Yeni Üfüqlər Aça Biləcək Texnologiya: Keçirici Üzvi Polimerlər
Təbiətdəki canlılardan əldə edilən müxtəlif xammalları əşya istehsalında istifadə edirik. Yaradıcının sonsuz elm və qüdrəti ilə canlıların sintez etdiyi bu maddələrin bəzilərini (pambıq, ipək və yun kimi) insan min illərdir istifadə edir. Kauçuk kimi maddələr isə nisbətən təzə sayıla bilər. Dəri, sümük, ağac və selluloza lifləri ən çox istifadə olunan üzvi xammallar olmuşdur. Allahın qüdrəti sonsuzdur, fəqət təbiətin zənginliyi hədsiz deyil. Ona görə də ekoloji tarazlığı hər gün öz əlimizlə pozur və yer üzünü şüursuz şəkildə ölümə aparırıq. Bu gün tullantı bitki və heyvanlardan təbii yolla əldə edilən xammal, insan sağlamlığı üçün çox uyğun olsa belə, gedərək azaldığı və beləliklə də bahalaşdığı üçün bunların hər kəs tərəfindən istehlakı çətinləşir.
Alimlər daha ucuz xammal istehsal etmək üçün dayanmadan çalışırlar. Belə ki, çox uzun bir keçmişi olmayan neylon, rezin, plastik və polivinilxlor (PVC) indi çox yayılmış maddələrdir. Ətrafımızda gördüyümüz, gündəlik həyatda istifadə etdiyimiz bir çox şey plastikdən, yəni polimerlərdən istehsal edilmişdir. Polimerlər (poli-çox, meros-hissə, qisim), bir-birinə oxşayan kiçik molekul vahidlərinin zəncirvari bir-birinə əlavə edilməklə meydana gələn nəhəng molekullardır. Tez-tez istifadə etdiyimiz neylon zənbillərdən maşın təkərlərinə, uşaq oyuncaqlarından qışda geyindiyimiz çəkmələrin dabanlarının istehsalına qədər bir çox sahədə istifadə edilməkdədir.
Polimerlərin təbiətdə meydana gətirdiyi ən böyük problem, üzvi maddələr kimi çürüyüb parçalanmamalarıdır və yüz illərlə dünyanı kirlətmələridir. Ona görə də zibilliklərdən yığılıb istilik ilə və ya kimyəvi üsullarla yenidən istehsal edilməlidirlər.