Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: AKADEMİK ::

Ana Səhifə

Arxiv

 
 
 
 
 
 

 

Akademik

DUA ZAMANI

Ey Rəbb! Sənin dualara yanaşma məcburiyyətin yoxdur; ancaq bizə ona ehtiyacımız, hiss etdiklərimizdən də çoxdur. Bütün diləklərimizi qəbul buyur və bunun qəbulunu vicdanlarımıza bildir; ac və yalnızlıqla tir-tir titrəyən qəlblərimizi iman və əminliklə doydur. Uzun bir yol getmiş sayılmasaq da illərdir ki, elə hey yollardayıq. Üfqümüz qəm və kədərlə tüllənir. Önümüzdəki maneələr bəşər taqətindən artıq görünür. Ümməti Məhəmməd (aleyhissalatu vəssalam) pərişandır, dərbədərdir və izdirab içindədir. Müsəlmanlıq adət və ənənələrin darlığına məhkum olub.. ibadət və itaət mədəniyyət rəngində.. duyğular, düşüncələr fantaziyalara əmanət.. mücadilələrin əsası da mənfəətlər və irqi mülahizələr olub. Ölənlər bir heç uğruna ölür, öldürənlər işlədikləri cinayəti mücahidlik sayır.

Ey Rəbb! Əlimizdən tut, dostlarının üzünə baxdığın kimi bizə də rəhmətinlə təvəccüh et.. daxili aləmimizi varlığının ziyası ilə nurlandır və bizi Sənsizliyin zülmətlərindən, zindanlarından xilas eylə; xilas eylə və eşiyinə baş qoymuş qapının bu sadiq qullarını yalnız qoyma. Səndən qəlblərimizə işıq, iradələrimizə güc, düşüncələrimizə istiqamət, niyyətlərimizə də xalislik istəyirik. Bizi daxili dünyamızla yenidən inşa edərək ruhlarımıza ahsəni taqvim (ən gözəl məqam, şəkil) sirrini hiss etdir.

Rəhmət sənin sifətin, inayət (yardım, lütf) adətin, əfv şanındır; biz də o rəhmət, o inayət və o məğfirətə möhtac qullarınıq.

Sənin qapının genişliyi başımızı qoyacaq başqa qapı axtarmağa ehtiyacı hasil olmamışdır. Başımızı o qapıdan içəri qoya bildiyimiz qədər qoyur, səsimizi ədəb və təmkinlə kalibr edir və Səndən xarab olmayan ibadət və itaət naminə bir güc, günahlar qarşısında sarsılmayacaq möhkəm bir iradə və müsibətləri yaxşı dəyərləndirə biləcək bir idrak və bir bəsirət istəyirik. İstədiklərimizi ver və bizi öz darlığımıza məhkum etmə.

Biz hər şeyimizlə Səninik; Sənə həmd və səna ediriksə, Sənin lütf etdiyiniz bədən üzvlərimizlə bunu edirik; qulluğuna gəliriksə, boynumuzdakı acizlik və fəqirlik xaltasının lazımını yerinə yetiririk. Bunlar Sənə görə deyil, bizim qeyri-sabitliyimiz çərçivəsində olan çırpınışlardır. Yoxsa, harada Sənin ululuq və əzəmətin, harada bizim qulluğumuz? Harada o möhtəşəm lütf və ehsanlar, harada bizdəki o qırıq qol və qanadlar?..

Ya Rəbb! Önümüzdəki bu çox uzun həyat yolçuluğunda, bizi öz idrak və zənlərimizin darlığı ilə yalnız qoyma; ağlımızı dönmə və büdrəmələrdən, nəfsimizi cismaniliyin təzyiqindən, könlümüzü də istək və həvəslərin öldürücü oxlarından mühafizə eylə.Qapının qullarını; elmdə kibir və qürurdan, ibadətdə riyadan və duyğularını rəngsizləşdirən ülfətdən qoru. Sənin yolunda gedir kimi görünüb Səndən uzaqlaşmaq, qürbət (yaxınlıq) atmosferində iç-içə firqət (ayrılıq) yaşamaq, həmişə rizadan bəhs edib qəzəbin ardından getmək nə ağrılıdır! Sən bizi qazanc yolu zənn edilən bu cür heybət (məhrumluq) vadilərində ömür tükətməkdən mühafizə buyur.

Rəbbimiz! Sənin bizə sahib çıxıb qorumağın, yıxılanda qaldırmağın, kirlənən insani mahiyyətimizi tez-tez yuyub təmizləməyin Zatın üçün bir əskiklik sayılmamaqla yanaşı bizim üçün çox şey ifadə etməkdədir. Lakin günah günahdır və cəzaya layiqdir. Biz də elə bir günahın əli qandallı məhkumları sayıla bilərik. Ancaq Sən, əzab edəcək çox kimsə tapa bilərsən; fəqət biz əfv edəcək kimsəni əsla tapa bilmərik. Ey əfvi cəzalandırmağından öndə olan rəhmət taxtının sultanı! Bizi məchula və tapılmayana tərk edərək əzab vermə. Əgər bir zaman Səndən qaçıb - əslində qaçılmazdan qaçmışıq – ağla gəlməyən pisliyə batdıqsa, mahiyyət deformasiyası yaşadıqsa, həddimizi bilməyib Sənə üsyan etdiksə, istək və nəfislərimizə tabe olub kirləndiksə və özümüzə qıydıqsa – ki bu ahsəni taqvim könül alanları üçün bir intihar sayılar – indi min bir çarəsizlik içindəyik, amma ehtiyaclarımızın şüurunda olaraq boynumuzda hakimiyyətinin xaltaları, ayaqlarımızda çarəsizlik qandalları, əllərimiz sinəmizdə günahlarımızı etiraf edir, bir kərə daha qapının qulları olduğumuzu mırıldanır, “mərhəmət” deyib inləyir və ululuğuna yaraşan bir münasibət gözləyirik.

Bizi bağışla, elə bir dünyada həyata gözlərimizi açdıq və elə bir aləmdə yaşayırıq ki, qarşımızda pusqu, arxamızda pusqu; gedib keçdiyimiz hər yerdə nəfis, şeytan və eyni komandadan minlərlə ifrit torunu çəkib ov gözləyir; yol boyu yüzlərlə fitnə ocağı var və tüstüsü gəlib sinələrimizə çökür. İnayətinə ehtiyacımız açıqdır, çarəsizliyimiz hər halımızdan görünür. Bizi yaralanmadan hədəfə ancaq Sən çatdıra bilər və bu günə qədər əlli dəfə çatlamış, qırılmış ruh dünyamızı da ancaq Sən təmir edə bilərsən. Dərdimizi Sənə söyləyir, qüsurlarımızı Sənə açır və bizə yenidən insan olma yollarını göstərməyini diləyirik.

Yeni bir əzm və ümidlə bir kərə daha Sənə yönəldik. Başımızı ayaqlarımızla birləşdirdik və uzun bir müddət gözləməyə başladıq. Arzu və istəklərimizdə bizə inkisar (inciklik) yaşatma! Bizə sevgindən kasalarla şərbət təqdim et və könüllərimizi iştiyaqınla (çox istəmək) coşdur! Sinələrimizə elə bir eşq və şövq qoru saç ki, qalmasın qərarımız. Başımız mübarək qapının eşiyində, nəbzlərimizdə Səni duymanın həyəcanı, könüllərimizdə eşq və vüslat sıxıntısı olsun. Gözlərimiz çağlayıb getsin və fəğanlarımız göyləri titrətsin.

Bundan sonra olsun, artıq oturub qalxıb Səni düşünək.. hər şeyi Səninlə əlaqələndirib elə sevək.. qovuşma xülyaları ilə yaşayıb Sənə qarşı iştiyaqla dolaq. Sənin üçün qiyam edib Sənin üçün oturaq.. hər şeyin çöhrəsində Səni oxuyaq; hər əşyadan Sənə aparan yollar tapmağa çalışaq.

Bu günə qədər başqa xülyalar ardından qaça-qaça yorulduq. Sənsizlik canımızı aldı.. məgər mülahizələrdə Sən olmadıqda ən geniş yollar nə qədər də daralırmış..

Sən artıq, bizə bir daha qürbət yaşatma; bizi Sənsiz və işıqsız qoyma! Sənin yolunda kimiyik; ömür sərmayəmiz yad xəyallar, yalançı röyalar arxasında məhv olub getdi. Hüzurundayıq; fəqət əlimiz boş, könlümüz boş, hasənat dəftərimiz bomboş; ancaq bütün bu boşluqlara kifayət edən sehirli bir iksirimiz var; haqqındakı hüsnü zənnimiz.. bəli, günahlarımız dağlar böyüklüyündədir; ümidlərimiz isə üfqün üzərində olduğu hər şeyin üstündədir.

Gedəcəyimiz yollarda yüzlərlə Firon, yüzlərlə Nemrud, yüzlərlə Əbu Cəhil pusqu qurub bizi gözləyir; nə qədər dişlərini itiləyirlərsə itiləsinlər, hamısını məğlub edəcək Sən varsan! Acizliyimiz mütləq, fəqirliyimiz aşkar, ehtiyaclarımız tükənməzdir, ancaq heç bir narahatçılığımız yoxdur. Çünki, istəmədən verdiklərinə, etdiklərinə baxır, istəklərimizin veriləcəyinə, ehtiyaclarımızın qarşılanacağına könüldən inanırıq.

Səni bilənlərə görə Sən, bu günə qədər – təbii ki hikmətinin çərçivəsində - hər istəyənə istədiyini verdin və Sənə arxalananları heç bir zaman xəyal qırıqlığı ilə qarşılaşdırmadın. Sənə tərəf bir addım atanı on qatı ilə yaxınlığınla şərəfləndirdin. Sənə gələrkən yolda sürüşüb yıxılanları, yolunun dəlisi kimi sadiq bəndələrin kimi təmizləyib mükafatlandırdın. İndiyə kimi Sənə qonaq olub da ziyafət görməmiş, qapını döyüb də cavab almamış heç kim yoxdur.

Möhtaclar və çarəsizlər olaraq indiyə qədər bir xeyli yol gəldik, bir xeyli qapı döydük və nəhayət gəlib Sənin inayət sahənə çadır qurduq. Sən, ehtiyac nədir bilmədiyimiz, çarəsizliyi anlamadığımız bir aləmdə bizə vücud verdin, can verdin, şüur verdin, vicdan verdin. İndi qarşılanmış olan bu ehtiyaclarımızın fərqindəyik və Səndən bir kərə daha günahlarımıza deyil, üzümüzə baxıb “Gəlin siz də seçilmiş qullarımın arasına girin və lütflərimi bölüşün” deyəcəyin şərəfli saatı gözləyirik.

Rəhmətinə sığınarkən, lütfündən ehsanlar gözləyərkən, kirlətdiyimiz üstümüzə-başımıza, könlümüzə-ruhumuza baxmayır; Sənin hər necə isə, uzun müddət ilişib yollarda qaldıqdan, ya da yolda olmanın qaydalarına hörmətsizlik etdikdən sonra, yığışıb Sənə gələnə göstərdiyin və ya göstərəcəyin müqəddəs məmnuniyyət və münəzzəh sevincə arxalanaraq eyni davranışı gözləmə cürətindəyik.

Bir müddət ayrı düşdükdən sonra qayıdıb Sənə gələnləri qovmayacağını vəd edirsən – Əslində qovduğunu da heç eşitmədik – Sənə yönələnlərə həmişə “Gəlin, Gəlin!” deyirsən. Ey Rəbb! Belə iməkləyə-iməkləyə sürünməyi də gəlmək qəbul edərsənsə, icazə ver “Biz də gəldik” deyək. Gəldik və Sənə yolların amansızlığını, nəfis, şeytan və istəklərin imansızlığını, bizim də dərmansızlığımızı şikayət edirik. Xüsusilə hər zaman xəta edə bilən, günahlara meyl edən və ululuğuna qarşı həmişə hörmətsiz davranan sərkeş nəfsimizi Sənə şikayət edirik. Yığınlar, onun zəhərli xəncəri ilə yaralı və bitkin, həmişə sükanındadırlar; işləri oyun və əyləncə, halları qəflət və dəlalət, ardınca qaçdıqları şan-şöhrət, zövq və səfadır, hədəfləri də gəlir və mənfəət. Hər birini bir öldürücü virus qəbul etdiyimiz bu mikroblar indiyə qədər necə gül üzlü sultanları, necə xanları və xaqanları yerə sərdi və səltənətləri ilə birlikdə darmadağın etdi.

Sən əlimizdən tutmasan, bu qəddar düşmənlər qarşısında öz-özümüzə ayaq üstə dura bilmərik. Əksinə nəzdində olsaq, onda heç nədən qorxmarıq. Bizi şeytanın bunun kimi torlarına ilişib həlak olmaqdan, qəlbimizi şeytana qapdırmaqdan, şeytana qəlbini qapdıranlarla birlikdə olmaqdan mühafizə buyur. Bizə yeni bir “basü badəl məvt” (ölümdən sonra diriliş) lütf eylə; başlarımız önümüzdə, boynumuzu buruq, könüllərimiz qırıqdır, Səndən ayrı düşməyin xəcaləti ilə iki buruğuq amma fövqəladə ümidli və Səndən əminik. Bizi bir daha yalnız qoymamanı diləyirik. Peşmanlıqlarımızı könül həyəcanlarımız və göz yaşlarımıza əmanət edərək bizə ruhda, könüldə, sirdə diriliş bəxş etməyini diləyirik. Qəbul edərsənsə bu Sənin şanındandır. Rədd edərsənsə bu da bizim üçün aşkar bir xüsrandır. Şanına düşəni etmək nə xoşdur! Layiq olduğumuza görə davranışın nə ağırdır!..

 

 

 

     

© 2005 Bütün Haqları Qorunur - Akademiya.Net