|
Akademik
BİR KÖNÜL İNSANI
PORTRETİ

Könül insanı üfqü, inancı və davranışları ilə tam bir ruh və məna
qəhrəmanıdır. Onun dərinliyi biliyi və qazandıqları ilə deyil,
könül zənginliyi, ruh saflığı və Haqqa yaxınlığı etibarilədir. Ona
görə bilik üçün meydana atılan elmlərin qiyməti insanı həqiqətə
çatdırmaqdakı rəhbərliyi ölçüsündədir və yenə ona görə varlıq,
əşya və insan həqiqətini anlamağa kömək etməyən məlumatın hələ heç
praktik faydası olmayan nəzəri məlumatların heç bir əhəmiyyəti
yoxdur. Könül insanı qəlbi və ruhi həyata proqramlı, maddi-mənəvi
bütün kirlərdən uzaq durmağa qərarlı, cismi və bədəni istəklərə
qarşı hər zaman oyanıq; kin, nifrət, hərislik, həsəd, məncillik və
şəhvət kimi xəstəliklərlə mübarizə əzmi ilə gərilmiş tamamilə bir
təvazökarlıq abidəsidir. O həmişə haqqı tutub qaldırmaq
əzmindədir; mülk və mələkut aləmi ilə əlaqəli duyub hiss
etdiklərini başqalarına hiss etdirmə arzusuyla yanıb alışan bir
fədakar, bacardığı qədər səbrli və təmkinli; danışıb səs-küy
çıxartmaqdan daha çox inandıqlarını yaşayan, yaşadıqları ilə
başqalarına da nümunə olan bir iman və aksiyon insanıdır. O,
dayanmaq nədir bilmədən davamlı qaçar... Haqqa gedənlərə getməyin
ədəbini öyrədər... daxili aləmi etibarilə hər zaman ocaqlar kimi
çarta-çart yanar və yanarkən də əsla qəm izhar eyləməz; eyləyib
əğyara ahını agah qılmağı düşünməz.. Hər zaman içində yanar və ona
sığınanların ruhlarına hərarət üfürər.
Könül insanının hədəfində həmişə o biri dünyalar tüllənər. O, Haqq
rizasına bağlanmış, davamlı irəliləyən və davamlı məsafələrlə
yan-yana olan elə bir iman insanıdır ki, sevdiyinə çatacağı ana
qədər həmişə bir köhlən kimi qaçar; qaçarkən də hər hansı bir
qarşılıq gözləməz.
Könül insanı elə ürəkdən bir həqiqət əridir ki, oturub qalxıb
davamlı yer üstündə haqqı iqamə etməyi düşünər və onun xətri üçün
rahatlıqla bütün arzularından, istəklərindən keçə bilər. O, hər
kəsə ürəyini açar, hər kəsi şəfqətlə qucaqlayar və cəmiyyətdə
həmişə mühafizə mələyinin rolunu nümayiş etdirər. Allahdan başqa
heç kimdən də heç nə gözləməz. Davranışları etibarilə hər kəslə
ahəng içində olmağa çalışar, heç kimlə münaqişə etməz, heç kimə də
düşmənçilik bəsləməz. Vaxtaşırı öz ictihadları, öz düşüncələri və
öz məsləyinə, məşrəbinə (prinsiplərinə) görə bir qisim şeyləri
üstün tutsa da, qətiyyən başqaları ilə rəqabətə və mübarizəyə
girişməz. Əksinə, dini, ölkəsi, milliyyəti naminə xidmət edən hər
kəsi sevər. Bütün müsbət fəaliyyətlərinə görə hamını alqışlayar...
alqışlayar və həm onların anlayışlarına, həm də durumlarına
hörmətli qalmaq üçün etina, qayğı göstərər.
Könül insanı öz səy və fəaliyyətləri ilə yanaşı Cənabı Haqqın
təvfiq və inayətinə də fövqəladə dərəcədə əhəmiyyət verər.. hər
hərəkətində təvfiqə sahib olma yollarını araşdırar.. Quranda,
Allahın inayətinə vəsilə sayılan birliyə, bərabərliyə qayğı
göstərər... hərəkət cizgisi düz olan hamı ilə müştərək iş görmək
istəyər.. Birlikdə rəhmət və bərəkət olduğunu, ixtilafla bir
yerə gedilməyəcəyini düşünər, ala bildiyi qədər hər kəsin
himmətini alıb həmişə ilahi inayət leysanına hazır olmağa çalışar.
Könül insanı bir Haqq aşiqi və Haqq rizası sevdalısıdır. Harada və
hansı şərtlər altında olursa olsun hərəkətlərini Onun razılığına
bağlayar. Onu məmnun etmə yolunda ölüncə səy göstərər... və belə
bir hədəfə çatmaq üçün də varını fəda edə bilər, dünyəvi-uxrəvi
bütün fikirlərindən daşına bilər. Könül insanının düşüncə
dünyasında “mən etdim”, “mən bacardım”, “mən nəticələndirdim” kimi
mülahizələrin yeri yoxdur. O, yerinə yetirilməli işləri kim edərsə
etsin özü etmiş kimi məmnun olar, onların müvəffəqiyyətini öz
müvəffəqiyyəti sayar və arxalarınca gedər.. öndə getmə şərəf və
payını da onlar üçün tərk edər. İman və insanlığa xidmət yolunda
başqalarının özündən daha bacarıqlı, daha layiq ola biləcəklərini
düşünərək onlara daha rahat hərəkət etmək üçün şərait hazırlayar;
sonra da bir addım geriyə çəkilib, “insanlardan bir insan olaraq”
yoluna davam edər.
Könül insanı hər zaman öz ayıbları ilə məşğul olduğuna görə heç
kimin çatışmamazlıqları ilə maraqlanmaz. Başqaları ilə maraqlanmaq
bir tərəfə, hər fürsətdə yaxşı bir insan olma nümunəsi nümayiş
etdirərək onları daha yüksək üfüqlərə istiqamətləndirər və hamıya
bir misal təşkil edər. İnsanların ayıblarına qüsurlarına göz
yumar.. onların mənfi davranışlarına təbəssümlə qarşılıq verər,
pisliklərini yaxşılıqla qarşılayar və əlli dəfə incidilsə də bir
dəfə də olsun incitməyi düşünməz.
Könül insanı həyatını iman orbitli və ixlas təchizatlı yaşamağı ən
birinci məsələ bilib duyğuları, düşüncələri və davranışları
etibarilə o qədər Haqq rizasına bağlanmış həqiqət əridir ki, bütün
dünya və “masivanı” (Allahdan başqa hər şey) ona versəniz, yenə də
onu qətiyyən hədəfindən qaytara bilməzsiniz. Hətta cənnətlərlə
belə ona yol və istiqamət dəyişməyə məcbur edə bilməzsiniz.
Könül insanı eyni yolda yürüyüb eyni məfkurəni (düşüncələri)
paylaşanlarla əsla rəqabət aparmaz. Onlara qarşı qətiyyən
qısqanclıq etməz. Əksinə, onların nöqsanlarını yox edər,
əskiklərini tamamlayar... və onlara qarşı hərəkətlərində həmişə
bir vücudun üzvlərindən hər hansı bir üzv kimi davranar. Tam ruhu
ilə məqam, mənsəb, şöhrət, nüfuz kimi maddi-mənəvi hər mövzuda
yoldaşlarını qabağa çıxarar və özü ən geriyə gedərək onların
müvəffəqiyyətlərinin dəllalı kimi davranar, məharətlərini
alqışlayar və uğurlarını da bir bayram sevinci ilə qarşılayar.
Könül insanı çox vaxt öz yol və metodlarına bağlı qalıb bütün
fəaliyyətlərini bu cizginin ətrafında aparsa da, başqalarının
düşüncə və hərəkətlərinə həmişə hörmət etməyə çalışar; paylaşmağa,
bərabər yaşamağa razı olar.. oturub qalxıb eyni məfkurə insanları
ilə birgə hərəkət etmə yollarını araşdırar. Başqalarının
xoşbəxliyi uğrunda öz səadətini rahatca fəda edə bilər və bunu
edərkən də heç kimdən təvəccüh ,qarşılıq gözləməz. Hətta belə bir
şey gözləməyi özü üçün bir kiçiklik hesab edər; ilandan qaçar
kimi öndə görünməkdən, addan-sandan qaçar və unudulmaq intizarına
dalar.
Könül insanı heç kimə təcavüz etməz, hücuma hücumla qarşılıq
verməz. Ən çətin vəziyyətdə tədbirli hərəkət edər və nə olursa
olsun bir könül insanı olmağın şərtlərini tamamilə yerinə yetirmək
fikrindən əsla daşınmaz. Hər zaman pisliklərə qarşı yaxşılıqla
qarşılıq verər, pislikləri pislərin işi sayar və bir yaxşılıq
abidəsi kimi davranar.
Könül insanı həyatını Quran və Sünnət cizgisində Haqq dostluğu
(vilayət), təqva və ehsan şüuru çərçivəsində yaşayar. Mənlik,
qürur, şöhrət kimi qəlbi öldürücü hislərlə davamlı mübarizə edər.
Özünə nisbət edilən gözəllikləri “hər şey Ondandır” deyib həqiqi
Sahibinə verər... iradəsi ilə hərəkət etdiyi işlərdə belə hər
zaman “mən”dən qaçar, “biz”ə sığınar.
Könül insanı heç kimdən qorxmaz. Heç bir hadisə qarşısında
həyəcana qapılmaz. “Allaha arxalanar, səy göstərər, təvfiqə ram
olar” və doğru bildiyi şeylərdə geri çəkilməz.
Könül insanı heç kimdən inciməz, Haqqa dilbəstə olanlardan isə
qətiyyən küsməz. Yoldaşlarını hər hansı bir pislik içində görsə
onlardan uzaqlaşmaz.. onları utandırmaz. Utandırmaq bir tərəfə,
belə bir pis iş gördüyü üçün böyük bir xəta işləmiş kimi özünü
qınayar və özünə suallarla müraciət edər.
Könül insanı möminlərin fərqli şərhlərə açıq ola biləcək
davranışlarına görə onlar haqqında sui zənnə girməkdən qaçar,
görüb eşitdiyi şeylər haqda yaxşı danışar və qətiyyən mənfi
mülahizələr söyləməz.
Könül insanı hərəkət və fəaliyyətlərini bu dünyanın bir əmək haqqı
yeri deyil, bir xidmət məhəlləsi olduğu ilə əlaqələndirər. Və hər
zaman məmuru olduğu cavabdehliklərini nizam intizam içində yerinə
yetirər. Nəticə ilə məşğul olmağı isə Haqqa qarşı bir hörmətsizlik
sayar. O, dinə, imana və insanlığa xidməti Haqq rizası yolunda ən
böyük bir vəzifə bilər və nə qədər böyük işlər görsə də nəfsi üçün
maddi-mənəvi heç bir pay çıxarmağı heç düşünməz.
Könül insanı nə nizamın pozulmasından ümidini kəsər, nə də bütün
insanların ona qarşı olduğundan ötrü sarsılar... “bu dünya incimə
dünyası deyil, bir arxalanma aləmidir” deyərək çətinliklərə dözər,
səbr edər, məruz qaldığı vəziyyətdən qurtulmaq üçün də alternativ
çıxış yolları axtarar və ən çətin anlarda belə müxtəlif
strategiyalarla həmişə əzm və səy içində olar. İnsani dəyərlərin
dəyərsiz qaldığı, dini düşüncələrdə incimələrin yaşandığı, hər
tərəf başı boşların gurultuları ilə inlədiyi dövrümüzdə, başqa bir
şeyə deyil, Uca Allahın razı qaldığı könül insanlarına həm də
hava qədər, su qədər ehtiyacımız olduğunu daha bir dəfə
xatırladıb bu fəslə burada nöqtə qoyaq.
|