Qonaq Dəftəri

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: AKADEMİK ::

Ana Səhifə

Akademik

 
 
 
 
 
 

 

Akademik

ELM

Dövrümüzdə elmi inkişaf indiyədək görülməyən bir sürət və səviyyəyə çatdı və çağımız sanki bir sürprizlər çağı halına gəldi. Deyə bilərik ki; bu son 15-20 ildə elmin bəşəriyyətə ərməğan etdiyi yeni icad və kəşflər, əvvəlki dövrlərə aid bütün icad və kəşflərdən daha çox olmuşdur. Elə bir gün keçmir ki, mikro aləmdən makro aləmə qədər çox geniş bir sahədə, xeyli yeni-yeni şeylər ortaya çıxmasın və varlığa aid bir yığın məchul və qaranlıq nöqtələr aydınlığa qovuşmasın. Atomlar aləmindən nebulyarlara, canlılar aləmindən insan orqanizminə, texnologiya və elektronikadan lazerə qədər saysız kəşf və təsbitlərin hər gün, qəzet və məcmuələr vasitəsilə dünyanın dörd bir bucağına yayıldığını eşidir, ya sevinir yaxud qorxu və təlaşa qapılırıq.

Bu sürət və templə inkişaf edən elm və texnologiyanın, çox yaxın bir gələcəkdə, tamamilə qənaət, düşüncə və elm anlayışına təsir edə biləcək, yeni kəşflər ortaya çıxaracağı da göz önündə tutulmalıdır. Yaxın keçmişə baxdıqda, dünəndən bu günə çox şeyin dəyişdiyini görərik. Hələ dünənə qədər hamının dəyişməz qəbul etdiyi Qalileyin ətalət qanunu, Nyutonun cazibə qanunlarının əvəzinə “relativizm” meydana çıxması ilə bu qanunlar bir nəzəriyyə halına gəldilər. Maddənin, hər şeyin əsası olmadığı görüşü, bir xeyli vaxtdır ki, hər kəsin şübhə ilə yanaşdığı mövzu olmuşdu. Bu gün isə artıq maddə qədər, maddə arxası şeylərin özünə xas cizgidə, araşdırıcının perspektivinə girdiyini görürük. Elə anlaşılır ki, yaxın gələcəkdə maddə qədər antimaddə, atom qədər antiatom da elm məkanlarının incələmə mövzusu olacaq və fizikanın öyrənildiyi hər yerdə metafizikadan da bəhs ediləcəkdir.

Elm, “duyğu orqanlarımız”la qavranan əşyalarla məşğul olur. Bundan kənarda qalan digər həqiqətləri isə təcrübələrə arxalanaraq əldə edilmiş nəticələrin işığı altında izah etməyə çalışır. Hissiyatla təsbit edilə bilməyən, doğruluğu isbat edilməyən biliyə isə - elmi metodologiya ilə, həqiqət olduğu müəyyən edilənə qədər elm ona öz içində yer vermir. Məsələn, gözlə gördüyümüz şeylərin keyfiyyəti bir tərəfə, onların sabit bir həqiqət olduğuna heç kim şübhə ilə baxmır. Bununla yanaşı qulaqlarımızla eşitdiyimiz, toxunaraq hiss etdiyimiz və digər duyğu orqanlarımıza xas olan eşyalar üçün də eyni şeyləri düşünmək olar. Duyğu orqanlarımızla sezə bilmədiyimiz “maqnit” və “elektronika” sahələrinin varlığını isə kompas və buna bənzər digər alətlərlə təsbit etməyə çalışırıq. Elm, bu gün əldə etdiyi alət və vasitələrlə, ancaq bu qədər təsbit edə bilir, “elektrik”, “maqnit” və “ağırlıq-cazibə” sahələrindən kənara çıxa bilmir. Bu sahələrin mövcudiyyət və keyfiyyətini isbat edən alət və vasitələr kəşf edildikcə, bunlar da elmin araşdırma mövzusu içinə daxil olmaqdadır.

Bu etibarla dövrümüzdə, elmin hər şeyi əhatə etdiyini və gedib ən son hədəfə çatdığını iddia etmək böyük bir yanlışlıq olardı. Əslində bu gün, elmin tapa bildiyi kəşf və icadlara baxdıqda, bildiklərimizin, bilmədiklərimizin yanında “heç” deyilə biləcək qədər az olduğunu görərik. Bunun əksini iddia etmək isə həm reallığa uyğun deyil, həm də mövcud olanla kifayətlənmək kimi zəif bir hərəkətdir. Hər dövrdə, elmin nailiyyətlərini axırıncı hədəf kimi qəbul edənlər, belə düşünməklə elmi araşdırmaların yolunu kəsmiş və mədəniyyət həyatının simasını qaraltmışlar.

Onun üçün biz, bu günə qədər öyrənib bildiklərimizin, yenidən tədqiq edilməsini, keçmiş biliyimizin, yeni kəşflərin işığı altında təkrarən nəzərdən keçirilməsini; həm yanlışların düzəldilməsi, həm də mövcud tıxanmaların açılması baxımından zəruridir.

Bəli, yenidən səma və yer kürəsinin ümumi vəziyyəti; bir-biri ilə olan münasibətləri; gecə və gündüzün müntəzəm şəkildə bir-birini izləməsi; canlı cansız varlıqların öz dünyaları daxilindəki xüsusiyyətləri; insan və heyvan orqanizminin hərəkət, funksiya, hədəf və məqsədləri, nəhayət torpaq su, bunların tərkibləri və canlılarla olan münasibətləri mütləq yenidən nəzərdən keçirilməli və müasir üsullarla təhlil edilməlidir. Ancaq belə, elmi araşdırma üsullarına görə isbat edilməyən nəzəriyyələrə, yanlış yollarla meydana gələn qaydalara yenidən baxılacaq və yanlışlar düzəldilməyə çalışılacaqdır.

Bir elm adamı üçün, üsuluna görə araşdırmaq, elmin heysiyyatına hörmət etməyi ifadə etməkdədir. Elmlə məşğul olduğunu düşünüb isbat edilməmiş fərziyyələrlə, elm yuvalarını narahat edənlər, həm kütlələri aldatmış, həm də elmin heysiyyatı ilə oynamış olurlar.

Ən sadə şəkli ilə elmi bir araşdırmada üsul belədir: Əvvəla mövzu müəyyən edilir, öyrənmək istənilən şey açıq aşkar bilinir; sonra o mövzuda, olan araşdırmaların nəticələri nəzərdən keçirilir; daha sonra toplanmiş bu məlumatlardan çıxarılan nəticələr müəyyənləşdirilir; bu təcrübələrlə nail olunmuş nəticələrin doğru olub olmadığı dəqiqləşdirmək üçün, yenidən sınaqlardan keçirilir; bu sınaqlarla, meydana çıxan nəzəriyyənin doğru olmadığı görülsə, yenidən başdan başlanaraq başqa araşdırmalar aparılır; məlumatlar toplanır və keçmiş təzə məlumatlar bir yerə yığılıb bu məlumatların işığında nəzəriyyəyə yeni forma verilir. Beləliklə, təcrübələrlə həqiqət olduğu anlaşılanlar qeyd edilir; sonra da ümumiləşdirməsi araşdırılır. Əgər ümumiləşdiriləcəksə, onunla bənzər hadisələr arasındakı münasibətlər dəyərləndirilir və bir bütün halına gətirilir.

Müasir metodologiyanın da mənimsədiyi bu araşdırma üsulu, elmi təsbitlər üçün “obyektiv” bir üsuldur. Belə ki, bu cür üsul ilə araşdırma aparılmasa, bir şeyin doğru və sabit olduğunu iddia etmək və ona zidd olan şeyləri də inkar etmək, qətiyyən elmi deyil. Zənn və gümanlara bina edilərək irəli sürülən düşüncələr, sadəcə bir nəzəriyyə və bu nəzəriyyələrə əsaslanaraq meydana çıxan ümumi qaydalar isə bir aldatmadır. Bu cür zənn və gümanlarla elmi həqiqətlərə nail olunmayacağı kimi, bunlara əsaslanaraq, müşahidə və ya sağlam xəbərlərlə təsdiq edilmiş yaxud üsuluna görə isbat edilmiş həqiqətlər də inkar edilə bilməz.

 

 

 

 

     

© 2005 Bütün Haqları Qorunur - Akademiya.Net