|
COĞRAFİYA
TÜRK XALQLARININ
COĞRAFİ KƏŞFLƏRİ

Qədim
zamanlardan başlayaraq dünyanın ən böyük materiki olan Avrasiya
məkanında formalaşan, onu öyrənən, kəskin təzadlı təbii mühitinə
uyğunlaşan, təsərrüfat sahələrini mənimsəyən və ucsuz-bucaqsız
bu yerlərə al-əlvan coğrafi adlar verən məhz türk xalqları
olmuşdur. Onların formalaşdığı ərazilər qərbdə Aralıq dənizindən
başlayaraq şərqdə Sakit okeana, şimalda Buzlu okeandan cənubda
Kərkük-Həmədan istiqamətində keçən 35 şim.e. qədər uzanırdı.
Türk xalqlarının yayıldığı geniş Avrasiya ərazilərində oxşar
toponimlərə tez-tez rast gəlinir. Bunun başlıca olaraq iki
səbəbi vardır : birinci, müxtəlif ərazilərdə bir dil ailəsinə
mənsub dillərlə danışan xalqların məskunlaşması; ikinci, yerin
mənfi və müsbət relyef formalarının çalarlarını bildirən
sözlərin eyni olmasıdır. B.Ə.Budaqov yazır: «Türk dilli
xalqların yayıldığı 10 mln.km2 – ərazilərdə yaşayan xalqlar
arasında baş vermiş miqrasiya zamanı onlar ilk növbədə müqəddəs
olan coğrafi, eləcə də şəxs adlarını özlərilə apararaq toponimik
estafeti nəsildən-nəsilə, ərazidən əraziyə köçürmüş və
beləliklə, onları yaşatmışlar».
Mərkəzi Asiyanın tarixinə dərin təsir göstərmiş qüdrətli köçəri
xalqlardan biri də türk mənşəli hunlar (B.Ə.Budaqov, Türk
uluslarının yer yaddaşı. Bakı, 1994, səh.87) olmuşlar. Hunların
əsas yaşayış yerləri Mərkəzi Monqolustan və Transbaykalda olan
hündür düzənliklər idi. Onların başçısı Mete xan e.ə.
209-cü ildə şərqə doğru hərəkət edərək Mancuriyanı, sonra şimala
Böyük göl adlanan Baykalın cənubunu, Yenisey çayının yuxarı
axınlarında yerləşən Tuva çökəkliyini, qərbdə Altay dağlarını,
İrtış vadisini, cənubi Ural çöllərini tutmuşdur.
Sonrakı illərdə hunlar lap Avropanın içərilərinə qədər gedib
çıxmışlar. Qərbi hunlar Qara və Azov dənizləri sahillərində
məskən salmış və Dunay boyu əraziləri mənimsəmişlər. Bizim
eranın beşinci əsrinin əvvəllərində hunlar Dunay sahillərində
möhkəm dövlət yaradırlar və Atillanın başçılığı ilə
452-ci ildə hətta İtaliyaya gedib çıxmışlar. Şərqdə isə Çin
hunlarla ticarət əlaqələrini genişləndirmək üçün e.ə.156-cı ildə
«sərhəd bazarları» açırdı.
Beləliklə, e.ə. II-I əsrlərdə hunlar şərqdə Böyük Xinqana
söykənən, qərbdə İrtış vadisinə çatan, şimalda Baykal gölündən
başlayıb cənubda Qobi səhrasına qədər uzanan bir imperiya
yaratmışlar. Ona görə də bütün əsaslarla deyə bilərik ki,
Mərkəzi Asiyanın şimal hissəsini – Monqolustanı, Qərbi
Sayanları, Altayı, Transbaykaliya və Baykal gölünün ilk
kəşfçiləri məhz hunlar olmuşdur (şəkil 2).
VI
əsrin ortalarından başlayaraq Asiyanın siyasi səhnəsinə yeni
fəal qüvvə kimi Türk xanlığı daxil olur. Göstərilən dövrdə
türklər xüsusi Orxon yazı icad edirlər. Daş üzərində həkk
olunmuş belə yazılı abidələrdən görünür ki, türklər Şimali
Monqolustan, Yenisey vadisi, Baykal ətrafı, Altay, Şərqi
Türküstan, Orta Asiya və hətta Avropada Dunaya qədər olan
ərazilərdə yayılmışlar.
Artıq
560-cı illərin əvvəllərində türklər Qazaxıstan çöllərini
bütövlükdə öz tərkibinə qatırlar. Eyni vaxtda şərqə doğru
hərəkət edərək Mərkəzi Tuvaya, Yeniseyin yuxarı axınlarına daxil
olurlar. Türklər Anqara çayının Yeniseylə qovuşduğu yerə
çıxaraq ətrafda olan yerli tayfaları özlərinə tabe edirlər.
Qərbi Sayanların qarlı aşırımını keçən türklər Minusink
çökəkliyinə daxil olurlar, buradakı qırğız tayfalarının
torpaqlarını zəbt edirlər və bununla da orta Yeniseyin kəşfinin
əsasını qoyurlar.
Şərqdə
bilavasitə Çin ərazilərinə söykənən Türk xaqanlığı Mərkəzi
Asiyadakı Soqdiyanadan keçib qərbə doğru uzanan ticarət
yollarını öz nəzarəti altında saxlayırdı. Həmin yollarda türk,
ərəb, iran və b. tacirlər sərbəst fəaliyyət göstərirdilər.
Mərkəzi
Asiyadakı türklərin hökmranlığı dövründə soqdiyanalılar nəinki
ticarətlə həm də yeni torpaqları məskunlaşdırmaq fəaliyyəti ilə
də məşğul olurdular. Yaranmış əlverişli şəraitdən istifadə edən
soqdiyanalılar VI əsrin ikinci yarısında böyük məsafə qət edərək
Yeddigöl-dən (Semireçye –rus.) Baykala gəlib çıxırlar və Anqara
çayı sahillərində məskunlaşaraq, özləri ilə gətirdikləri yüksək
əkinçilik mədəniyyətini yayırlar. Onlar hətta Anqara və Yenisey
çayları vasitəsilə lap şimala üzərək hazırkı İqarka şəhərinə
qədər gəlib çıxırlar. Mərkəzi Asiyanın müxtəlif cənub malları
şimala qədər aparılırdı. Əks istiqamətdə isə qiymətli xəz
dərilər gətirilirdi. Deməli, məhz Mərkəzi Asiyanın türk
tacirləri belə böyük əraziləri əhatə edən şimal-cənub
ticarətinin ilkin əsasını qoyanlardan olmuşlar.
Çingiz
xanın sərkərdəliyi altında monqollar böyük imperiya yaradırlar.
Onlar Baykal ətrafını, Amur çayının yuxarı axınlarını öz
imperiyasına qatdıqdan sonra ucsuz bucaqsız Kulunda, Barabi və
İşim çöllərini tuturlar və Orta Urala qədər qalxırlar. Orta
Asiyanı tutan Çingizxan Səmərqəndi öz iqamətgahına çevirir.
Çingiz xanın dövründə monqollar ilk dəfə Burkan-Kaldun
yaylasının (hazırkı Xanqay) və buradan öz mənbəyini götürən
doqquz çayın, o cümlədən Kerulen, Onon (Amurun hövzəsi) və
Selenqanın bir sıra qollarının coğrafi səciyyəsini vermişlər.
Monqollar ilk
dəfə Kem çayının (Yenisey) böyük hissəsi ilə tanış olurlar, onun
Anqaraya töküldüyünü ehtimal edirlər, bu çayın isə Böyük dənizə
(Kara d.) axdığını, hər yerdə çoxlu gümüş yayıldığını qeyd
edirdilər.
Artıq XIII
əsrin birinci yarısında monqol-tatar feodal imperiyası geniş
əraziləri: Monqolustanı, Şimali Çini, Koreyanı, Tanqutu, Mərkəzi
və Orta Asiyanı, Zaqafqaziyanı, İranı, Əfqanıstanı əhatə edirdi.
Rusiya ərazisi Qızıl Ordanın vassalı vəziyyətinə düşmüşdür.
Volqa-Kama torpaqları və qıpçaq çölü Qızıl Ordanın tərkibinə
qatılır. Monqol-tatarları tutduqları ərazilərdə, o cümlədən
Rusiyada ən böyük ziyanı şəhərlərə vururdular, onların çoxunu
dağıdırdılar. Belə ki, həmin şəhərləri özləri üçün təhlükəli
müqavimət mərkəzi sayırdılar.
Çingiz xanın
Səmərqənddə olan iqamətgahına dəvət etdiyi Çan Çunya türk
xalqlarının əraziləri haqqında zəngin materiallar toplamışdır.
Pekindən hərəkətə başlayan Çan Çunya Xalxin Qol çayını, Şimali
Monqolustanı, Altay dağlarını, Şərqi Tyan-Şanı seyr edir. O,
Tyan-Şan dağları haqqında yazırdı: buludlar qədər hündür, qum
dənələri qədər ağdır». Tyan-Şanın Cunqariya düzənliyinə baxan
şimal yamacından keçərək qərb istiqamətində hərəkət edən Çan
(Sayram-Nur duzlu gölün ətrafına fırlanaraq İli, Talas
çaylarının vadisinə enir və 1221-ci ildə gəlib Səmərqənd
şəhərinə çatır. Çan Çunya keçdiyi ərazilərdəki yayla və dağlar,
çaylar, göllər, səhralar haqqında qiymətli məlumatlar verir.
Onun sadaladığı coğrafi adların çox böyük əksəriyyəti türk
mənşəlidir. Bu da Mərkəzi Asiyanın məskunlaşmasında türk
xalqlarının böyük zəhmətinin sayəsində əldə edilmişdir. Mərkəzi
Asiyada ticarətin inkişafında, onun yollarının qorunmasında
əsrlər boyu bu yerlərin hökmranları olmuş türk xalqlarının rolu
danılmazdır.
Türk
xalqlarının yetişdirdiyi bir sıra görkəmli alimlər riyazi
coğrafiyanın, astronomiyanın inkişafında Asiyanın və xüsusilə
Yaxın və Orta şərqin öyrənilməsində əsas rol oynamışlar. Bu
alimlərin bir çoxu öz yaradıcılığını o dövrün iri elm və
mədəniyyət mərkəzlərində, o cümlədən Bağdadda, Səmərqənddə,
Marağada davam etdirirdilər.
Böyük türk
alimi Əl-Xarəzmin kitabları coğrafiya və astronomiyanın riyazi
hesablama məsələlərinə və həmçinin məntəqənin coğrafi enliyi və
uzunluğunun dəqiq müəyyən edilməsinə və s. həsr olunmuşdur.
Əl-Xarəzmin
«Yerin mənzərəsi kitabı» hətta ərəb coğrafiya Ədəbiyyatının
simasını müəyyən edirdi. Onun kitabında Yerin 2402 məntəqəsinin
koordinatının müəyyən edilməsinin özü coğrafiya tarixində
təqdirə layiq hesab olunurdu.
Xarəzmli böyük
ensiklopediyaçı alim Əl-Biruni XI əsrin ən böyük coğrafiyaşünası
hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiətşünaslıq,
riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid
150-dən çox əsərin müəllifidir. Özünün uzun səyahətləri zamanı
İran yaylasını, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir.
Əl-Biruni Pəncaba etdiyi səyahət zamanı hind elminə və
mədəniyyətinə aid topladığı materiallar və özünün empirik
müşahidələri əsasında Hindistana həsr olunmuş iri həcmli əsər
yazmışdır. Orta Asiyanın topoqrafiyasına dair əsərində Amu-Dərya
çayının bir neçə dəfə öz yatağını dəyişməsi barədəki
tədqiqatları xüsusilə maraqlıdır. Əl-Biruni Yerin günəş
ətrafında hərəkətini Kopernikdən 500 il əvvəl söyləmişdir.
Dünyanın bir çox ölkələri, şəhərləri, o cümlədən Azərbaycanın o
zaman məlum olan böyük şəhərlərinin enlik və uzunluq dairələrini
göstərmişdir. Ömrünün sonuna yaxın yazdığı «Mineralogiya»
kitabında müxtəlif mineralların və qiymətli daşların mənşəyi,
xarakteri və mədənləri haqqında geniş məlumat vermişdir.
Orta Asiyanın
ilk türkşünas-ensiklopediyaçı alimi Mahmud Kaşqari həm də
coğrafiyaşünas və səyahətçi olmuşdur: «türklərin bölgələrini,
kəndlərini və çöllərini qarış-qarış gəzmişdir. Uzun illər o,
türk, oğuz, qırğız şəhərlərini, kəndlərini, düşərgələrini
dolaşaraq onların lüğətini yazmışdır». Nəticədə M.Kaşqari
Xəzərin şərq sahillərindən başlamış Lobnor gölü meridianına və
İli çayı enliyindən Kaşqariyanın cənub sərhədlərinə qədər olan
geniş ərazini öyrənmiş, Orta və Mərkəzi Asiyanın bir hissəsinin
ilk rayonlaşdırılmasını aparmış və türk xalqları və abidələrinin
məskunlaşma sərhədlərini və yerlərini böyük dəqiqliklə müəyyən
etmişdir.
Onun məşhur
«Divani-lüğət it-türk» (1072-74) əsərində türk qəbilələri, çoxlu
dağ, çay, göl, ölkə və dövlətlər haqqında geniş məlumatlar
toplanmışdır. Tyan-Şan və Yeddigöllük, İssık-Kul gölü, Balasaqun
dağları (Qırğızıstanda), Altay vadisi və İli çayı və s. ən
müfəssəl şəkildə səciyyələndirilmişdir. O, Narının yuxarı
hövzəsində olmuş, Çatırgöl və Siziç (Songöl) gölünü qeydə
almışdır. «Divan»ın sonuna əlavə olunmuş xəritə Mahmud Kaşqari
dövründə türkdilli xalqların yaşadığı ərazilərin təsvirini verən
ilk xəritədir. O, bir sıra paralel formada düzülmüş Qərbi
Tyan-Şan dağ sistemini öz xəritəsində daha düzgün əks
etdirmişdir. Kaşqari Manqışlak (Manqıstan) yarımadası ilə də
tanış idi – bu yarımadaya ilk dəfə məhz onun xəritəsində rast
gəlinir.
Türk
xalqlarının tarixi coğrafiyanın formalaşmasında Azərbaycan
alimləri də gözəl töhfələr vermişlər. Orta əsrlərin məşhur
Azərbaycan astronomu, riyaziyyatçısı, Marağa rəsədxanasının
əsasını qoyan Məhəmməd Nəsrəddin Tusi (1201-1274) Yerin
fəzada vəziyyətini göstərmiş və dərəcə torunu tərtib etmişdir.
Astronomiya və coğrafiyaya aid qiymətli mülahizələr irəli
sürmüşdür. Tusinin Təbriz yaxınlığındakı rəsədxanası uzun illər
ali tədris mərkəzi kimi fəaliyyət göstərmişdir. M.N.Tusi
triqonometriyanın əsasını qoymuşdur. Onun ölkə iqtisadiyyatına,
idarəetməyə, şəhər təsərrüfatının təşkilinə aid qiymətli
fikirləri olmuşdur.
XV əsrdə
yaşamış ərəb və fars dillərində yazmış Azərbaycan alimi
Əbdürrəşid İbn-Saleh Bakuvini (1402-1473) coğrafiyaya aid
bir sıra qiymətli əsərləri bizə gəlib çatmışdır. Onun
«Abidələrin» xülasəsi və qüdrətli hökmdarın möcüzələri kitabı
akad. Z.M.Bünyadzadə tərəfindən ərəb dilindən rus və azərbaycan
dillərinə tərcümə edilmişdir. Bu kitabda Yer səthi yeddi iqlim
qurşağına ayrılmış, bu qurşaqların əhatə etdiyi ölkələr,
şəhərlər, iri yaşayış yerləri və tarixi abidələri haqqında
müxtəlif məlumatlar verilmişdir.
Bakı haqqındakı
məsələlərə geniş yer verilmiş, müəllif barədə qiymətli
mülahizələr yazılmışdır. O, Bakıda anadan olmuş və Qahirədə
vəfat etmişdir.
Mənbə:
-
"Coğrafiya
tarixi", Tapdıq Həsənov, Əbdürrəhim Hacızadə, Bakı, 2001
|