|
Akademik
OLMAQ VƏ YA GÖRÜNMƏK
Sual:
Həyatını başqalarına həsr etmiş insanlara ən yüksək səviyyədə
təqva, zahidlik, ixlas və vəlilik üfqü göstərilir. Digər tərəfdən
isə, sadə bir insan və qul olmasına işarə olunur. Göstərilən bu
iki hədəf arasında bir ziddiyyət varmi?
Cavab:
Bədiüzzaman həzrətləri, yaşadığı dövrün ağır şəraiti içində, əsl
təqvanı qazanmağın çox çətin olduğunu görüb; təqva mülahizəsini
irəli sürdüyü vaxt, insanların ümidini qırmamaq və təqva qapısının
bağlı olduğunu göstərməmək üçün fərzləri yerinə yetirən və böyük
günahlardan uzaq olan insanların müttəqi-təqvalı sayılacağını
ifadə edib: “Təqva, mənhiyyatdan və günahlardan ictinab etmək;
saleh əməllər, əmirlər çərçivəsində hərəkət və xeyirlər
qazanmaqdır. Bu dövrdə təxribat və mənfi cərəyan şiddətləndiyi
üçün, təqva bu təxribata qarşı ən böyük əsasdır. Fərzlərini yerinə
yetirən, böyük günahları işləməyən qurtular.” buyurmuşdur. Ancaq
bu səviyyədəki bir təqva ilə kifayətlənmək, Bədiüzzaman
düşüncəsinə görə himmətsizlik və sadəcə öz qurtuluşunu
düşünənlərin cizgisidir. Nübüvvət (peyğəmbərlik) davasının
təmsilçiləri, öz qurtuluşlarını başqalarını qurtarmaqla
əlaqələndirdikləri üçün, onlar üçün ilk pillə sayılan belə bir
təqva ilə kifayətlənmək bəhs mövzusu deyil. Çünki İmam Rabbani
həzrətlərinin ifadəsi ilə, “Məlikin hədiyyə və bəxşişlərini ancaq
onun minik atları daşıya bilər.” Meydanda, bir dövrdə sahabələrin
öz üzərinə götürdükləri ağır bir vəzifə varsa, o vəzifəni öz
üzərinə götürəcək insanların da o ilklərin vəsfləri ilə
vəsflənmələri və onların yolu ilə getmələri şərtdir. Buna görə,
fərzləri yerinə yetirmə və böyük günahlardan uzaq olma
formasındakı bir təqva, bəziləri üçün kifayət etsə də, sahabə
sənətini əsas alanların əzəmi təqva, əzəmi zahidlik, əzəmi ixlas
və əzəmi vəlilik üfqündə hərəkət etmələri lazımdır.
Bəli, təqvanın bir çox ölçüsü var; Allahdan başqa heç bir qayəni
xəyala gətirməmək, maddi-mənəvi hər şeyi Allahdan bilib, heç bir
şeyi nəfsə təxsis etməmək, hər məsələdə dinin əmrlərini mühafizə
etmək, özünü heç kimdən daha ali və daha xeyirli görməmək, Haqqdan
uzaqlaşdıracaq işlərə qarşı həmişə tətikdə olmaq, harama aparan
nəfsi həzzlər qarşısında davamlı ayıq-sayıq olmaq, Allah Rəsuluna
qeydsiz şərtsiz itaət etmək, təkvini ayətləri (yaradılış
dəlillərini) ardıcıllıqla tədqiq və təfəkkür edərək qəlbi və ruhi
həyatı yeniləmək və müxtəlif boyları ilə rabitəyi mevti (ölümünü
düşünüb dünyanın fani olduğunu mülahizə edib nəfsin
vəsvəsələrindən qurtulmaq) həyatın bir düsturu halına gətirmək
kimi məsələlər təqvanın boylarından bəziləridir.
Əzəmi təqvaya gəldikdə, o, “Sənə şübhə verəndən əl çək, şübhəsiz
yolu seç” və “Bir qul, şübhəli şeylərə məruz qalma təşvişi ilə bir
qism şübhəsiz şeyləri də tərk etmədikcə həqiqi təqvaya çata bilməz
” hədisi şərifinin işarət etdiyi kimi şübhəli şeylərdən qaçınmaqla
qazanıla bilər. Allah Rəsulu (əleyhi əkməlüt təhaya), halalın da,
haramın da məlum olduğunu, Cənabı Haqqın bu iki məsələni hər hansı
bir şübhə meydana gətirməyək formada bəyan etdiyini, ancaq bu
ikisinin arasında, ikisinə də bənzəyən bir qisim şübhəli şeylərin
olduğunu, bu etibarla da, şübhəli şeylərdən qaçınmaq lazım
olduğunu; yalnız şübhəli şeylərdən qaçınan insanların dinini,
şərəfini qoruya biləcəyini, şübhələrə düşən adamın isə harama
girmək ehtimalının olduğunu ifadə buyurublar. Nəticə etibarı ilə,
həqiqi təqva, fərzləri yetinə yetirib günahları tərk etməklə
yanaşı şübhəli şeylərdən qaçınaraq, elə-belə şübhə hasil edən hər
şeyi tərk edib, tamamilə şübhədən uzaq həyat yaşamaq deməkdir.
Əzəmi təqvaya, “vera” (təqvanın irəli səviyyəsi) da deyilə bilər.
Vera, haram və yasaqlara qarşı çox həssas davranmaqla yanaşı,
yasaqlara girmə narahatçılığı ilə, bütün şübhəli mövzulara qarşı
qapalı olmaq və “Möhkəm və bütün daxili gözəllikləri ilə yaşanan
Müsəlmanlıq, faydasızlığa qarşı qapalı olan Müsəlmanlıqdır”
formatında yaşamaq deməkdir.
Hər kəs üçün olmasa da, sahabə peşəsində yol gedənlər üçün belə
bir əzəmi təqva çox lazımdır. Belə ki, Bişri Xafinin bacısı, Əhməd
bin Xanbelin yanına gəlib, “Ya İmam! Mən çox vaxt dam üstündə
iplik bükürəm. Bəzən dövlət məmurları gəlib əllərində məşələ ilə
oradan keçirlər və məndən asılı olmayaraq onların işığından da
istifadə edirəm. Bu ipliyə haram qarışarmı?” deyə soruşur, böyük
İmam hıçqıra-hıçqıra ağlayıb “Bişri Xafinin evinə şübhənin bu
qədəri belə girməməlidir” fətvasını vermişdi.
Başqaları Üçün Yaşama Üfqü
Təqvanın müxtəlif mərtəbələri olduğu kimi zahidlik, ixlas və
vəliliyin də bəzi səviyyələri vardır. Bunların ilk pilləsinə
çatmaq avam (bir az oxuyub yazmağı bilən) üçün bir qurtuluş
vəsiləsi olsa da, nübüvvət (peyğəmbərlik) davasının təmsilçiləri
üçün əzəmi mərtəbələrə yüksəlmək bir hədəfdir. Şəxsi qurtuluşunu
düşünən bir insan üçün, Allahın halalından ehsan etdiyi nemətləri
şükürlə qarşılamaq və mala mülkə aid olan bütün haqqları yerinə
yetirmək kimi bir çeşid zahidlik kifayət etsə də, sahabə peşəsini
seçənlər üçün zahidlik - dünya ləzzətlərinə biganə qalıb, ömür
boyu sanki bir pəhriz həyatı yaşamaq və əbədi olan uqba (axirət)
səadəti üçün müvəqqəti dünya həyatını tərk etməkdir. Bizə hədəf
kimi göstərilən əzəmi zahidliyə gəldikdə isə, bu, dərdli anlarda
belə dinin hüdudlarını qoruyub saxlamaq, geniş və bol sərvət
vaxtlarında da başqaları üçün yaşamaq; dünya üçün əldə edilən
şeylərdən sevinc duymamaq, itirilən şeylərə görə də qəmlənməmək;
tərif olunanda sevinməmək, qüsurları üzünə deyiləndə küsməmək və
Haqqa qulluğu hər şeydən üstün hesab etməkdir.
İxlasın (qəlbini saflaşdırmaq, ürəkdən səmimi, riyasız sevgi) da
ən aşağı və yuxarı dərəcələri vardır. Hər işi Allah rizası üçün
görmək; riyadan (ikiüzlülük) uzaq olmaq və qəlbi bulandıran işlərə
qarşı qapalı olmaq; ibadət və itaətdə, xalqın bilməsindən qaçınmaq
və hətta xalq mülahizəsini tamamilə unutmaq ixlasın fərqli
dərinlikləridir. Əzəmi və tam ixlas isə, tamamilə Allahın rizasına
bağlanaraq savab və mükafat mülahizələrini də ağlından çıxarıb,
riya və suma (eşidilsin və bilinsin deyə görülən iş) kimi gizli
şirk çuxurlarına əsla düşməməkdir.
Sahabə peşəsində, vəlilik də sahabə vəliliyi olmalıdır. Vəlayəti
kübra (böyük vəlilik) adlandırılan belə bir əzəmi vəlayətdə çox
xariquladə hallar olmaya bilər. Belə ki, sahabələrə aid xariquladə
hallar çox azdır, amma onların imanları çox möhkəmdir. Əzəmi
vəliliyin təmsilçiləri, Quranın rəhbərliyi altında və elm
orbitində hərəkət edər, mərifət (bir şeyi bütün xırdalığı ilə
bilmək) qanadları ilə vüslat (qovuşmaq) axtararlar. Onlar zövq,
eşq və kəşflərə başqaları qədər dəyər verməzlər; hiss, arzu və
gözlədiklərini əsla önə çıxarmazlar. Onların davranışlarında
Allaha iman aşkardır və ihsan (Allahı görür kimi ibadət etmək )
şüuru hakimdir. Bütün davranış, hal və hərəkətlərində Allaha olan
inanc və etimadlarını oxumaq mümkündür.
Avam üçün minimum təqva, minimum zahidlik, minimum ixlas və
minimum vəlilik bir qurtuluş vəsiləsi olsa da, ilayı kəlimətullah
(Allahın adını hamıya çatdırmaq) vəzifəsi ilə məsul olanlar
bunların hamısının əzəmi dərəcələrini özlərinə hədəf
bilməlidirlər. Bununla yanaşı, onlar olmalıdırlar,
görünməməlidirlər. Böyük vəlilərin arasında olmağa ləyaqət
qazansalar da insanlardan bir insan olaraq bir qul kimi
davranmalı; əsla fərqlilik və üstünlük mülahizələrinə
girməməlidirlər.
Dərin Ol, Dayaz Görün!
Bir insan davranışları ilə qəlbi və ruhi həyatının önündə
görsənməyə çalışmamalıdır. Əgər mütləq özünü ifadə edəcəksə, qəlbi
və ruhi dərinliyi nə qədərdirsə o qədər dərinlik göstərməlidir,
ancaq qətiyyən olduğundan daha çox görsənməməlidir. Hətta, sui
zənnlərə (başqasının hərəkətini pis zənn etmək) səbəb olmamaq
şərtilə, olduğundan aşağı görünmək onun üçün daha xeyirlidir.
Fərzlərdə qüsur edən, vaciblərdə səliqəsiz davranan, sünnətlərdə
etinasızlıq edən və təhəccüdə qalxmayan insan görünüşü diqqətsiz
bir insan rəmzini xatırlatmaqla sui zənnə səbəb ola bilər. Nəticə
etibarı ilə, dinin əmr etdiyi mövzuları eynilə yerinə yetirmək və
qadağan etdiyi şeylərdən çox uzaq durmaq, bu cür bir pis düşüncəyə
səbəb olmamaq yönündən çox lazımlıdır. İmam Qəzalinin ifadəsi ilə,
münciyyata (insanı əbədi səadətə aparan vəsilələrə) sarılmaq və
mühliqata (günahkarları atəşə aparan səbəblərə) qarşı da uzaqda
durmaq lazımdır. Fəqət, bütün bunları edərkən, qəlbin önündə bir
davranış nümayiş etdirmək cəhdi içində olmamaq da səmimi bir
möminin şüarıdır.
Sahabələr və onların yolunda gedənlər, Cənabı Haqqın ehsan etdiyi
nurlu dəqiqə və saatları bir sirr kimi saxlayıb başqalarına
qətiyyən açmayıblar; Onun lütf etdiyi ikram və kəramətləri həmişə
gizlədib xalqın içində siravi insan kimi tanınmağa cəhd
etmişlər... davamlı ixlas axtarışında olmuş; gündə bir neçə dəfə
özlərini sədaqət nəzarətindən keçirtmişlər. Ondan gələn hər şeyin
gizli bir ərməğan olduğu düşüncəsi ilə, eşq, kəşf və kəramət kimi
ikramların Verənlə verilən arasında bir sirr kimi qalmasına diqqət
vermiş və bunları heç kimə açmamışlar. Onlar, öz daxili
dərinliklərini və məzmun zənginliklərini başqalarına hiss
etdirməmək və davamlı özlərini sıfırlamaqda bir usta kimi
davranmışlar; iddialardan və iddiaya bənzər söz və davranışlardan
qaçdıqları kimi, onlara lütf edilən nemətlərə “mazhariyyət” (nail
olmaq) deməkdən qaçınmışlar. Dövrümüzün düşüncə qəhrəmanlarına
düşən vəzifə də, sələfləri kimi davranıb dərin olmaq, ancaq sui
zənnlərə qapı açmamaq şərtilə dayaz görünməkdir.
Səcdə İzi Yoxsa Riya Əlaməti?
Tərz və davranışların qəlbin önündə olmaması çox əhəmiyyətlidir. O
qədər əhəmiyyətlidir ki, Peyğəmbərimiz (sallallahu əleyhi və
səlləm) “Alınlarınızı sərtləşdirməyin, sərtliklə damğalamayın”
buyurub; alınların yerə sürtülməsi nəticəsində meydana gələn səcdə
izinin belə bir riya və fitnə ola biləcəyinə işarət etmişdir. Bəzi
insanlar, “Simahum fi vucuhihim min əsəris-sucud – Onların
əlaməti, üzlərindəki səcdə izi, səcdə aydınlığıdır.” (Fətih,
48/29) ayətini alındakı qabar kimi anlayıblarsa da bu çox yanlış
bir təvildir (şərh). Bəzi müfəssirlər də bunu, möminlərin
dünyadakı səcdələrinə görə qiyamət günü üzlərində meydana çıxacaq
bir nur kimi anlayıb və “Bir qism üzlərin ağardığı gün..” (Əli
İmran, 3/106) mənasındakı ilahi bəyan kimi bəzi ayəti kərimələri
bu görüşlərinə dəlil sayıblar. İbn Abbas həzrətləri də, “Bu
ayətdəki iz, görəcəyiniz iz deyil; İslam sifəti, xarakteri, tərzi,
ciddiliyi və təvazökarlığıdır” demişdir.
Bəli, möminlərin xarakterləri, mənəvi quruluşları və təbiətləri
alınlarındakı səcdə izlərindən məlumdur. O səcdə izi də alnındakı
səcdə izi deyil, qəlbin üzə əks etməsindən, daxildəkinin zahirə
əks olunmasından qaynaqlanan canlılıq, cazibə və nuranilikdir.
Alnı sərt yerə sürtmək surəti ilə bir izin qalmasına səbəb olmaq
bir növ riyakarlıqdır. Bir insan çox namaz qıla-qıla alnında belə
bir iz meydana gələ bilər. Bəlkə elə çox namaz qılarkən də çox
səmimidir. Ancaq o səmimiyyəti hər zaman qoruması çox çətindir.
Allah qorusun, arada bir alnındakı o izi özünə nə üçünsə istifadə
edə bilər. “Alnımdakı səcdə izini görsünlər və qiymətimi
anlasınlar” kimi bir duyğunun buğ halında belə könlü örtməsi həmin
insanın fəlakətinə səbəb ola bilər. Buna görə də, səcdə edəndə
alınları yumşaq bir yerə qoymaq və az da olsa görünmə duyğusuna
fürsət verməmək lazımdır. Sahabə, Tabiin və Təbəi Tabiin arasında
gündə beş yüz rikət namaz qılan insanların sayı heç də az deyildi.
Ancaq, heç birinin alnında maddi mənada bir səcdə izi yox idi. Bu
mülahizələrə görə deyirəm ki, əlinizdən gəldiyi qədər alnınızı
sərt yerə sürtməyin. Çox səcdə edin, gündə yüz rikət nafilə namaz
qılın, amma nə əlinizdə, nə dizinizdə, nə də alnınızda o
namazların izi görünməsin.
Allah Rəsulu, “Necə saçı başı dağınıq, paltarı köhnə, özünə
əhəmiyyət verməyən və qapı-qapı qovulan insanlar vardır ki, bir
məsələdə Allaha əhd etsələr, Allah onları andlarında yalançı
çıxartmaz. Bəra bin Malik də bunlardandır.” buyurmuşdur. Əsas olan
da budur; qəlb dərinliyi, vicdan genişliyi və himmət yüksəkliyi
ilə yanaşı dayaz görünmək, normal bir mömin ədası ilə hərəkət
etmək amma görünəndən daha dərin olmaq. Allaha etimad edərək böyük
işlərə istəkli olmaq və böyük işlərin arxasınca düşmək amma özünü
kiçik görmək, kiçik göstərmək və insanlardan bir insan olmaq;
hətta onların ən kiçiyi olduğuna inanmaq. Tanınmaq və bilinmək
duyğusu qəlbə yerləşdirilməsi lazım olmayan bir duyğudur; bu,
tərz, davranış və görünməyi önə keçirmək deməkdir. Əksinə, inanan
bir insan, qəlb dərinliyinin insanı olmaq məcburiyyətindədir. O,
göründüyündən daha geniş olmalı və olduğunun aşağısında görünməli
və hətta ümidsizliyə düşməmək şərtilə çox aşağıda olduğuna
inanmalıdır.
Nəticədə, əzəmi təqva, əzəmi zahidlik, əzəmi ixlas və əzəmi
vəlilik ilə düz bir qul olmaq arasında bir ziddiyyət olmadığı
kimi, əksinə bunlar bir-birinin səbəb və nəticələridir. Təqvalı,
zahid, ixlaslı və vəli insan, “görünmə” deyil “olma” insanıdır. O,
qəlbi həyatı etibarilə öndə, davranışları baxımından isə iki addım
geridədir. O görünməyin yolunu kəsib ancaq qəlbinə yol vermişdir.
Dövrümüzün düşüncə qəhrəmanları da qəlb balanslarını bu üfqə görə
düzəltməli, “görünmə”ni tərk edib “olma”ğa doğru hərəkət
etməlidirlər.
|