|
Akademik
ELM VƏ ARAŞDIRMA EŞQİ

Elm və araşdırma eşqi, ilahi isimləri, o isimlər arxasındakı Şəxsi
yaxından tanımaq, tanıyıb yaxınlığına çatmaq və canlı-cansız
qarşılaşılan hər əşyada Ondan əsən mehi duyub hiss etmək naminə
zövqlü, müqəddəs bir arzunun və həyəcanın ünvanıdır. Belə bir
həyəcanı daşıyan kimsə nə gecələrin qaranlığına sataşar, nə də
gündüzlərin gurultuları ilə dağınıqlığa düşər; gecəni ayrı bir
tamaşa üfqü görər, gedəcəyi nöqtəyə gedər; gündüzü də ayrı bir
fürsət fəsli kimi dəyərləndirər və həmişə fəaliyyətdə olar. O,
həqiqətə çatmaq və inayət görməyin zəhmətli bir yolçuluqdan asılı
olduğunu bilir. Məşəqqət və sıxıntıların nəbilər yolunun sərmayəsi
olduğunu çox yaxşı hiss edir. Sabahları və sabahkı nəsilləri
aydınlatmaq üçün gedərkən şamlar kimi əriməli olduğuna ürəkdən
inanmışdır. Ömür tükədər varlığı doğru oxuyub doğru şərh etmə
yolunda... və biliyini mərifətə, mərifətini də “yəqin”ə (Onu
şübhəsiz və qəti tanımaq) çatdırma əzmi ilə dayanmadan qaçar
varlıq şerinin müxtəlif fəsilləri arasında. O, həmişə yeni bir
zirvəyə çıxma yolundadır; üfqü, hədəfi və imkanlarından
fərsahlarla irəlidədir; sürəti və yüksəlişi ən yuxarıda uçanlardan
daha yüksəksir; sərmayəsi bir damcı olduğu vəziyyətdə belə
gözlərində hər zaman geniş dəryaların əzəmətli görüntüləri var;
qanadlarını ümidlə çırpar və bu uzun yolçuluqda bir quruş
sərmayəsi olmasa da, dünyanın xəzinələrini ayaqlarının altında
hiss edirmiş kimi gedər hədəfinə. Bu etibarla da, o, indi nə
durumda olursa olsun daşıdığı bayrağın sabah yüksəlib göylərdə
dalğalanacağından şübhə etmir.
Dünən müasirləri sürünərkən də o, yenə belə idi. Didik-didik
edirdi əşya və hadisələri dincəlməyin nə olduğu bilmədən,
digərləri hər şeyi uzaqdan seyr edərkən o, hər gün yeni təsbitləri
ilə yeriyirdi varlığın özünə və özlərin də özünə doğru. Bir dövrdə
belə qürurla gedərkən niyə birdən birə dayandıq bilmirik, amma bu
gün bizim o möhtəşəm mirasımızı başqalarının sahib olduğu
aşkardır. Bəli, bu dəfə biz dayandıq onlar yeridi; yeridi və kökü
bizə aid olan əsasları dəyərləndirərək necə kəşflərə imza
qoydular. Hər şeyin özünə, əsasına çata bilməsələr də, çağın elm
və texnologiya xariqələrinin arxasında onların olduğu
şübhəsizdir..
Biz uzaq keçmişimiz etibarilə çox parlaq, indi isə zavallılardan
da zavallı bir kimsə olmağımıza müqabil; onlar, o qaranlıq
keçmişlərindən intiqam alırmış kimi əllərində elm məşələsi bizdən
çox öndədir və insana dəyər verməkdə olmasa da, elm və
araşdırmadakı yüksəlişləri ilə lovğalanırlar. Bizə nə oldu ki, bu
qədər arxada qaldıq. Axı çox möhkəm bir keçmişimiz, güclü və
həmişə etibarlı dinamiklərimiz, elmi və araşdırmanı ibadət sayan
bir dinimiz vardı, bu baxımdan da, nə elmlərə, nə də varlıq və
hadisələrə heç də yad deyildik. Ancaq necə isə cəhalətə,
tənbəlliyə yenildik, sonra isə bizi məhv edən təqlidçiliyə ilişib
qaldıq.
Nə
günlər idi, biz özümüz idik, bütün araşdırmalarımız da bizim idi.
İbadət sayardıq düşünməyi, araşdırmağı və öyrətməyi. Azad
düşüncəli və haqqa çatmaq əzmi ilə gərilən minlərlə elm aşiqi
şəhid vermişdik. Hər sahədə fəal idik. Haqqın kainat kitabındakı
şifrələrini həll etmək yolunda yarışardıq.
İlk Müsəlmanlar yer üzündə İslamiyyəti nəşr edərkən bir tərəfdən
bütün himmətləri ilə könülləri ziyalandırmağa çalışar və insanlara
o dövrdə hakim olan istibdadlardan uzaqlaşma yollarını göstərər,
digər tərəfdən isə olduqları hər cəmiyyətə yeni bir elm anlayışı,
təfəkkür tərzi və araşdırma üsulu təqdim edərdilər. İslamın
zühurundan bir əsr keçməmişdi ki, fironluqlar dağılıb getdi və hər
bucaqda haqq və ədalətin bayrağı dalğalanmağa başladı.
Bütpərəstliyin yerinə tövhid düşüncəsi və Allaha qulluq keçərkən
təqlidçiliyin əvəzinə isə elm və araşdırma arzusu hakim olmuşdu.
O
gün hər elm, elm qəbul edilir və hamısı da bu eşq və arzudan
nəsibini alırdı. Bir tərəfdə alət və bəlağət elmləri, təfsir,
hədis, fiqh, usuli hədis və usuli din kimi elmlər yeni bir dini
sistemin, bir həyat fəlsəfəsinin və axirət mülahizəsinin dili kimi
meydana çıxarkən, digər tərəfdən də riyaziyyat, həndəsə, kimya,
tibb, astronomiya, kənd təsərrüfatı və şəhərsalma... kimi bir çox
fənn həmin günlərə qədər yaxşı tanınmayan fərqli bir çərçivədə
yenidən icad edilirdi. O dövr üçün bu elm sahələrinin hamısında
araşdırma sevdalısı bir xeyli mütəfəkkir və filosof göstərmək
mümkündür: Muhamməd b. Zəkəriyya ər-Razidən (doğuş ili - 864)
Kufəli Cabirə (d. 815), Fərabidən (d.870) İbni Sinaya (d.980),
Fəzaridən (d.796) Bəttaniyə (d.858), İbn Yunusdan (d.950)
Zəhraviyə (d.936), Qəzzalidən (d.1058) İbn Rüşdə (d.1126) qədər
daha yüzlərlə dahi... bizim burada işarə etdiklərimiz, kimya,
riyaziyyat, həndəsə, tibb, astronomiya, musiqi, fiqh, usuli fiqh,
təsəvvüf.. kimi elm sahələrində sistem qoyan alim, mütəfəkkir,
filosof və kaşiflərdən sadəcə bir neçəsidir. Bunların insanlara
ərməğan etdikləri əsərlər çağları aşacaq keyfiyyətdə və Qərb
Renesansına rəhbərlik edəcək mahiyyətdədir. Bunun belə olduğu
bəziləri qəbul etməsə də, elm dünyası bu mövzuda fərqli
düşünməkdədir.
Bir az araşdırılsa görərik ki, o dövrün elm aşiqlərinin
araşdırmaları hal-hazırda qəbul edilmiş kəşflərin ya eynisi, ya da
çox yaxın nəticələridir. Elə buna görə də hələ Qərb dünyasında elm
yönü ilə qaranlıq dönəm olduğu halda, yeni parıldayan İslam
dünyasındakı Fəzari, Bəttani, Cabir kimi alimlərin əsərləri müasir
elmin inkişaf etməsinə işıq salmışdır. Ay və günəş tutulmalarının
dövri olduğunu təsbit edən məşhur Ali bin Yunus ilə dahi
Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusi, “Zici İlxani”si ilə zamanı
ölçən, ulduzların yerlərini müəyyən edən və saatlarda rəqqas
tətbiqini həyata keçirən o əsrlərin ən şanlı astonomlarıdırlar.
Bu
elm aşiqləri bizim dünyamızda çox tanınmasalar da, Qərbin münsif
elm dünyası bu insanları həm yaxşı tanıyır, həm də onların bir
rəhbər olduqlarını qəbul edirlər. Elm adamları Lablasın İbn Yunus
və Battaninin müşahidələrindən yararlandığını söyləyirlər. Qərb
dünyası əsrlərlə İbn Yunus və Battaninin sistemlərindən istifadə
etmiş, universitetlərində İbn Rüşdün fəlsəfəsini, İbni Sina və
Razinin tibb kitablarını tədris etmiş, Zəhravinin cərrah
üsullarını tətbiq etmişlər. Göz anatomiyası ilə əlaqəli köhnə
düşüncələri yıxaraq onların yerinə çağdaş bilgilərə çox yaxın
təsbitləri olan əl-Hazini elm dünyasında tanımayan yoxdur.
Müsəlmanlardakı bu elm və araşdırma eşqi, yalnız yuxarıda
söylədiklərimizlə qurtarmır; onlar, ədəbiyyatdan digər sənət
sahələrinə, kənd təsərrüfatından bağbanlığa, suvarma üsullarından
meyvə peyvəndinə qədər o dövrdə bilinməyən bir çox mövzunun
rəhbərləri olmuşlar. Dünyanın Yunan mifologiyası ilə ovunduğu
vaxtda Şərq öz zəngin üslubu ilə Qərbi sanki tilsimləmişdir.
Avropa millətlərinə Şərq mədəniyyətini ilk dəfə Əndülüs
Müsəlmanları təqdim etmişdilər. Bağ-bağça dizaynı, şəlalələr və s.
ilə avropalılara yeni bir mədəniyyət bəxş etmişdilər.
İlk Müsəlmanların elm öyrənmə, araşdırma və öyrətmə eşqi o qədər
güclü idi ki, dünyanı bu araşdırmaları ilə sanki bir cənnət
dəhlizi halına çevirmişdilər. Ancaq müasir dövrə yaxınlaşarkən bu
arzu get-gedə söndü. O beyin fırtınaları dayandı və hər şey
tərsinə çevrildi. Elə bil bu millətdə öldürücü bir yorğunluq
yaşanmağa başladı. Keçmişdə cahil olub və bizim gözümüzə baxan
cəmiyyətlər indi elmi səviyyələri, araşdırma ciddiyyətləri, maddi
tərəqqi və texnoloji üstünlükləri ilə bizə meydan oxumağa
başladılar. Görəsən bu nöqtəyə necə gəldilər? Bütün dünyaya
göstərdikləri gücü necə qazandılar? Bütün bunların bir qısa cavabı
var: Dünən bizim keçdiyimiz yollardan keçərək..!
Bu
etibarla bizə və bütün təhsil verənlərə yalnız insanlarda
soylarını tanıma həqiqətini oyandırmaq və bir də onları araşdırma
əzm və arzusu ilə şahlandırmaq qalır. Ancaq belə bir şeyi bacarmaq
üçün özünü haqqa həsr etmiş qərəzsiz, əvəzsiz və heç bir qayğı
qarşısında sarsılmayacaq qədər ürəkli insanlara ehtiyac olduğu bir
həqiqətdir. Onların şəxsi, ailəvi, siyasi və iqtisadi hər hansı
bir mənfəət mülahizəsi olmadığı kimi hər cür bəşəri ehtiraslardan
da uzaq olmalıdırlar.
|