Mendeleyevin dövri cədvəlində olan kimyəvi elementlərin əsas hissəsi 19-cu və 20-ci əsrlərdə kəşf olunmuşdur. Bu onunla izah olunur ki, elementlərin əksəriyyətinə çox nadirən təbii hallarda rast gəlinir. Onları aşkar etmək üçün (və ya almaq üçün) texnikanın lazımi səviyyədə inkişafı əhəmiyyətlidir. Hər elementin öz kəşf tarixi var. Ən maraqlı kəşf tarixi olan elemetlərdən biri də heliumdur. Belə ki, 1930-cu illərə kimi alimlər kainatda yerdə olmayan elementlərin ola biləcəyi fikrini hələ tamamilə mənimsəməmişdilər. Əgər bu nəzəriyyənin doğruluğu isbat olunsaydı, müasir elmin əsas prinsiplərindən biri haqqında şübhə oyanmış olardı. Elmdə əsas qəbul olunan Kopernik qanununa əsasən keçmişdə mövcud olan bütün təbiət qanunları, indiki zamanda da kainatın hər nöqtəsində qüvvədə olur.
Heliumun kəşf tarixində açar rolunu Norman Lokyer oynamışdı. Norman Lokyer dünyada məşhur elm jurnallarından biri olan “Nature” (Təbiət) jurnalının banisidir. Jurnalın yeni nömrəsinin buraxılışı zamanı o, bir London elmi təşkilatı ilə tanış olmuş və astronomiya ilə yaxından maraqlanmışdı. Bu o zaman baş vermişdi ki, Kirxhof-Bunzen kəşfi ilə həvəslənən astronomlar təzəcə ulduzdan gələn işıq spektrlərini öyrənməyə başlamışdı. Lokyer özü də bəzi kəşfləri etməyə nail olmuşdu – xüsusilə, ilk dəfə o, günəş ləkələrinin günəşin digər səthinə görə daha soyuq olduğunu göstərmişdi. Eləcə də ilk dəfə o, günəşin xarici örtüyünün olduğunu göstərmiş və onu xromosfer adlandırmışdı. 1868-ci ildə protuberansda (günəş səthi üzərində gözərmiş qaz kütlələri) atomların saçdığı işığı tədqiq edərkən Lokyer, əvvəllər məlum olmayan spektr xətlərini müşahidə etdi. Eyni bu cür spektr xətlərini laboratoriyada təcrübələrlə əldə etmə cəhdləri uğursuz alındı. Bununla da Lokyer nəticə çıxardı ki, o, yeni kimyəvi element tapıb. Lokyer onu yunan dilindəki helios (günəş) sözü ilə helium adlandırdı.
Alimlər heliumun meydana gəlməsinə necə münasibət göstərəcəklərini anlaya bilmirdi. Alimlərin bir qismi düşünürdü ki, protuberansdakı spektrlərin analizi zamanı səhvə yol verilmişdi. Bu fikrin tərəfdarı çox az idi, çünki əksər alimlər bu spektr xətlərini müşahidə edə bilmişdi. İkinci qisim alimlər, Günəşdə olan bəzi elementlərin yerdə olmadığı qənaətinə varmışdı. Bu da təbiət qanunları haqqında əsas düşüncəyə əks düşüncə idi. Çox az olan üçüncü qisim alimlər isə nə vaxtsa Yer kürəsində də heliumun tapılacağını güman edirdilər.
1890-cı illərin sonlarında lord Reley və ser Uilyam Ramzay arqonun kəşfinə gətirib çıxaran bir sıra təcrübə apardılar. Ramzay urantərkibli mineralların ayırdığı qazları tədqiq etmək üçün öz qurğusunu dəyişdirdi. Bu qazların spektrlərində Ramzay naməlum xətlər aşkar etdi və təhlil etmək üçün bir neçə həmkarına göndərdi. Nümunəni alan kimi Lokyer dərhal 30 ildən bundan qabaq Günəş işığında gördüyü bu xətləri tanıdı. Helium məsələsi həll olundu. Bu qaz əlbəttə Günəşdə idi, ancaq yerdə də mövcud idi. Müasir dövrdə bu qaz, adi həyatda bizə dirijabl (hava gəmisi) və hava şarlarını doldurmaq üçün istifadə olunan qaz kimi tanışdır. Elmdə isə helium, krioqenikadakı (aviasiya) istifadəsinə və texnologiyada ən aşağı temperaturun alınmasına görə məşhurdur.
Mənbə
- Elementy Jurnalı - Rusiya