlərə baxmayaraq gündən-günə irəliləyən bir vərəmi var idi.
Dünya, Həmid bəyin başına yıxılmışdı. Ancaq onun ata olaraq bir
vəzifəsi də var idi: uşağını ölənə qədər məsud etmək! Hərdən bir
onu torpağa tapşırdıqdan sonra boş evinə qayıdacağı gecəni
düşünürdü. Elə zənn edirdi ki, Nevinin bütün arzuları yerinə yetsə
o gecənin ağrısına daha məzlumanə dözəcək. Fəqət Nevin heç bir şey
istəmirdi. O, nə təklif edərsə gözlərini aşağı salır: “Sən
bilərsən ata” deyirdi.
Ağacların
arasındakı dar yoldan dənizə gedirdilər. Nevin, baş örtüsünü
çiyninə salıb, qıvırcıq uşaq başı, axşam günəşinin içində daha
sarı, gözləri daha tazə və məsud, atasının qarşısında gedirdi.
Bir daş yığınından ibarət yosunlu bir çeşmə başında iki kasıb qız
uşağına rast gəldilər. Böyüyü on iki, kiçiyi yeddi yaşlarında idi.
Kiçik qız, əlindəki dəmir qaba çeşmədən su doldurmuş, qorxa-qorxa
Nevinə yaxınlaşmışdı.
Həmid bəy gülümsədi, jiletinin cibindən bir neçə quruş çıxarıb
uşağa uzatdı.
-
Al qızım, su
istəmirik.
Qız, pulu götürmür, anlaşılmaz bir inadla suyu uzadırdı.
Həmid bəy, qızın böyük bacısı ilə danışmağa başladı:
-
Bacın niyə mütləq
su vermək istəyir?
O,
utancaq bir təbəssümlə cavab verdi:
-
Bizim anamız öldü, yaxınlıqdakı bu məzarda yatır. Molla dedi ki,
ölülər, gecə susuzluqdan yanarlarmış... Dünyada qalan uşaqları,
susamışlara su verirsə onlar da sərinləyərmiş. Yolçulara su
verdiyimiz gecələr, anamız, yaşıl duvaqlarla Ayşənin yuxusuna
girir, elə deyilmi Ayşə?
Nevinin yubkasını hələ buraxmayan kiçik qız, başını yelləyərək
gülümsədi. Böyük bacısı davam etdi. “Bu gün buradan heç kim
keçmədi. Artıq gedək” deyirəm. Ayşə, “Anamız susuz nə edər?” deyə
ağlayır.
Nevin, kiçiyin üzünü yaxından görmək istər kimi yerə çöməldi.
Həmid bəy, onun dolçanı götürdüyünü, müqəddəs bir şey öpər kimi
dodaqlarına apardığını gördü, dərhal biləyindən tutdu:
-
Nə edirsən, Nevin,
bu pis suyu içmək olarmı? Xəstələnəcəksən?
Nevin yavaş-yavaş ağlayaraq:
-
Burax ata, dedi.
Ayşənin anası da mənim anam kimi susuz yanmasın.
-
Nə danışırsan,
Nevin, bunu sənin ağzındanmı eşidirəm? Sən axı sərbəst fikirli
qızsan.
Gənc qız ağlamağa davam edirdi:
-
Nəyimə lazımdı,
madam ki Ayşə inanır!
Həmid bəy, ağappaq olmuşdu. Nevinin solğun yanaqlarından axan
yaşlar, dolçadakı bulanıq suya qarışır, incə dodaqlarının
kənarından sızan boğuq hıçqırıqlarla titrəyən boynuna, sinəsinə
damlayırdı. Həmid bəy, artıq dolçanı onun əlindən almağı
düşünmürdü. Ona elə gəlirdi ki, Nevin, bu suyu bir xülya və
təsəlli irmağından içir. Özünün bütün şəfqəti, onu bu bulanıq su
qədər məsut etməmişdi. Nevin, bu sudan içdikdən sonra xoşbəxt
öləcək.
Nevin, çeşmədən ovuclarına su götürərək üzünü yuyur, fəqət göz
yaşları dayanmaq bilmirdi.
Həmid bəy qorxaq, utancaq bir qəm-kədərlə onun əllərini tutdu:
“Bu ovuclardan mənə də su içirt, Nevin, bizim ölülərimiz də susuz
qalmasın.” dedi.
Həmid bəy bir neçə ay sonra torpaq olacaq bu kiçik ovucların
suyunu içərkən başqa bir həyata doğulduğunu hiss edirdi. Gənc qız,
boğuq hıçqırıqlarla ağlayaraq atasının boynuna sarılır, onu titrək,
islaq dodaqları ilə dayanmadan öpürdü.
-
Ata, artıq könüllərimizi bir-birimizə aça bilərik. Sənə bütün
ruhumu danışacağam. Anam öləndə nə qədər ağladığımı bilirsən.
Ancaq indi anlayıram, o göz yaşlarında nə ağır, nə doyulmaz ləzzət
vardı? Nə zaman bir əzvay ağacının, bir günlük hissəsi yansa, hələ
də anamın öldüyü günü, bütün o ləzzətli zəhərlə duyuram ata! Ah o
gün... yaşlılar, yeniyetmələr, kiçik uşaqlar, bir-birlərinə
sarılıb ağlayırdı. Bütün ev bir tək ağlayan, inləyən ruh olmuşdu.
Hətta ölən, bizimlə birlikdə idi ata! Bütün bu qan, ruh, sevgi
rabitələri ilə əlaqəli insanların dünya kimi axirətdə də
ayrılmayacağına inanırdım. Mürəbbiyəmin hekayələri, xocamın
sözləri arasından mən də anamın, Ayşənin anası kimi, cənnət
bağlarında yaşıl duvaqlarla gəzdiyini görürdüm. Digər qızlar,
xocamın önündə başlarında yaşıl rəngli baş örtüləri ilə yanıq
ilahilər oxuyarkən, sən məni onlardan ayırdın... Bu dünyada
qapanan gözlərin bir daha açılmayacağını, bütün bu bir-birini
sevən, bəzən bir-birilərindən ağrılı xatirələrlə ayrılan
insanların ayrı-ayrı məzarlarında çürüdüklərini söylədin. Əvvəlcə
sənə inanmırdım, ata... Fəqət sənin şübhələrin mənim qəlbimi də
gəmirməyə başlamışdı.
Bir gecə Çamlıcadan qayıdırdıq.. Mənə göyü, Ağ yolu, ulduzları
göstərdin... Bu göylərin bomboş, hətta oradakı işıqların belə
bizim gözlərimizin vahiməsindən başqa bir şey olmadığını söylədin.
O gecədən sonra mənim bütün kainatım, bütün ümidlərim yıxılırdı.
Bu dünyaya gözlərini qapar qapamaz, başqa aləmə gözlərini
açacağına, orada bütün sevdiklərini, sevgilərini tapacağına inanan
bir qız uşağı üçün ölənlərin ayrı-ayrı məzarlarda çürüyüb
getdiklərini düşünmək...
Bu
ümidsizliyə illərlə vərdiş edə bilmədim. İllərlə ümidsiz və
sabahsız ölümün ağrısını çəkdim. Anam kimi, bütün sevdiklərim kimi
səni də itirəcəkdim. Artıq gözlərimiz bir-birinə baxmayacaq,
bir-birimizi sevməyəcəkdik.
Nəhayət istədiyin kimi bir qız oldum ata! Zehni ilə yaşayan,
dürüst vicdanlı qız... Artıq heç nəyə inanmırdım. Ətrafdakılara
qarşı bir qürurum vardı. Fəqət nə həzin qürur!
Sən, bu qədərlə də kifayətlənmədin, ata... Sevgidən, vəfadan,
dünya üzündə doğulub ölməsinə yavaş-yavaş vərdiş etdiyim şeylərdən
də şübhə edirdim. Bir-birini anlayıb sevməyən, bir-birlərinə qarşı
sadə insanlıq vəzifəsini yerinə yetirməklə kifayətlənən insanlarla,
sadə fikirlərin məşələsi ilə dolan dünya, mənə kafi etmirdi. Mən
öləcəyəm ata, bunu gizlətməyə lüzum yoxdur... Məni hansı təsəlli
ilə məzarıma göndərəcəksən?.. Bununla birlikdə ölümümə o qədər
kədərlənmə ata... inanmaq və sevmək ehtiyaclarını itirmiş bir
insanın vaxtından əvvəl ölməsinə nə üçün kədərlənməli?
Nevin, atasına bunları söyləmədən öldü. Həmid bəy, bu şikayətləri
onun indi ölmüş dodaqlarının xəyalında duyur. Yaşlı doktor, o
tənha qoruq yolundakı çeşməni təmir etdirdi. Hər axşamüstü orada
gəlib oturur. Kəndli uşaqlarını, səyyahları, yollarından
dayandıraraq bu çeşmədən bir qurtum su içmələri üçün yalvarır.
|