Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: ARAŞDIRMA ::

Ana Səhifə

Araşdırma

 
 
 
 
 

 

ARAŞDIRMA

Mütə(siğə) və həqiqətləri-1

 

Ardı var

"On dörd yaşında idim. Digər gənclər kimi mənim də ana-atamla münasibətim gərgin idi. Heç kim, hətta yoldaşlarımın belə məni anlamadığını düşünürdüm. Əsas da, dişlərimə taxdırdığım diş telləri özümü olduqca çirkin hiss etməyimə səbəb olurdu. O dövrdə qarşı cinsdən yoldaşlarıma da marağım artmağa başlamışdı”.

"Onunla tanış olduqdan sonra hər şey dəyişdi. Bir universitet tələbəsinin mənə dəyər verməsi və mənə nəvaziş göstərməsi ovsunlayıcı idi. Artıq o, mənim gözümdə ən mükəmməl insan idi. Mənə şahzadə kimi davranırdı. Çox keçmədən ən yaxın dostum olmuşdu. Ona hər şeyi aça biləcəyimi, onunla hər mövzuda danışa biləcəyimi düşünürdüm. Dostluğumuz böyüdükcə dini mövzular da daxil, müxtəlif mövzulardan bəhs edirdik. O məndən fərqli düşünürdü. Bir çox mövzunu müzakirə edirdik. O məndən fərqli olaraq, hər zaman, hər şeyi olduğundan daha gözəl göstərən bir yol mütləq tapırdı. Bir müddət sonra başım yaman qarışdı”. 

"Bir gün mütədən söz açıldı. Bunun sünni hədis kitablarında da caiz qəbul edilən keçici evlilik olduğunu söylədi. Əvvəl ona inanmadım, lakin bəzi səhih hədis kitablarının adını çəkəndə mütə haqqındakı fikirlərini və təklifini qəbul etdim. Girdaba düşdüyümü fərq edənə və işin əslini qavrayana qədər də dörd ağrılı-acılı ilimi mütə yolu ilə evli olaraq keçirdim. Vaxt ötdükcə qürurumu, namus və iffətimi bir neçə gənc qızı da eyni tələyə salan birinə hədər etdiyimi anladım. Allah, gözlərimi açdı və fəlakətin içinə düşdüyümü görməyimə kömək etdi. Və mən bundan sonra həqiqəti araşdırmağa qərar verdim”.

 "Bu yazıda bütün araşdırmalarımı verə bilməsəm də, mütə barədə çox qısa bir məlumatı sizinlə paylaşmaq istəyirəm. Bəzilərinin hədəfi mütəni bəhanə edərək, dini məlumatı və həyat təcrübəsi az olan günahsız gənc qızlarla evlilik həyatı davam etdirməkdir. Onlar saf qızları öz fikirlərinin doğruluğuna inandırır və onların fikirlərini alt-üst edirlər. Bütün qız və oğlanlara, ana, ata və dostlara yalvarıram; övladları ilə daha çox maraqlansın, onlarla yaxından maraqlansınlar və mütəyə qurban getməkdən qorusunlar”. 

Yuxarıdakı sətirlər mərkəzi Şimali İrlandiyada olan “Belfast” İslam Mərkəzinin hazırladığı internet səhifəsində ilk dəfə 24 Noyabr 1997 tarixində yayımlanan bir məktuba aiddir. Bu xanım başqalarına ibrət olsun deyə həm qısaca başından keçənləri qələmə almış, həm də məktubun davamında, xüsusilə, şiə mənbələrinə də müraciət edərək, mütə ilə əlaqəli geniş bir araşdırma aparmışdır. Biz bu məqaləmizdə həmin araşdırmadan istifadə edərək mütə (keçici evlilik) mövzusunu hər yönü ilə ortaya qoymağa çalışacağıq.

 

Mütə mənası və hədislər

Mütə-faydalı şey, ümrə ilə həcci birləşdirmə, boşanan qadına verilən əşya, bir qadınla müvəqqəti evlənmə kimi mənalara gəlir. Fiqhi termin kimi mütə bir kişinin bir qadınla aralarında qərarlaşdırdıqları müəyyən bir zamana qədər və müəyyən miqdar pul qarşılığında qurulan müvəqqəti bir evlilik növüdür. 

Mütədə kişi maliyyə baxımdan qadından məsul deyil, lakin əgər qadın uşaq dünyaya gətirsə, kişi həmin uşağın xərclərini qarşılamaq məcburiyyətindədir. Bununla yanaşı, təyin edilmiş müddət bitəndə mütə nikahı ləğv olur. Bu evlilikdə miras məsələsi olmadığı kimi, müddətində və sayısında da sərhəd yoxdur. İstər mütə nikahı ilə, istərsə də daimi nikahla evli bir adam məbləği ödəyərək istədiyi qədər və hətta bir, və ya yarım saatlığına mütə nikahı bağlaya bilər. Bu cür nikahı qəbul edən şiə alimlərinin ümumi görüşünə görə, bu nikah üçün şahid də, valideynin icazəsi də (qızın atası mütəya inanmayan bir süni də olsa) şərt deyil. Bütün bu saydığımız yönləri ilə mütə dini örtü altında fahişəliyə bənzəyir. 

Mütə cahiliyyə dövründə tətbiq olunurdu. Rəvayətlərə görə Peyğəmbər Əfəndimiz bir-neçə dəfə buna icazə vermişdir. Bu icazə şəriət qanunlarının son şəklini almadan əvvəl verilmişdir. Mütə nəhayət qəti qadağan edilmiş və əbədi haram qılınmışdır. 

Rəvayətlərə görə Rəsulullah (s.ə.s.) mütəyə ilk dəfə Xeybər döyüşündən əvvəl üç gün icazə vermiş, daha sonra da onu qadağan etmişdir. Bir dəfə mütənin halal olduğuna inanan bir nəfər Hz. Əli (r.a.) ilə bu mövzuda mübahisə edəndə Hz. Əli ona Allah Rəsulunun mütəni və eşşəyin ətinin yeyilməsini Xeybər günü qadağan etdiyini deyir. (Buxari, "Nikah", 31; Müslim, "Nikah", 29-32; İbn Macə, "Nikah", 44) Bu hədisi-şərif şiə hədis kitablarında da mövcuddur. Allah Rəsulunun mütəyə ikinci dəfə icazə verməsi də Məkkənin Fəthində baş vermişdir. Üç günlük icazədən sonra Rəsulullah mütəyə təkrar, lakin bu dəfə qiyamət gününə qədər qadağa qoydu. (Müslim, "Nikah", 22) 

Səbrə ibn Məbəd əl-Cühənidən müxtəlif yollarla nəql edilən bir hədisi-şərif də Mütənın sonsuza qədər qadağan edildiyini ifadə edir. Rəsulullahla (s.ə.s.) bərabər Məkkə fəthində olan Səbrə Rəsulullahın (s.ə.s.) Həcəri-Əsvədlə Kəbə qapısı arasında dayanaraq belə buyurduğunu nəql etmişdir: "Ey insanlar, mən sizə qadınlarla mütə etmənizə icazə vermişdim. Şübhəsiz ki, Allah, onu qiyamət gününə qədər haram etmişdir. Kimin yanında (mütə ilə saxladığı) qadın varsa, onu sərbəst buraxsın. Onlara verdiklərinizdən heç bir şeyi geri almayın” (Müslim, "Nikah", 19, 22, 24). Bəzi rəvayətlərdə bunun Vida həccində baş verdiyi də ifadə edilir. (Əbu Davud, "Nikah", 13; İbn Mace, "Nikah", 44) Deməli, Allah Rəsulu (s.ə.s.) Məkkənin fəth edildiyi gün elan etdiyi qadağanı Vida Həccində təkrar etmişdir. Çünki Vida Həccinə çox sayda müsəlman qatılmışdı. Peyğəmbər Əfəndimiz (s.ə.s.) orada əvvəl də bildirdiyi bir çox məsələni təkrar etdiyi kimi, "mütə"nin haram olduğunu da təkrarlayaraq eşitməyənlərə yenidən çatdırmışdır. Beləliklə, mütənin qiyamətə qədər qətiyyən haram olduğu ifadə edilmişdir. (Baxın. İbn Həcər, Fethu'l-Bari, 11/74; Nevevi, Şərhi Müslim, 9/180) 

Mütə qiyamət gününə qədər haram edilmişdir. Bu hökm kitablardakı mövzu ilə əlaqəli hədislərlə də təsdiq edilir: (Müslim, "Nikah", 19, 22, 24; İbn Macə, "Nikah", 44; Darimi, "Nikah", 16; Müsnəd, 3, 406). Mütənin halal olduğu, daha doğrusu, hələ qadağan edilməmiş bir dövr olduğu üçün, mənbələrdə halallığı barədə hədislərə də rast gəlmək əlbəttə mümkündür. Lakin əsas olan son hökmdür. 

İslamın mənimsədiyi sünni nikaha bir çox yöndən zidd olan mütəni Peyğəmbərimiz bir dəfəyə qadağan etməmişdir. Beləliklə, mütənin qəti haramlığını bildirən son hökmdən əvvəl müvəqqəti icazəni bildirən hədisləri əsas qəbul edərək, son hökmü bildirən nəssləri görməzlikdən gəlmək və "mütəyə icazə verildiyini" söyləmək İslama böhtan atmaq deməkdir.

 Burada çox əhəmiyyətli bir məsələ də var. Nə Quranda, nə də Rəsulullah Əfəndimizin hədislərində mütə halal qılınmamışdır. Mütə cahiliyyə dövründən qalma bir evlilik şəkli idi. Necə ki, İslam bir çox hökmlərini tətbiq və təbliğ edərkən tədrici bir yol izləmişdir, mütənın haram qılınmasında da belə bir tədricilik var. Eyni ilə içkinin tədricən haram qılınması kimi. (Baxın. İbrahim Canan, Namus Fitnəsi Mütə, s. 25-29)

 Mütə də bu şəkildə tədricən qadağan edilmişdir. Bu tədricən qadağan edilmə müddətində nəsx cərəyan etmişdir ki bu, bir hökmün başqa bir hökmlə əvəz edilərək əvvəlki hökmü ləğv etmək deməkdir. Peyğəmbər Əfəndimiz (s.ə.s.) mütənin haram qılınma periodu ilə əlaqədar çox mühüm olan bir xüsusu bu şəkildə ifadə etmişdir: "Mütəni Nikah, boşanma (boşama), iddət və miras (ilə əlaqədar ehkamın təşri) haram etmişdir". (Əbu Yala, Müsned, 11/503; Darakutni, Sünen, 3/259; Heysemi, Mecmaü'z-Zevaid, 4/267)

 Mütənin (müvəqqəti evliliyin) Peyğəmbərimiz tərəfindən haram edildiyini bir çox səhabə rəvayət etmişdir. Bu səhabələrin arasında Hz. Əli, Hz. Ömər, Hz. Sələmə ibn Əqva, Hz. Səbrə ibn Məbəd, Hz. Əbu Hüreyrə, Hz. Cabir, Hz. Sələbə ibn Hakim, Hz. Abdullah ibn Ömər, Hz. Əbu Zər, Hz. İbni-Abbas, Hz. Haris ibn Gaziyyə, Hz. Səhl ibn Sad, Hz. Kab ibn Malik, Hz. Abdullah ibn Məsud, Hz. Ənəs ibn Malik, Hz. Hüzeyfə və Hz. Aişə (r.a.) kimi məşhur səhabələr var. (Baxın. Kasani, Bədaiüs-Sanai, thk. Əli Məhəmməd Muavvəz, Adil Əhməd Abdülmövcud, haşiyələr, 3/473-477) 

Mütənin haramlığında icma (alimlərin fikir birliyi) vardır. (Təhanəvi, İlaus-Sünən, 11/58-59; Kasani, Bədaiüs-Sanai, 3/476-478) Bununla bərabər, bir neçə səhabədən fərqli görüş nəql edilir. Bunlar, mütənın qəti qadağan edildiyindən xəbəri olmayan, mütə ilə əlaqədar icazənin davam etdiyini zənn edənlərdir. Belə ki, Hz. Ömər mütənin Allah Elçisi tərəfindən qətiyyən qadağan edildiyini səhabənin hüzurunda dilə gətirmiş və səhabə tərəfindən etirazsız qəbul edilmişdir. Bəzi səhabələrin müəyyən məsələlərin haram və halallığını sonradan öyrənmələri sadəcə mütəyə xas deyil. Məsələn, Hz. Əbu Bəkir kimi Rəsulullaha ən yaxın olan bir səhabəyə “cəddə”, yəni nənəyə nəvədən düşən miras miqdarını soruşanda bu barədə Allah Rəsulundan heç bir şey eşitmədiyini demiş və bir günorta namazından sonra camaata: "İçinizdə cəddə mirası haqqında Allah Rəsulundan bir şey eşidən varmı?" -deyə soruşmuşdur. Muğirə İbn Şubə kimi sonradan müsəlman olmuş bir səhabə isə ayağa qalxıb Allah Rəsulunun cəddəyə südus (altıda bir) təqdir etdiyini demiş, Məhəmməd ibn Məsləmə də bunu təsdiq etmişdir. Və Hz. Əbu Bəkir məsələni bu bilgiyə görə hökmə bağlamışdır (Tirmizi, "Fəraiz", 10; İbn Macə, "Fəraiz", 4; Əbu Davud, "Fəraiz", 5). İbni-Abbasın zərurət və ehtiyac halında (aclıqdan ölmək üzrə olan bir insanın leş yeməsi kimi) mütəyə icazə verdiyi, lakin sonradan bu fikirindən döndüyü barədə mənbələrdə keçir. Məsələn İbni-Abbas: "Mütə İslamın ilk dövrlərində vardı. Bir kimsə yad bir ölkəyə gələndə orada qalacağı zaman əşyalarını qoruyacaq və ona xidmət edəcək bir qadınla evlənərdi". İbn Abbas: "O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar" (Muminun, 23/5, 6) ayəsi üçün belə demişdir: "Bu iki münasibət xaricində bütün yollar haramdır" (Tirmizi, "Nikah", 29.) İbn Abbasın vəfatından əvvəl də mütə ilə bağlı əvvəlki fikirlərinə Allaha tövbə etdiyi barədə rəvayətlər də var. (Baxın. Kasani, a. g. e, 3/469 haşiyə)

 

 

 

     

© 2005-2008 Bütün Haqları Qorunur - Akademiya.Net