|
AKADEMİK
LİDERLİK NƏDİR

“Gənc və sərbəst yaşlarımda, xəyallarım sonsuz olanda ətrafımdakı
hər şeyi dəyişdirmək istəyərdim, dünyanı belə. Yaşlanıb
ağıllandıqda, dünyanın dəyişməyəcəyini anladım.
Mən də xəyallarımı azaldaraq sadəcə məmləkətimi dəyişdirməyə qərar
verdim. Ancaq o da dəyişəsi deyildi. Daha da yaşlandıqda artıq son
bir cəhdlə sadəcə ailəmi, mənə yaxın olanları dəyişdirməyi
yoxladım.
Ancaq təəssüf ki, bunu də qəbul etdirə bilmədim. İndi ölüm
döşəyində yatarkən birdən fərq etdim ki, öncə özümü
dəyişdirsəydim, onlara nümunə olaraq ailəmi dəyişdirə bilərdim.
Onlardan alacağım cəsarət və ilhamla məmləkətimi daha da irəli
apara bilərdim.”
Yuxarıdakı ifadələr bir qəbir daşındakı yazıdır və bizə “həyatın
həqiqətini” təsvir edir. Bu gerçəkliklər içində önəmli bir gerçək
vardır: O da “dəyişiklik”dir.
Dəyişikliyin təbiətində dünya ilə birlikdə insanın da dəyişikliyə
laqeyd qala bilməyəcəyi mütləq bir həqiqətdir. Elə bu nöqtədə
insanın yəni fərdin ağıl və məntiq ölçülərini “gerçəklik”
süzgəcindən keçirərək dəyişikliyə əvvəlcə özündən başlaması
lazımdır. Dəyişməyənin ancaq “dəyişiklik” olduğu bir dünyada
hamımız nəyi isə dəyişmək istəyirik. Nələri, nə üçün və kimin üçün
dəyişdirəcəyimizi də bilirik, ancaq heç bir şeyi və heç kimsəni
dəyişdirə bilmərik. Niyə?
Dünyanın bütün insanları tərəfindən sevilən, sayılan, yer üzünün
bütün xalqları tərəfindən təqib edilən, nümunə alınan xüsusilə də
keçmişdəki liderlər, kimisə və ya nəyisə dəyişdirməyin yolunun öz
daxili dünyalarını dəyişdirməkdən keçdiyini çox yaxşı bilirlər.
Onlar siyasətçi deyil, siyasət üstü dövlət adamları, liderlərdir.
Yalnız bir cəmiyyəti deyil, bütün yer üzü insanlarını düşünmüşlər,
bu uğurda mübarizə aparmışlar.
Bir şeyi dəyişdirmək üçün dəyişəcək şeyin əvvəlcə özü olduğunu
bilən insan həqiqi liderdir. Daxili dünyalarını dəyişdirməyən
insanlar başqalarını dəyişdirə bilməzlər. Kiçik insanlar əllərinə
imkan keçdikdə əmr etməyi çox sevər. Əmrlər, itaətlər sanki hamısı
bu insanlar üçün yaradılmışdı.
İş
gördürmənin əmr yolu ilə həyata keçəcəyini zənn edən kiçik adamın
bir xüsusiyyəti də bu yolda gedərkən getdikcə zalımlaşmasıdır.
Zalımlıq edərək itaət gözləyən bir idarəçi zəif xarakterli və aciz
iradəlidir. Kiçik insanların kiçik davranışları da, özlərində olan
ağıl və iradələrinin yenə özləri tərəfindən deyil, başqa
mexanizmlər tərəfindən idarə edilməsini göstərən bir həyəcan
təbilidir.
Danışan insan danışdıqlarını mənliyində yaşamırsa, olmayan bir
ağacın meyvələrini paylayır deməkdir. Kim inanar belə insanın pay
verməsinə?
Dövrümüzdəki bir çox insanın nitqləri buna görə təsirsiz qalır və
cəmiyyətdə buna görə istənilən müsbət dəyişiklik baş vermir.
Hər kəs saxtakarlığın, yalançılığın, vicdansızlığın, eqoizmin,
mərhəmətsizliyin, bahalılığın, darlığın artdığından şikayət
etməkdədir, ancaq bütün bu xüsusiyyətlərə aid xarakter və
xasiyyətlərini heç kim dəyişməməkdədir.
Bu
problemin əsasında dəyişmək istəyimizdə “səmimi” olmamaq
yatmaqdadır. Böyük dəyişikliklərin qığılcımını başladan kiçik
“daxili qığılcımlarımız”ın səmimi və xalis olması çox önəmlidir.
Bütün dahilər tərəfindən nümunə verilən bir məsəl vardır: “Ancaq
könüldən çıxanlar könülə gedər, ağızdan çıxanlar isə bir qulaqdan
girər, digər qulaqdan çıxar.”
|